Məqalələr

Zülmdən qorxun!

Ən böyük zülm — bu Allaha şərik qoşmaqdır!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zülmdən qorxun! Zülm qiyamət günü zülümət olacaqdır” (Muslim №2578)

Əs-Səadi təfsirdə demişdir: «Qeyd etmək lazımdır ki, zülmkarlıq üç növ olur:

1. Ən böyük zülm — bu Allaha şərik qoşmaqdır;

2. Qulun Onun qarşısında öz vəzifələrini yerinə yetirdiyi zaman etdiyi zülm;

3. Qulun başqa məxluqlara qarşı etdiyi zülm.

Allaha şərik qoşma ancaq səmimi tövbədən sonra bağışlana bilər. Başqa məxluqlara zülmkar münasibətə görə insan hökmən ədalətli əvəzini alacaqdır.

Qulun Allah qarşısında öz vəzifələrini yerinə yetirərkən yol verdiyi zülmkarlığa görə əvəz isə Qüdrətli Rəbbin İstəyi və Müdrikliyindən asılıdır”.

Fikir ver, ən böyük zülm olan şirki Allah səmimi tövbədən sonra bağışlaya bilər. Böyük günahları da istədiyi kəsə bağışlayar. Bu üç zülmdən bir növü isə bağışlamır — qul haqqı.

Böyük günah işləyənin əvəzi Allahın İstəyi və Müdrikliyi ilə bağlıdır. Lakin qulların haqqına girən insan Allah Müdrikliyindən, Adilliyindən və Mərhəmətindən* yana bağışlamaq istəmir.

Demək ki, zülmün bu növünün bağışlanması yolu — haqqına girdiyin kəsdən halallıq almaqdır. Daha asan yol isə heç kimin haqqına girməməkdir.


* Allahın Mərhəmətindəndir ki, qullarına qarşı haqsızlığı istəməz. Allahın Ədalətindəndir ki, haqsızlığı cəzasız qoymaz. Allahın Müdrikliyindəndir ki, insanların arasını düzəltmək üçün, onların bir-birinə yaxşı münasibət bəsləməsi üçün və bizim bilmədiyimiz, yalnız Onun bildiyi başqa hikmətlər üçün bir-birilərinə zülm etməyi onlara qadağan etmişdir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ummu Aliyəh