Məqalələr Seçilmişlər

Yeni ili və qeyri-müsəlmanların digər bayramlarını qeyd etmək barədə

Çox təssüflər olsun ki, müsəlmanların əksəriyyəti qış mövsümündə qeyri-müsəlmanların yeni il və hətta milad kimi müxtəlif bayramlarını qeyd edirlər.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Çox təssüflər olsun ki, müsəlmanların əksəriyyəti qış mövsümündə qeyri-müsəlmanların yeni il və hətta milad kimi müxtəlif bayramlarını qeyd edirlər. Onların çoxu bu bayramların əsl mahiyyətini ağıllarına belə gətirmirlər.

“İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!” (əl-Hədid, 16).

Hafiz İbn Kəsir (Allah ona rəhmət etsin) dedi: «Bu sözlərlə Allah iman gətirənlərə kök və ikinci dərəcəli məsələlərdə yəhudilərə və xaçpərəstlərə oxşamağı qadağan etdi.» (Bax. «Təfsiru İbni Kəsir» 4/484).

Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: «Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin oynayıb əyləndikləri iki bayram günü var idi. Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun): Bu günlər nədir? – deyə soruşdu. Mədinəlilər: Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər. Bunu eşitdikdə Allahın rəsulu belə buyurdu: Şübhəsiz ki, Allah Təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını vermişdir». (Əbu Dəvud, 1134; Nəsəi, 1556; Əhməd, 3/178. Hafiz İbn Həcər və şeyx Albani hədisin səhih olduğunu bildirmişdilər).

Bu hədisdə qeyri-müsəlmanların bayramlarının qeyd olunmasının qadağan olduğu açıq aydın bildirilir.
Hafiz İbn Həcər dedi: «Bu hədisdən belə bir nəticə çixir ki, kafir bayramlarında sevinib əylənmək olmaz.» (Bax. «Fəthul Bəri» 3/166).

Qeyri-müsəlmanların bayramlarını qeyd edərək onlara bənzəməyə çalışanlara böyük təhlükə içindədirlər, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir qövmə, tayfaya bənzəyərərsə, o da, onlardandır.” (Əbu Davud 4031, Əhməd 2/50. Hədisin səhihliyini imam əl-Hakim, əz-Zəhəbi, Şeyxul islam ibn Teymiyyə, Hafiz ibn Həcər, Hafiz əl-İraqi və şeyx Albani təsdiqləmişdir).

Bundan əlavə, kafir bayramlarının keçirdilməsi bir yana, hətta bu bayramlar münasibətilə kimisə təbrik etmək belə Əhli-Sunnə Alimlərinin icmasına görə qadağandır.

Bu bayramları qeyd edən müsəlmanlardan soruşmaq istəyirik: «Siz nə vaxtsa müsəman bayramını, məsələn Ramazan və ya Qurban bayramını qeyd edən bir kafir görmüsünüzmü?» Əlbəttə ki, yox. Onların bu nəyinə lazımdır? Lakin hansısa bir müsəlmana deyiləndə ki, yeni ili qeyd etmək qadağandır, eşidəcəksən ki «Yox, nə danışırsınız? İnsanlar bunu başa düşməz axı…»

Hər bir müsəlmanın bilməsi vacibdir ki, kafirlərə zidd olmaq sadəcə dinlərində yox həmçinin onların bayram və adətlərinə də aiddir. Bu, İslamda dostluq və düşmənçilik prinsipinin ayrılmaz hissəsidir. (əl-valə vəl-bəra).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Aşağıda təqdim edəcəyimiz keçiddən keçərək bu mövzuda cəm olunmuş məqalə və səsli mühazirələrdən faydalana bilərsiniz: