Məqalələr

Zul Hiccə ayının ilk 10 günü

Bu günlər xeyir, bərəkət, səadət və nicat günləridir!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahu Təala müsəlmanları müəyyən vaxtlarda və müəyyən yerlərdə ibadətlərini daha da çoxaltmağa təşviq etmişdir. Bu günləri mübarək, yəni bərəkətli adlandırmışdır. Bu günlərin sayı az özləri isə mübarək günlərdir. Hicri təqvimi ilə yeni daxil olduğumuz Zil hiccə ayının ilk on günü də məhz bu günlərdəndir. Bu günlər xeyir, bərəkət, səadət və nicat günləridir. Kim bu günləri qazanmağa çalışarsa bunun bəhrəsini dünyada və axirətdə görər. Allahu Təala buyurur: «De: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna )sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir.» (Yunus 58)

Bu günlərdə edilən saleh əməllər ilin başqa günlərində edilən əməllərdən Allaha daha xoşdur. Sələfilər “üç onluğu” hər zaman təntənəli günlər hesab edirdilər. Bunlar: “Zul-hiccənin ilk on günü, Ramazanın son on günü və Məhərrəm ayının ilk on günü”-dür.

Zilhiccənin ilk on gününün fəziləti və bu günlərdə edilən əməllərin insana gətirdiyi savablar barədə Quran və sünnədən bir çox dəlillər vardır. Uca Allah Qurani — kərimdə buyurur: «And olsun dan yerinə! And olsun on gecəyə!» (əl-Fəcr 1-2).

İbn Abbas, İbn Zubeyr, Mücahid (Allah onlardan razı olsun) və başqalarının dedikləri kimi bu ayədə Zul Hiccənin ilk on günü nəzərdə tutulur. Bizə də məlum olduğu kimi, Allah öz kitabında daha çox əzəmətləşdirdiyi bir şeyə and içir. Necə ki Vəl-`Əsr deməklə Əsr vaxtını, vəd-Duhə dedikdə Duha vaxtını və s. əzəmətləşdirərək and içir.

İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Allahu Təalə qatında içərisində edilən saleh əməlin daha sevimli olduğu bu on gündən (Zul Hiccə ayının ilk on günündən) başqa bir gün yoxdur.» Səhabə (Allah ondan razı olsun): “Ey Allahın Elçisi! Allah yolunda cihaddamı? deyə soruşdu. Bunun üzərinə Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurdu: «(hətta) Allah yolunda cihad da… Ancaq Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən kimsə bunun xaricindədir» buyurdu. (Əbu Davud, Tirmizi, İbn Macə, Şeyx Albani səhihləşdirib)

Həmçinin Abdullah ibn Ömərdən (Allah onlardan razı olsun) rəvayət olunduğuna görə Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyur-muşdur: «Allahu Təalə içərisində saleh əməl işlənən bu on gündən (Zul Hiccənin ilk on günündən) savabı daha böyük və Onun daha çox xoşuna gələn başqa günlər yoxdur. O halda, bu günlərdə çoxlu təhlil, təkbir və təhmid gətirin.» (Əhməd)

Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) Fəthul-Baridə belə demişdir: «Göründüyü kimi Zul Hiccənin ilk on gününün digər günlərdən üstün olmasının səbəbi ibadətlərin əsası olan namaz, oruc, sədəqə və həcc kimi ibadətlərin eyni zamanda əda edilməsindən (yerinə yetirilməsindən) ötəridir. Bu üstünlükləri digər günlərdə yerinə yetirmək mümkün deyil.»

Zul Hiccə ayının ilk 10 gününün gündüzləri Ramazan ayının son 10 gününün gündüzlərindən də əfzəldir. Çünki Ramazanın son on günü gündüzlər namaz, oruc, sədəqə və digər əməllər edilsə də həcc əməli yerinə yetirilmir. Həcc əməli isə düzgün yerinə yetirildiyi halda müsəlmanın günahlarının silinməsinə səbəb olacaq bir əmldir. Necə ki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: «Kim bu evi (Kəbəni) heç bir günah etmədən həcc edərsə anadan doğulduğu kimi olar.» (Buxari və Muslim).

Həmçinin bu günlərdə edilən əməllərdən biri də qurban kəsməkdir ki, bu digər günlərdə əmr edilməyib. Allah təala buyurur: «Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!» (əl-Həcc 28). 

Alimlər ayədə deyilən “məlum günlərdə…” sözünün Zul Hiccə ayının ilk on günü olması qənaətindədirlər. İbn Abbas (Allah ondan razı olsun) deyir: «Məlum günlər Zul Hiccənin ilk on günüdür.»

Amma xatırlatmaq yerinə düşər ki, Ramazan ayının son 10 günün gecəsi Zul Hiccə ayının 10 günün gecəsindən daha əfzəldir.
Zul Hiccənin on günləri içərisində ən fəzilətlisi isə ərafa günü və qurban günüdür.

Ərafa günü: Bu gün, Allahın dini tamamladığı məşhur gündür. Bu gün bağışlanma və cəhənnəmdən qurtulma günüdür. Cəhənnəmdən qurtulanların çoxluğundan bu gündə şeytan daha zəlil, təhqirolunmuş və qəzəbli olur. Allah Ərafa günündə mələklərin yanında yer əhli (insanlar) ilə iftixar edər. Bu gün oruc tutmaq həcc etməyənlər üçündür.

Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ərafa günü tutulan orucun fəziləti haqda soruşulduqda buyurdu: «Bu gündə tutulan oruc, həmin ilin keçmiş və qalan günahlarını bağışlayır.» (Muslim).

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Alalhın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: «Allah bəndələrinin çoxusunu Ərafa günü Cəhənnəm odundan çıxarır. Bu gündə Allah bəndələrinə daha yaxın olur və mələklərinin yanında onlarla fəxr edir.» (Muslim).

Bu gün böyük həcc günüdür. Ərəfada dayanandan sonra artıq bu gündə həcc edənlər bağışlanır, müsəlmanlar islamın beşinci əsası olan həcclərini yekunlaşdırırlar.

Əziz Müsəlman qardaş və bacılar! Aşağıda qeyd edəcəyimiz əməlləri bu 10 gündə çoxaltmaq müstəhəbdir. Allahu Təalanın bizi bu aya yetişdirib, bu fürsəti verməsindən maksimum istifadə etməliyik. Belə əməllərdən:

1. Tövbə etmək

Onun şərtləri bunlardır: dil ilə əstəğfirullah demək, edilən günahı tərk etmək, qəlb ilə bir daha bu işə qayıtmayacağına əmin olmaq, pis dostları tərk etmək və haqqını aldığın kimsənin haqqını qaytarmaq.

2. Edilən saleh əməlləri daha da çoxaltmaq

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: «Bu on gün Allah yanında əzəmətli və sevimli gündür. Bu gündə edilən saleh əməllər Allaha daha xoşdur….» Bu saleh əməllərə çoxlu nafilə namaz qılmaq da aiddir. Çünki nafilə namazlar, insanı Allahu Təaləyə yaxınlaşdıran ən fəzilətli əməllərdəndir. Necə ki, Səubəndən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Rasulullah (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «(Namazda) Allaha çox səcdə et. Çünki sən, Allaha hər səcdə etdikcə, o səcdə səbəbilə Allah da sənin (Cənnətdəki) dərəcəni yüksəldər, bir günahını da silər.»

3. Nafilə oruc tutmaq

Heç şübhə yoxdur ki, bu günlərin hamısını və ya gücü çatdığı qədərini, xüsusilə də Ərafa gününü orucla keçirmək, əməllərin ən fəzilətlisidir. Çünki Allah, orucu Özü üçün seçmişdir. Buxari və Muslimin rəvayət etdiyi hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişdir: «Adəm övladının hər bir əməli özü üçündür. Hər bir yaxşı əməlinə görə ona, ondan yeddi yüzə qədər savab artırılır. Uca Allah buyurur: “Orucdan başqa. Oruc Mənim üçündür və bunun əvəzini də Mən verirəm. (Oruc tutan) şəhvətini və yeyib-içməyini Mənim üçün tərk etmişdir.”»

Digər hədisdə isə buyururlur: «Oruc tutanın iki sevinci vardır: Orucun açdıqda və Rəbbi ilə görüşdükdə.»

Huneydə bin Xaliddən, o yoldaşından (xanımından), o da Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bəzi xanımlarından rəvayət etdiyinə görə (Peyğəmbərin xanımlarından (Hafsa və ya Ummu Sələmə) belə dedi: «Rasulullah Zul Hiccə ayının ilk 9 günü, Məhərrəm ayının 10-cu günü, hər ayın ilk bazar ertəsi günü ilə sonrakı iki cümə axşamı günləri olmaq üzrə 3 gün oruc tutardı.» (Əhməd,Əbu Davud. Albani hədisi səhihləşdirib)

İmam Nəvəvi (Allah ona rəhmət etsin) belə demişdir: «Zul Hiccə ayının ilk on günü tutulan oruc, çox müstəhəbdir.»

Əziz Müsəlman qardaş və bacılar! Oruc tutmaq sahibini Cəhənnəmdən uzaqlaşdırır. Ona görə bu 10 gün bizim Cəhənnəm odundan özümüzü uzaqlaşdırmağımız üçün fürsətdir. Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Rasulullah (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Bir qul, Allah üçün bir gün oruc tutarsa, həmin gün oruc tutduğuna görə Allah onun üzünü yetmiş il məsafəsi qədər Cəhənnəmdən uzaq edər.» (Buxari, Muslim)

4. Bu günlərdə çoxlu təkbir (Allahu Əkbər), təhlil (Lə İləhə İlləLlah) və təhmid (əlhəmduliLləh) gətirmək

Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Rasulullah (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Allahu Təalə nəzdində içərisində saleh əməl işlənən bu on gündən əcri daha böyük və Onun daha çox xoşuna gələn başqa bir gün yoxdur. O halda, bu günlərdə çoxlu təhlil, təkbir və təhmid gətirin.» (Əhməd)

Yenə İmam Buxari (Allah ona rəhmət etsin) bu barədə belə demişdir: «Ömər ibn Xəttab (Allah ondan razı olsun) bu günlərdə Minadakı çadırında təkbir gətirər, (Hayf) məsciddə olan və bunu eşidərək bazarda olan müsəlmanlar da təkbir gətirərdilər, Mina (sanki) təkbir səslərindən inləyirdi.»

Siz də qardaşlar, bu günlərdə təkbiri çoxaldın. Təkbiri bu şəkildə hamı özü üçün xor şəklində edilməmək şərti ilə deməlidir. Çünki Camaat şəklində bir səslə təkbir etmək bidətdir. Belə etmək nə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun), nə də səhabələrindən sabit olmuşdur.

a) Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər.
b) Allahu Əkbər , Allahu Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil-Həmd.
c) Allahu Əkbər, Allahu Əkbər , Allahu Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Vəlilləhil-həmd.

Həmçini bu 10 gündə savab gətirən ən böyük əməllərdən biri də həcc və umrə etməkdir.

Zil Hiccə ayının ilk on günü içərisində ən fəzilətli gün qurban günüdür ki, bu gündə qurban kəsilir və bu günə müsəlmanın müqəddəs bayramı Qurban bayramı vardır. Müsəlman olaraq hər birimiz şübhəsiz ki, qurban kəsəcəyik. Allahın izni ilə gələn xütbəmizdə qurban kəsmək, hansı heyvanlardan və necə qurban kəsmək barədə məlumat verəcəyik.

Əziz müsəlman qardaş və bacılar! Xatırlatmaq istəyirəm ki, içərinizdən qurban kəsən kəslər Zul Hiccə ayı girdikdən sonra qurbanlarını kəsənə qədər nə dırnaqlarından nə də başılarından tük götürməməlidirlər. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Zul Hiccə ayı daxil olduqda qurban kəsmək istəyən kəs dirnaqlarına və tüklərindən götürməsin.»

Ona görə də Zul Hiccə ayı daxil olmasına az qalmış hazırlıq görərək tük və dırnaqlarınızı götürün ki, bu 10 gündə çox uzanmasın.

Hazırladı: www.feqih.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha