Əxlaq Məqalələr

«Zövcəm asiliklər edir» — deyə şikayət edən qardaşlara nəsihət

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bu cür hallarda, yəni qadının itaətsizliyində, yaxud səhlənkarlıq etdiyi hallarda onu anlamaq və qadına güzəşt etmək lazımdır. Çünki qadınlar üçün cümə xütbəsi və ya imanın artmasına səbəb olan hər hansısa bir dərs mövcud deyil. Və bu halda qadının imanının artmasına səbəb olaraq ümidi yalnız ərinə qalır. Əgər qardaşlar da zövcələrinə dini nəsihət etməsələr, o zaman qadın imanını haradan suvaracaq?

Diqqət edin, burada dini əmr və qadağaları qadın üzərində tətbiq etmək deyil, qadına nəsihət və moizə etmək nəzərdə tutulur. Yəni öncə qadına izah etmək, onu öyrətmək, sonra isə ondan tətbiq etməsini tələb etmək lazımdır. Yəni bir şeyi olmadığı yerdə axtarmaq, onu axtarmamaq hökmündədir. Əgər onlardan bir şeyi istədikdə, öncə həmin şeyi onlara vermək lazımdır. Və etmədiyin nəsihətin və moizənin səmərəsini tələb etmək — ən böyük ədalətsizlikdir.

Bir gün abidlərin biri öz dərsində qadınların fitnəsindən və naqisliyindən bəhs edir. Xütbə əsnasında qadınlara müraciət edərək buyurur:

— Yusufu (Allahın ona salamı olsun) yoldan çıxarmaq istəyən siz qadınlar deyildinizmi?

Dərsdən sonra qadınlardan biri həmin şeyxə yaxınlaşıb deyir:

— Bəs Yusufu (Allahın ona salamı olsun) quyuya atan siz kişilər deyildinizmi?

Bəzən qardaşlar öz qadınlarında elə kamil sifətlər axtarırlar ki, bu sifətlər heç kişilərdə də mövcud deyildir. Əslində isə bilin ki, Allah (subhənəhu və təalə) kişini qadından qat-qat möhkəm, iradəli və güclü yaratmışdır.

Nəsihət edən: Mədinə İslam Universitetinin məzunu, Elman Qasımov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment