Məqalələr

Zina edənə dörd şahid gətirilməsi nə üçün lazımdır?

Şübhə: Kişi zina edən həyat yoldaşını gözü ilə görsə belə yenə dörd şahid gətirməlidir ki, onun zina etdiyini isbat etsin? Əgər özü görübsə, dörd şahid yoxdursa, həyat yoldaşının zina etdiyini isbat edə bilməz? Yaxud necə isbat etməlidir? Dörd şahid tapması vacibdirmi? Ateistlər bu durumu İslama nisbət edirlər. İslamın bu haqda həqiqi mövqeyi necədir? Onların bu ittihamı doğrudurmu?
Cavab: Bu məsələdə də öyrəşdiyimiz kimi ateistin dini bilməməsi, bütün mövzulara qərəzli yanaşmağı özünə peşə seçməsi aydın görünür.
Fikir versəniz qadının zina etdiyinin dörd şahidi olmalıdır ki, bu isbat olunsun (1). Dörd şahid hər biri öz gözüylə zinaya şahid olmazsa, məsələn; üç nəfər şahid olarsa, bu mötəbər şahidlik sayılmır. Zinanın isbatıın yalnız dörd şahid yolu yoxdur. (Bu məsələ qarşıda izah olunacaq) Ateistlər bu şübhəni heç özləri də başa düşməyiblər.
Bu İslami qanunda qulların eyiblərini örtmək və iddia edən kəsə çətinləşdirmək var. Çünki, isbat olunan zinanın sonu zinakarın qətli, zinakarın yaxınları üçün isə əbədi utanc halı var. Üstəlik də bu hikmətlərdən biri də təmiz qadınlara zina iftirası atılmasını çətinləşdirməkdir. Çünki, mömin qadına iftira atmaq istəyən şahid tapa bilmədiyi üçün pis duruma düşəcəkdir. Amma, həqiqətən baş vermiş zina halının isbatının başqa yolları da var.
Qadın özü zina etdiyini etiraf edərsə (2) və ya ərindən qeyrisindən hamilə qaldığı sübut olunarsa, (halbuki, müasir dövrdə bunu bilmək rahat bir şeydir) bu zaman dörd şahidə ehtiyac qalmır. Başqa bir yol isə zinakar kişinin zinasını etiraf etməsidir ki, bu da müəyyən şərtlərlə edildikdə yenə dörd şahidə ehtiyac qalmır. Qadının zina etdiyini deyən kimsə isə bunu sübut etmək üçün dörd şahid gətirməlidir.
Qadına təcavüz olunduğu zaman isə bunun əsli zina olsa da, həmin qadına qarşı quldurluq halı baş verdiyi üçün bu zaman təcavüzün isbatı üçün iki şahid də bəs edir və həmin cinayəti törədənə İslamda quldurluq edən şəxslərə verilən ağır cəza verilir. (Əl-Maidə 33). Əgər təcavüzü törədən şəxs qadının öz istəyi ilə zina etdiyini iddia edərsə, bu zaman təcavüzkarın dörd şahid gətirməsi tələb olunmalıdır.
Qadın özünə təcavüz edildiyini isbat etmək üçün məhkəməyə baş vurduğu zaman isə o bunu isbat edə bilməzsə, o məcbur edildiyini iddia etdiyi üçün qadının özünə də bir cəza düşmür. Bu ateistlərin uydurmasıdır və ya bu məsələni yanlış anlamalarıdır.
Lakin, qadın məhkəməyə müraciət etdikdə məsələnin ətraflı şəkildə araşdırılmasını tələb edə bilər. Qadına təcavüz edən əgər doğurdan bunu edibsə, təcavüzkarın etiraf etməsi də kifayət edir, mütləq iki şahidə ehtiyac qalmır. İki şahid məhz təcavüz halında (qeyri təcavüz halında, iki tərəfin razılığı halında isə dörd şahid gərəkir), təcavüzkarın günahını etiraf etmədiyi zaman tələb olunur.
Qaldı ki, zinanın isbatı üçün dörd şahid tələb olunmasına, bunun başqa faydalarından biri də odur ki, bəzən əksinə olur, bir qadın hansısa kişini şərləyib onunla zina etdiyini iddia edir. Əgər zina ittihamı asan bir şey olsa və asan yolla insanları şərləmək mümkün olsa, onda həbsxanalar iftira ilə həbs olunmuş məhkumlar ilə dolardı. İslam dini isə bütün bu ehtimalların qarşısını alaraq zina iftirasının asanlaşmasının qarşısını alır. Dediyimiz kimi zinaya məcbur edilən qadının haqqını tələb etmək üçün zinaya məcbur edənin etirafı da bəs edir. Ölkəmizdə kimisə cinayətini «etiraf etdirmək» çox asan bir şeydir. Əsas qadının doğru danışdığı məlum olsa, hansısa müsəlman ölkəsində çox vaxt zinaya məcbur edən insanı «etiraf etməyə» təşviq edirlər və o şəxs zina etdiyini danmır. Bunun yollarını cinayətlər üzrə ekspertlər, mütəxəssislər çox yaxşı bilirlər. Yəni, zinanın isbatı bu günkü gündə çox asan bir şeydir. Bunun yollarından biri də zina edən şəxsin spermasının nümunəsini və izini tibbi yolla tapmağın da çox asan olmasıdır.
Lakin, hər tapılan sperma nümunəsi dərhal dəlil hesab edilmir, müəyyən şərtlərlə bu da məqbul olur. Çünki, bu cür də şərləmə halı ola bilər. Qadın hamilə olduqda, şükür Allaha ki, qeyd olunan yolla da çox asan şəkildə xəyanəti müəyyən etmək olur.
Qədim zamanlarda zinanın isbatı üçün «qafiyə elmindən» (3) də istifadə olunurdu. Bu zaman mütəxəssis şəxs uşağın əl və ayaq uclarından və ya başqa bəzi orqanlarından müqayisəli şəkildə onun əsil atasını müəyyən edirdi. Bu üsulu da qeyd etdik ki, bu üsulun məhz müsəlmanlarda olan məşhur metodlardan olması bəzi insanlar üçün faydalı bir məlumat olsun.

• Zina iddiası halları müxtəlif cür ola bilər:
Şəriətin zinanın isbatını çətinləşdirməsi bu müxtəlif halları da öz daxilində ehtiva edir. Bəzən insan hətta şəhvətinin qurbanı ola bilər. Yəni, məsələn; qadın və kişi bəzən zina etmək fikrinə düşər, bu səviyyəyə çatarlar, tək qalmaq vəziyyəti və zina etməyə münasib hər bir şərait olduğu halda birdən zina etmək fikrindən daşınıb tövbə etmək istəyə bilərlər. Ola bilsin ki, hər ikisi tövbə etsin və elə bu zamanda kimsə onları bir arada görsə, artıq şahidlik etməli olsa, bilmədən onlara böhtan atmış olacaq və onları etmədikləri bir əmələ görə şahidlik edərək onların ölümünə səbəb ola bilər. Halbuki, onlar həmin anda İslama görə tövbə etmiş sayılırlar.
Zatən Uca Allah məsələni dörd şahidə əsasən ona görə qaytarıb ki, insanlar tövbə edə bilsinlər. Yəni, bu işin isbatı çətinləşdikdə insanlar tövbəyə yönəlsinlər.
Onsuz da İslam tarixində kiminsə zina şahidliyi üstündə tutulmasını təkidlə demək çox çətin bir məsələdir. Ancaq rəcm (daşqalaq) edilənlər bundan istisnadır. İslam tarixində özləri qaziyə gəlib günahlarını etiraf edənlər olmuşdur. Allah da ona görə dörd şahid məsələsini əmr edib ki, kimsə kimsəyə böhtan atmasın, həm də günah edənlərə tövbə fürsəti verilsin.
Özləri zina etməyi etiraf edənlərin cəzasına gəldikdə isə bu onlar üçün bu dünyada bir təmizlik hesab olunur.
Bəzi rəvayətlərdə isə peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) ona zina etirafı etməyə gələnlərin şiddətli zina cəza almaması üçün onları etirafdan yayındırmaq, «bəlkə belə olub? Bəlkə belə olub? Bəlkə sadəcə toxunmusan, bəlkə sadəcə öpmüsən?» buna bənzər sözlər deyərək üzürlər axtarması halı olsa da, insanlar özləri peyğəmbərin yardımını və cəzadan xilas olmağı seçmirdilər. Bu ona dəlildir ki, tövbə ediləsi yerdə, tövbə qapısı açıq, olduğu halda Allah insanları cəzalandırmaq istəmir. Peyğəmbər insanların cəzalanmaması üçün də köməklik edirdi. Bu isə o deməkdir ki, İslamdakı cəzalardan məqsəd insanların islahıdır, insanların təmizlənməsidir. Elə olmasaydı, peyğəmbər cəza istəyən kimsəyə üzürlər axtarmazdı. Elə olmasaydı «cəzaların şübhə vasitəsilə dəf edilməsi» qaydası İslamda olmazdı. İslama görə bəzən kiçik bir şübhənin yaranması cəzanın tətbiq edilməməsinə, cəzanın tətbiqinin aradan götürülməsinə səbəb olur. Şübhəni gətirmək başqa, onun tətbiqi və cinayətlərin aradan qaldırılmasındakı fayda və nəticələr isə Qərb dövlətləri ilə müqayisə olunmaz dərəcədə yüksəkdir.
Öz həyat yoldaşının zina etdiyini iddia edən şəxsin bu hadisəni isbat etməsi üçün qoyulan şahidlik məsələsinin hikmətlərindən biri də odur ki, insan psixoloji olaraq bəzi savadsız şəxslərin emosiyalarına qapılıb həyat yoldaşını öldürməsi əvəzinə bunu qaziyə həvalə edir. Cəzanı isbat edə bilərsə və ya edə bilməzsə də qadını boşayır. Çünki, cəza isbat olunsa, qadını şəriət məhkəməsi ölümə məhkum edəcək, isbat olunmasa o özü qadını boşayacaq və bu utancdan qurtulmuş olacaqdır, yoxsa iki seçim qarşısında qalacaq: ya o qadını yerindəcə öldürməklə şəriətin məhkəməyə həvalə etdiyi cəzanı özü verib problemlə üzləşəcək, ya da şahid gətirib bunu isbat etməyə çalışacaq, bu zaman da şiddətli utanc yaşayacaq. Ya da o qadının qətlinə səbəb olmadan onu boşayacaq, onu tərk edəcəkdir. Xüsusən də İslam şəriətinə əməl edilməyən ölkələrdə öz həyat yoldaşının bu hərəkətinə qarşı yerindəcə qətl ilə cavab verən şəxslər illərlə həbsxanada yatırlar.
Digər bir halda isə zinaya şahid olan şəxsin də bəzən üzləşdiyi müqavimət və ya özünün cinayətə məruz qalması halının da aradan qaldırılması bu İslami hökmə əməl etməklə hasil olur. Bəzi real hadisələrdə görülüb ki, bir kişi öz həyat yoldaşını onun «gizli sevgilisi» ilə bir yerdə tutsa da xəyanət edən qadın və onun tərəf müqabili əməllərini gizlətmək üçün qadının ərinə qarşı cinayət törədirlər. İslamın hökmünə tabe ilan şəxs istənilən halda bu çətin durumdan üzü ağ, zərərsiz çıxa bilir. Göründüyü kimi İslamın bu adil hökmü bu çətin sınaqla üz-üzə gələn şəxsi psixoloji olaraq cəzanı özü tətbiq edib qətl hadisəsi törətməsindən uzaqlaşdırır, onu psixoloji olaraq zinanın isbatı haqqında daha yaxşı düşünməyə, emosional qərar verməməyə vadar edir. Məhz bu zaman o keçirdiyi sarsıntının səbəbilə qətlə əl atmır, onu İslam ölkəsindədirsə şəriətin məhkəməsinə həvalə edir, İslam ölkəsində deyilsə də başqa hüquqi yollarla hadisəyə münasibətini ortaya qoyur. Bu hadisənin necə çətin bir sınaq olmasını İslam şəriəti hərtərəfli nəzərə alaraq bəşər övladının müxtəlif halları üçün ən uyğun hökmü vermişdir. Uca Allah Qurani-Kərimdə buyurur: «Məgər o Öz yaratdığının halını bilmirmi?» (Mülk. 14).
Əxlaqa nisbi baxan bəzi ateist, deist və başqa dindən kənar təbəqələr dörd şahid axtarmaqla mükəlləf olan şəxsə istehza edir və qeyrətə dırnaqarası baxan bəzi insanların bu məqamda nədənsə «qeyrət damarı tutur».
Birincisi: «Qeyrət anlayışı dindən gəlir və şəriət bu məqamda şəxsi cəzaverməni önə çəkmir. (Əgər belə olsaydı, dinsizlər bundan da yararlanmaq istəyəcəkdilər).
İkincisi: Artıq kişinin qeyrətinə xələl gətirmiş bir qadınla yaşamayacağını bilən, dərk edən bir kişinin şahid gətirməsi və ya sübut üçün cəhd göstərməsi qeyri-adi bir hal deyil (4). Çünki, bu şəxsin üzləşdiyi heç kəsin xoşlamadığı xəyanət halıdır. Ona görə də öz hüququnun tapdalandığını, xəyanətə uğradığını isbat etmək istəyən kişinin, şahid və ya isbat vasitəsi axtarması gülüş obyektinə çevrilə bilməz. Çünki, müsəlman kişi o qadınla artıq bir yerdə yaşamayacaq. İslama görə zinakar qadınlar zinakar kişilər üçündür (5).

Qeydlər və istinadlar:
(1) Dörd şahid gətirmək haqda peyğəmbərin səhih hədisi var. Hədisin orjinalı belədir: «Əbu Hüreyrədən rəvayət olunur ki, Səd ibn Ubadə (Allah ondan razı olsun) dedi: «Ey Allahın Elçisi, əgər həyat yoldaşımı (başqa) bir kişi ilə tutsam, dörd şahid tapana kimi möhlət verimmi? Dedi: bəli. (Səhihi Müslim. 1498).
(2) Zina edənə verilən cəzaya gəldikdə isə İslama görə evli olanların cəzası ölüm, subay olanların cəzası isə şallaqdır. Çünki, evli olanların cinsi ehtiyacları ödəndiyi halda, onlar qeyri-qanuni yollarla cinsi tələbatlarını ödəməkdə həddi aşmış hesab olunurlar ki, bu daha şiddətli bir hal hesab edilir.
(3) Nəsəbin isbatında «qafiyə elmi»: Buxarinin rəvayət etdiyi hədisdə qafiyə elmi vasitəsilə uşağın kimə oxşaması təyin olunmuşdur: Aişənin rəvayət etdiyi hədisdə peyğəmbər sevincək halda onun yanına gəlir və üzü parıldayıraraq buyurmuşdur: «Məgər eşitmədinmi əl-Mudləci Zeyd və Usamənin ayaqlarını gördüyü zaman onlar haqqında nə dedi? (Dedi ki) Bu ayaqlar bir-birindəndir (yəni qardaşdırlar və ya qohumdurlar)». (Səhih əl-Buxari. 6770).
(4) Müasir dövrdə bu sübutu o telefonla çəkməklə və ya gizli kamera ilə də isbat edə bilər.
(5) zinakar kişilər zinakar qadınlar üçündür. Uca Allah buyurur: «Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir». (Nur. 3).

Yazdı: Sahib Əsədov