Məqalələr

Yeni il ?!…

Sahib Əsədov

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!
Yeni il qeyd eləyirsən hələ, yoxsa yeni gün?
Yoxsa, şadlanmadasan yeni ildə günahınçün?
Yəqin düşüb yadına ötən il günahı bütün!…
Bir daha dönməyəcəksən deyə çəkdinsə tütün,
Hələ çox-çox düşəcən üzlərə bundan da asan.
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Göyə fişənglər atıb əncam edirsən, nə olub?
Saqqallı nəsraniylə bayram edirsən, nə olub?
Müsəlman kişilərisə bədnam edirsən, nə olub?
Don vuran “dedmarozu” reklam edirsən, nə olub?
Tövbə et danışdığın sözlərə, var ikən zaman.
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Bu soyuq vaxtı düşün, şaxtalı günlər çox olur,
Elə zənn etmə cəhənnəm əzabı tək “od” olur,
Orda “Xuld əzabı” (1) əzabı var, əhlinə soyuq toxunur,
Ötən ilki günaha ağlamadıqca qəlb donur (2)
Ağlamaq çox gərəkir bizlərə, sənsə oyalan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Əqidə tut özünə, olma əqidəsiz adam,
Siztezli əqidəni əmr eləmir sənə İslam,
Nəsrani görmüsənmi eyləsin İslami bayram?
Amma, sən bu bayramda keşişləri tutdun imam,
Düşmənlik eyləyərək düzlərə, çıxdın aradan,
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Qurbanda, Ramazanda harda qaldı o xoş anın? (3)
Ortada görünmədi bayrama əzmin, gümanın,
Demək yalançı sevgi olubmuş iddiaların,
Sevən öz sevdiyinə böyləmi tutmuş qərarın? (4)
Belə sevgi olmur əzizlərə, çıxdı isbatı yalan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

“Dedmaroz” torbasını vermədin heç bir yetimə,
Özün də bilmədin heç dində oxşamısan kimə?!
Ayıl, İslamı yaşa , nəfsini et mühakimə!…….
Dindən danışanda da dönmə yalançı alimə,
İçi boşluq görünür gözlərə, aldanma, dayan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Nə İsa qeyd eləyibdir bunu, nə həvarisi,(5)
Üç əsr sonra çıxıb bu bayramın təntənəsi,
Oxu gör nə söyləyir Quranda “Məryəm” surəsi? (6)
Haqqı axtaranlara çatar Quran möcüzəsi,
Quransız düşər başqa izlərə, qalar pərişan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

__________________________________

(1) Yunus surəsi 52-ci ayəyə bax

(2) Yəni bu dünyada qəlb daşlaşır, günah artdıqca onu hiss eləməz hala gəlir.

(3) Niyə batil bayramları qeyd etdiyin kimi öz əsil müsəlman bayramlarımız olan Qurban və Ramazan bayramlarını da elə canfəşanlıqla qeyd etmirsən, axı sən müsəlmanlığınla öyünürsən? Bəs bunu beləmi sübut edirsən? Bu qəflətlə razılaşmalı olursan axı? Səncə bunda açıq-aydın bir ziddiyyət yoxdurmu?

(4) Yəni Allahı və Rəsulunu  (Allahın ona salavatı və salamı olsun) sevdiyini iddia edirsən, amma onların yolu ilə getmirsən. Məgər peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu hədisini eşitməmisən?: «Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır.» {Ebu Davud Libas, 4} Məgər Allah buyurmurmu ki: «De ki: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin.» [«Ali İmran» surəsi, 31] Sənin sevgin bəs necə bir sevgidir?

(5) Roma almanaxına görə Milad günü Nəsranilər tərəfindən eramızın 336-cı ilində Romada keçirilmişdir.

(6) Nəsrani alimləri də çox gözəl bilirlər ki, İsa peyğəmbəri dəqiq və təhrifsiz vəsf edən Qurandan daha -6  etibarlı ikinci bir mənbə yoxdur. O keşişlərdən Quranı oxumaqla neçələri doğru yolu, hidayəti tapımışlar. Quranın ilahi kəlam olduğunu inkar etmək mümkün deyil.

 

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha