Məqalələr

Xristianlıq dini necə təhrif olundu? (1-ci hissə)

Xristianlıq dininin təhrif olunma amilləri əsasən bunlardır:
1 — Təzyiq və işkəncələr.
2 — Həqiqi incilin itməsi.
3 — Bolis (Yəhudi Şaul), Paul.
4 — Qədim bütpərəstlik etiqadlarından təsirlənmək.
5 — İmperator Konstantinin müdaxiləsi.
6 — Keşişlərin toplantıları.
İndi isə gəlin daha ətraflı bu qeyd olunan məsələlər haqqında bəhs edək:
Birinci amil: Təzyiq və işkəncələrin bəzi dinlərin dəyişikliyə məruz qalmasında mühüm rolu olmuşdur. Xristianlıq da bu aqibəti yaşayan dinlərdən biridir. Xristianların özlərinin etiraflarına görə bu dinə və mənsublarına ilk edilən təzyiqlər yəhudilər tərəfindən edilmişdir. İsa peyğəmbərin (əleyhissalam) özü də ilk dəfə yəhudilərin təzyiqlərinə məruz qalmış, hətta onu qətl etmək istəmişdilər. Bu təzyiqlər zamanı ilk qətl olunanlardan (daşqalaq yoluyla) biri də Stefanus olmuşdur (1). Ondan sonra da Yaqub adlı xristianın boynu vurulmuşdur ki, bu bir çox xaçpərəstlərin təziqlərdən qorxaraq dünyanın müxtəlif ərazilərinə köçməsinə gətirib çıxarmışdı (2). Sonra xristianlara iki böyük dağıdıcı müsibət üz verir; Birincisi miladi təqvimin 70-ci ilində Roma valisi Titosun Qüdsdəki xristianları etdikləri üsyana görə cəzalandırması və qətlə məhkum etməsidir. İkincisi isə, 135-ci ildə imperator Hadrianın Fələstində yaşayan bir çox xristianları qətl etməsi ilə baş vermişdi ki, bu hadisədən sonra azsaylı, zəif, dağınıq xristianlar qalmışdı.
Növbəti iki əsrdə də Roma imperatorlarının xristianlara qarşı təzyiqləri davam etdi. Bu təzyiqlər 313-cü ildə imperator Konstantinin xristianlara və başqa dinlərə öz dini ayinlərini icra etmələrində azadlıq sərəncamı verməsinə kimi davam etdi.
Bu təzyiqlər İsa peyğəmbərin (əleyhissalam) dəvətinin təhrif edilməsinə aparan mühüm amillərdən biri olmuşdur. Məhz bu əminamanlığın itdiyi və təziqlərin çoxaldığı bir vaxtda xristianlar arasında (Xrist) — Hertoqa هرطقة fikirləri (3) yayılmışdı. Bu təlimlər xristianlığın üzərində olduğu təməl prinsiplərə ziddiyyət təşkil edirdi. Necə ki, bu dövrdə ilk nəsranilərə (xaçpərəstlərə) nisbət olunan kitab və yazılar da çoxalmışdı (4).
İkinci amil: İncilin itməsi və isnadının qırılması.
Bu günkü incil kitablarının sənədi İsa peyğəmbərə (əleyhissalam) gedib çıxmır. İsa peyğəmbərin (əleyhissalam) həqiqi İncil kitabının özü haqqında bir məlumat yoxdur. Həmçinin, xristianların özləri də İsa peyğəmbərin (əleyhissalam) səmaya qaldırılmasından sonra ondan qalan elmin yazıya köçürülməsi ilə dərhal məşğul olmağa fikir verməmişdilər. Bu işdə gecikdikləri üçün sonradan çoxlu incillər ortaya çıxdı ki, bu incillərin yəqin şəkildə kimin tərəfindən yazıldığı və məlumatlarının haradan götürdüyü bəlli deyildi. (5) Bu da İsa peyğəmbərin (əleyhissalam) həqiqi dəvətini təhrifə məruz qoydu. Çünki, bu incillərin sahibləri məsum deyildilər, yazıların yanlış anlaşılması və bu yazılarında çoxlu səhvlərə də yol verilməsi və s. amillər isə gələcəyin xristianlığını naqis mənbələr üzərində quracaqdı.
Üçüncü amil: Yəhudi Paul adlı şəxsin təhrifləri.
Ərəbcə bu şəxsə بولس «Bolis» deyilir. Onun bu adı sonradan iz itirmək üçün götürdüyü rəvayət olunur. Əsil adı ingiliscə bilinən Pauldur. Ərəb mənbələrində شؤول deyə adı keçir. O, İsa peyğəmbərin (əleyhissalam) dininin ən böyük düşmənlərindən olmuşdur. Özü yəhudilik dininə mənsub olsa da xristianların arasına daxil olub xristianlıqda böyük təhriflərə yol vermiş və bu işi çox məharətlə bacarmışdı. O Tarsus şəhərində doğulmuşdu ki, o vaxtlarda həmin şəhər müxtəlif bütpərəstlik fikirlərinin və müxtəlif fəlsəfələrin mərkəzi olan yerlərdən hesab edilirdi. Paul ilk öncə Yerusəlimə (Qüdsə) gedir, yəhudi dininin şəriətini öyrənir. O yəhudi dininin təəssübünü çəkməkdə ən şiddətli olanlardan biri idi. İsa peyğəmbər (əleyhissalam) Allahın elçisi olaraq göndərildiyi zaman onun dininə və tərəfdarlarına ən çox düşmənçilik edən şəxslərdən biri idi. Paul xristianların arasına daxil olduqdan sonra bu dinə ən böyük təhrifləri gətirir. Bu təhriflərdən:
1 — İsanın (əleyhissalam) Allahın oğlu olması iddiası.
2 — İsanın (əleyhissalam) gəlişindən məqsədin əsasən günahların yuyulması və onun çarmıxa çəkilməsi olduğunu iddia etməsi.
3 — İsa peyğəmbərin (əleyhissalam) təbliğinin guya bütün yer üzündəki insanlara şamil olması iddiası.
4 — Musa peyğəmbərin (əleyhissalam) şəriətini qüvvədən salması və insanın əməl etmədən sadəcə iman gətirməklə xilas olacağını iddia etməsi.
5 — Sünnət ayinini qüvvədən salması (5).
Dördüncü amil: Xristianlığın bütpərəstlikdən və bütpərəst fəlsəfələrindən təsirlənməsi.
(Davamı növbəti paylaşımda olacaq inşəAllah)

Qeydlər və istinadlar:
(1) Əaməlur-Rusul. 7/54-59.
(2) Bax: Eyni mənbə. 12/2.
(3) Xristianlıqdakı bidətçilik, dini təhrif edən yenilik gətirmə anlayışı.
(4) Bu bidətlərdən «Docetizm», «Gnostizm», «Marsiyonizm», «Montana» fikirlərini göstərmək olar. Həmin dövrdə yazılmış bidətçi kitab və yazılardan Petrosun, Tomanın, Filipsin incillərini, «Haqq» incili, Misirlilərin incili, Üçüncü Kornişusun məktubu, Titosun məktubu, Lodikilərin məktubu, Petrosun kitabı, Bolisin kitabı, Tomanın kitabı və s. müxtəlif kitabları misal göstərmək mümkündür. Bax: تاريخ الكنيسة «Kilsənin tarixi» kitabı. Con Loriymer. səh. 1/89-151. (ərəbcəsi). Həmçinin bax: «Məsihiliyin tarixi» (تاريخ المسيحية) Həbib Səid. 1/46-62. (ərəbcəsi).
(5) Daha ətraflı baxmaq üçün: Dinlər haqqında araşdırmalar: yəhudilik və xristianlıq. دراسات في الأديان اليهودية والنصرانية — Dr. Suud ibn Əbdül-Əziz əl-Xələf. səh. 352-360. (ərəbcə) «Ədvaus-Sələf» nəşriyyatı.

Yazdı: Mədinə Beynəlxalq İslam universitetinin tələbəsi Sahib Əsədov.