Aktual Əxlaq

Zarafatda Yalan???!

Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  demişdir: «Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına! Vay onun halına!» (Əbu David).

Uca Allah insanı yaratmaqla yanaşı ona məxsus olan bir çox xüsusiyyətlər vermişdir. Bu xusisyyətlərdən biri də zarafat etməkdir. Zarafat etmək insanın fitrətindən gələn bir haldır.

Zarafat etmək insanda xoş duyğular əmələ gətirir. İslam bu duyğuları qadağan etməmişdir. Ancaq İslam bütün insanın həyatını tənzimlədiyi kimi zarafat etməyi də tənzimləmiş və halal olan çərçivəyə salmışdır. Hər bir şeydə ədəb qaydalarını tərtib edən dinimiz zarafat etməyin də ədəblərini qoymuş və biz müsəlmanlar bu ədəblərə riayət edəcəyimiz təqdirdə zarafat etməyimiz icazəlidir.

Bu əbədləri qısa olaraq zikr etmək istəyirik ki, bunlara riayət edərək zarafat edək. Həddimizi aşacağımız təqdirdə, bu ədəblərə riayət etməyəcəyimiz təqdirdə Qiyamət günü Allah dərgahında əlimizdə bəhanə olmayacaq ki, mən bu ədəbləri bilmədiyim üçün belə zarafat edirdim.

Zarafatda Allaha, Rəsuluna (Allahın ona salavat və salamı olsun) və onun dininə ləkə gətirən sözlər olmamalıdır. Bu cür zarafat etmək təhlükəlidir. İnsan belə zarafat edərsə dünyası və axirəti məhv ola bilər. Çünki Allahın dini ilə zarafat edib lağa qoymaq sahibini dindən çıxarır.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vaxtında belə bir hadisə baş verir. Bir qrup müsəlman qariləri lağa qoyaraq  zarafat edirlər. Qarilərdə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına şikayət etməyə gəlirlər. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına çatdıqda artıq Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) bu ayələr nazil olur. Və ayələri onlara oxuyur.

“(Ya Rəsulum!) Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz”. (Tövbə, 65-66).

Sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  miniyinə minərək getməyə başlayır. Onlarda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) arxasınca düşərək “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)” deyirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də “Üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz”- deyib üzünü çevirib gedir.

Zarafatda yalan olmamalıdır. Pak, müqəddəs və qüsursuz olan dinimiz hər bir şeydə yalanı bəyənmədiyi kimi zarafat etdikdə belə yalanı bəyənməmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  özü də zarafat edirdi. Ancaq heç vaxt zarafatında yalan olmazdı. Əbu Hureyrənin (Allah ondan razı olsun)  belə dediyi rəvayət edilir. Səhabələr «Ey Allahın Rəsulu! Sən bizimlə zarafatlaşırsan?» — dedilər. O (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Bəli, elədir, lakin o da var ki, mən haqdan başqa bir söz demirəm» (Əhməd).

Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  demişdir: «Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına! Vay onun halına!» (Əbu David).

Zarafat edərkən insanları qorxutmaq olmaz. İbn Əbu Layla rəvayət edir ki, səhabələr bizə danışırdılar ki, bir dəfə Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun)  səfərdə olarkən, onlardan biri yuxuya getdikdə, digər səhabə birincinin əlində olan ipi dartdı və ikinci qorxaraq yuxudan ayıldı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  dedi: «Müsəlmana o biri müsəlmanı qorxutmağa icazə verməyin» (Əbu Davud).

Zarafat etdikdə insanları lağa, məsxərəyə qoymamaq. İslam dini hər bir zaman insanları alçaltmamağı bizə əmr etmişdir. Hətta zarataf etdikdə belə insanları alçaltmaq olmaz. İnsanların şəxsiyyətinə təsir edən hər bir şeydən müsəlman uzaq durmalıdır. Uca Allah buyurur:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) «(Hucurat, 11)

İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində belə deyir: «Bu ayədə insanlara həqarətlə baxmaq, onları alçaltmaq və tənə etmək qadağan edilir. Bütün bunlar haramdır və münafiqin xüsusiyyətlərindən hesab olunur».

Müsəlmanların bir-birinə rişxənd etməsi onların arasındakı sevgini yox edir, nəticədə isə bütün ümmət arasında parçalanma baş verir. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Müsəlman müsəlmanın qardaşıdır. O, onun xətrinə dəymir, onu köməksiz qoymur və ona həqarətlə baxmır. «Təqva bax burdadır» (o dedi və əlini 3 dəfə sinəsinə tərəf apardı). İnsan üçün öz qardaşına nifrət etmək pislik etməkdə kifayətdir. Hər bir müsəlmana o biri müsəlmanın qanı, namusu və malı haramdır» (Müslim).

Müəllif :FeqihCom