Məqalələr Müxtəlif

Zilhiccə ayının ilk on günün fəziləti

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Onun Elçisi Muhəmmədə, ailəsinə və səhabələrinə, Allahın salavatı və salamı olsun!

Bundan sonra:

Möhtərəm müsəlmanlar! Hamınızı Allahın salamı ilə salamlayıram.
Əssələmu aleykum və rahmətullahi və bərəkətuhu!

Artıq Zilhiccə ayı başlayır.

Mübarək Həcc ziyarəti, Arafa orucu və Qurban Bayramı, bu ayın içərisindədir. Allahdan Həcc edəcək müsəlmanlara, məbrur Həcc diləyirəm. Həcc etməmiş olan müsəlmanlara isə, islamın beş şərtindən biri olan, Həcc ziyarətini yerinə yetirmələrini arzu edirəm.

Zilhiccə ayının ilk on günü, digər ayların günləri içərisində öz fəzilətinə görə fərqlənir. Bu da zilhiccə ayının, Həcc ibadətini, Arafa orucunu və Qurban Bayramını özündə cəm etdiyi üçündür.

Həmçinin Zilhiccə ayının ilk on gününə, Uca Allah Quranda and içərək buyurur:  And olsun on gecəyə! Fəcr 2

İbn Kəsir (Allah ona rəhm etsin) təfsirində, ayədə keçən günlərin, Zilhiccənin ilk on günü olduğunu deyir. Bunu İbn Abbasın, ibn Zubeyrin, Mücahidin, (Allah onlardan razı olsun) həmçinin sələfdən və xələfdən bir çox alimin dediyini qeyd edir.

Umdətut Təfsir, Fəcr surəsinin təfsiri 3\600

Uca Allahın Quranda bu günlərə and içməsi də, həmin günlərin fəzilətinə və üstünlüyünə dəlildir.

İbn Abbas (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:

» Allah qatında, əməl olunan günlərin içərisində, Zilhiccənin ilk on günündə olunan əməl qədər, fəzilətli olanı yoxdur.»
Dedilər ki: » Allah yolunda cihaddan da?»
Dedi ki:» Hətta Allah yolunda cihaddan da. Ancaq o kəsdən başqa ki, canı və malı ilə çıxar və onlardan heç biri geri qayıtmaz.»

Səhih Buxari 969

Həmçinin Arafa günü də, Zilhiccə ayının, ilk on gününün daxilindədir. Hansı ki, bu gündə oruc tutmaq, bir il keçmiş və bir il gələcək olan günahlara kəffarədir. Arafa günü, Zilhiccə ayının doqquzuncu gününə düşür.

🔹 Əbu Qatədə (Allah ondan razı olsun) deyir ki: «Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Arafa günün orucu haqqında soruşuldu, O isə belə cavab verdi:

«Keçmiş və gələcək, bir ilin günahlarını silir.»

Muslim 2747

Əziz müsəlmanlar! Artıq Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bizlər üçün, xeyirlə dolu olan bir mövsümü xəbər vermişdir. Bu günlərdə (Zilhiccənin ilk on günü) edilən ibadətlərin Allah qatında daha fəzilətli və Allaha daha sevimli olduğunu bildirmişdir.
Ona görə, gəlin biz də, bu fəzilət dolu mövsümdən düzgün istifadə edib, xeyir əməllərimizi, ibadətlərimizi artıraq. Tərk etdiyimiz sünnə əməlləri, bərpa edək. Vacib olan əməllərimizi daha da gözəl şəkildə yerinə yetirək. Valideyinlərimizə qarşı gözəl davranaq. Qohumluq əlaqələrini gücləndirək və xeyir olan hər bir işdə irəliləməyə çalışaq.
Ən əsası isə, bu əməlləri yalnız Zilhiccənin ilk on günündə deyil, ilin bütün günlərində qoruyub saxlayaq.

Sonda isə, Uca Allahdan bizlərə, bu xeyir mövsümündən düzgün istifadə etməyə müvəffəq etməsini diləyirəm!

Qeyd : Bayramda qurban kəsmək istəyənlər, Zilhiccə ayı girdikdən sonra, qurbanlarını kəsənə kimi, saçlarından və dırnaqlarından kəsməli deyillər.

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi: Elçin Şunqarov.(02.09.2016)