Əxlaq Seçilmişlər

Yalandan vəd vermək

Dilin adət elədiyi şeylərdən biri də vəd verməkdir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Dilin adət elədiyi şeylərdən biri də vəd verməkdir. Bunun əksi olaraq nəfs isə söz verilən şeyə əməl etməməyə can atır. Məhz buna görə verilənə əməl etmək insana ağır gəlir. Bu ağır işin öhdəsindən isə Allahın sevdiyi bəndələr gələ bilir. Söz verdikdə ona əməl etmək həm Peyğəmbərlərin, həm də saleh insanların sifətlərindəndir. Uca Allah İsmail peyğəmbəri (Allahın ona salamı olsun) bizə misal çəkərək deyir: “Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi”. (Məryəm surəsi, 54)

Dillə qazanılan günahlardan biri də yalandan vəd verməkdir. Həmçinin bu, münafiqlərin sifətlərindəndir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Münafiqin əlaməti üçdür; danışdıqda yalan deyər, vəd verdikdə ona əməl etməz, əmanətə xəyanət edər”. (Səhih əl-Buxari 1/14, Səhih Muslim 1/78)

Başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Dörd sifət kimdə olarsa, o, xalis münafiqdır. Bu sifətlərdən biri kimdə olarsa, tərk etməyincəyə qədər həmin şəxsdə nifaq əlaməti var. Əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd verdikdə vədinə xilaf çıxar və münaqişə etdikdə çığır-bağır salar”. (Səhih əl- Buxari 1/89, Səhih Muslim 1/18)

Həmçinin əməl edə bilməyəcəyi, yaxud da etməyəcəyi bir şeyi yalandan söz verən şəxs də münafiqlik etmiş olur. Yalnız verdiyi sözü yerinə yetirmək niyyəti olub lakin söz verdikdən sonra müxtəlif səbəblərdən o işi bacarmayan şəxs verdiyi sözə görə günah qazanmır.

Abdullah ibn Ömər (Allah onlardan razı olsun) ölüm anında dedi: “Qureyşdən olan filankəs məndən mənim qızımı istəmişdi. Mən də ona qətiyyətlə olmasa da söz vermişdim. Allaha and olsun ki, Allahla nifaqın üç əlamətindən biri ilə olsun belə qarşılaşmaq istəmirəm. Qızımı ona verirəm və siz də buna şahidsiniz”.

Auf ibn ən-Nomən (Allah ondan razı olsun) demişdir: “Cahiliyyə dövründə cahillərdə kişinin susuzluqdan ölməsi, vəd verib ona xilaf çıxmasından daha xeyirli idi”. (Əbəd əl-İmlə və-l-Mustəmli, 41)

Abdullah ibn Əhməd ibn Hənbəl (Allah onlara rəhmət eləsin) rəvayət edir ki, Harun ibn Süleyman (Allah ona rəhmət eləsin) ona dedi: “Atandan; yalançıları necə tanıyırsan? – deyə soruşdum”. O mənə: «Vədlərindən!» – deyərək cavab verdi.

Söz verdikdə isə İnşəAllah demək bəyənilən əməldir. Abdullah ibn Məsud (Allah ondan razı olsun) nə vaxt söz verirdisə İnşəAllah deyərdi. Ancaq bu o demək deyildi ki, İnşəAllah dedinsə söz verməyin məsuliyyəti boynundan düşür.

Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha