Məqalələr Müxtəlif

Xoşbəxtliyin səbəbləri — Birinci səbəb — Tövhidin güclənməsi

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) buyurur: «Qulun xoşbəxtliyinin ünvanı üç şeydədir: Nemət verildiyi zaman şükr edər, Müsibət gəldiyi zaman səbr edər, Günah işlədiyi zaman Allahdan bağışlanma diləyər.» (Vabilus-Sayyib)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Xoşbəxtliyin səbəbləri

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Əssələmu aleykum va rahmatullahi va barakatuhu. Qardaşlarım, Allah məni və sizi özünün razı qaldığı qullarından etsin və bizi dünyada ve axirətdə xoşbəxt qullarından etsin.

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) buyurur: «Qulun xoşbəxtliyinin ünvanı üç şeydədir: Nemət verildiyi zaman şükr edər, Müsibət gəldiyi zaman səbr edər, Günah işlədiyi zaman Allahdan bağışlanma diləyər.» (Vabilus-Sayyib)

Əziz qardaşım əgər sən bu dünyada ağlı başında olan hər hansı bir insandan soruşsan ki, xoşbəxt olmaq istəyirsənmi ? O, heç tərəddüd etmədən deyəcəkdir ki, — «Bəli.»

İstər kafir olsun istər müsəlman, istər varlı olsun istər kasıb, istər kişi olsun istər qadın, hər biri xoşbəxt olmaq istəyir. Lakin görəsən bu xoşbəxtliyə necə nail olmaq olar? Çox insanlar bu xoşbəxtliyi çox yeməkdə və ya çox içməkdə və ya çox mal toplamaqda olduğunu düşünürlər. Xeyr, bu belə deyil, xoşbəxtlik təkcə bu şeylərdə deyildir.

Bilmək lazımdır ki, xoşbəxtlik iki növdür:

1) Hissi xoşbəxtlik;
İnsanın yeməyinin, içməyinin, malının və bunlar kimi insanın maddi həyatında zəruri şeylərin bol olması.

2) Nəfsi xoşbəxtlik;
Qəlbin xoşbəxt olması, sinənin geniş olması, gözün aydın olması və sükunət..

Bu növ xoşbəxtliyi pulla almaq mümkün olsaydı bütün insanlar bunu almaq üçün yarışardılar və ya bu xoşbəxtlik mirasla əldə olunsaydı varislərin əldə etdiyi ən gözəl pay bu olardı.. Lakin bu belə deyil, bu yalnız Allah tərəfindən bir bəxşişdir ki, bunu Allahu Təalə yalnız qullarından istədiyinə bəxş edir.

Xoşbəxtliyə nail olmağa yardım edən mühüm səbəblər:

Birinci Səbəb: Tövhidin güclənməsi

Tövhid xoşbəxtliyin ən uca və ən mühüm səbəblərindəndir. Nə vaxt insanın tövhidi və Rəbbinə olan təzimi güclənərsə və o insan Allaha olan təvəkkülündə sadiq olarsa, başına gələn müsibətlərə görə Allahdan savab umaraq səbr edərsə və bilərsə ki, baş verən hər bir şey Allahın qəza və qədərindəndir, bütün işləri idarə edən Odur və özünün də heç nəyə malik olmayan bir qul olduğunu bilərsə, bu zaman yəqin olar ki, həqiqətən ibadətə haqqı olan yalnız Allah Subhanahu va Təalədir ve daima Allahın nəzarəti altında olduğunu hiss edər.

Qazi Şureyh demişdir: «Başıma gələn hər bir müsibətdə dörd şeyə görə Allaha həmd edirəm:

1) Bu müsibətə qarşı məni səbrli etdiyinə görə;
2) Müsibət zamanı bu duanı (Həqiqətən biz Allaha məxsusuq, ona da qayıdacağıq!) — deməyə müvəffəq etdiyinə görə;
3) Mənə bundan böyük müsibət vermədiyinə görə;
4) Bu müsibəti mənim dinimdə etmədiyini görə.» (Siyər Ə`ləm ən-Nubələ)

Əziz qardaşım sənin başına bir müsibət gəldiyi zaman Allah Subhanahu va Təalənin bu ayələrini gözünün önündə et. Allahu Təalə buyurur:

«O kəslər ki, onlara bir müsibət üz verdikdə: «Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!» – deyirlər.» (əl-Bəqara 106)

«Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır.» (əş-Şura 30)

Bir məsələyə də diqqət etməyiniz daha yaxşı olar. Çox insanlar zənn edirlər ki, müsibət Allah tərəfindən bir əzabdır. Xeyr, bu həmişə belə deyil. Bəzən insanın başına gələn müsibət Allah tərəfindən nemət ola bilər. Çünki müsibət gəldiyi zaman onun üç halı olur:

1) O müsibət sənin günahlarına görə bu dünyadakı tezləşdirilmiş cəzan ola bilər.

Məlumdur ki, dünya əzabı axirət əzabından daha yüngüldür. Allahu Təalə buyurur: «Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır.» (əş-Şura 30)

2) O müsibət sənin keçmiş günahlarının bağışlanmasına səbəb ola bilər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Müsəlmanın başına gələn hər bir çətinlik, ağrı, qəm-kədər və hətta ayağına batan tikana görə Allahu Təalə onun günahlarını bağışlayar.» (Buxari)

3) O müsibət sənin Allah yanında dərəcənin qalxmasına və ucalmana səbəb ola bilər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Həqiqətən mükafatın böyüklüyü imtahanın böyüklüyünə görədir. Allahu Təalə bir qövmü sevərsə onları imtahan edər, kim razı qalarsa onun üçün razılıq vardır. Kim qəzəblənərsə onun üçün qəzəb vardır.» (Tirmizi və İbn Macə)

Bəzən Allahın səni bu müsibətlə imtahan etməsi sənə olan sevgisinə görə olur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Həqiqətən əgər bir qul Allah yanında çatacağı bir mənzilə əməli ilə çata bilməyibsə, Allahu Təalə onu bədəni ilə və ya malı ilə və yaxud da övladı ilə imtahan edər.» Bəzi rəvayətlərdə gəlir ki, «Sonra Allahu Təalə onu bu imtahan qarşısında səbrli edər hətta onu öz yanında çatacağı mənzilə çatdırar.» (Əbu Davud).

Başqa hədisdə yenə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Möminin işinə təəccüblənirəm, həqiqətən onun bütün işi onun üçün xeyirlidir, əgər başına sevindirici bir iş gələrsə şükr edər və bu onun üçün xeyirli olar, əgər başına müsibət gələrsə səbr edər və bu da onun üçün xeyirli olar. Bu yalnız mömin insan üçündür.» (Muslim).

Xülasə olaraq: Əgər insan bütün işlərini Allaha həvalə edərsə, bununla imanını gücləndirərsə və Allahın qəza və qədəri ilə razı olarsa, halı bu cür olmayan insanlardan fərqli olaraq onun yaşayışı rahatlaşar.

İbrahim ən-Nəxai (Allah ona rəhmət etsin) buyurur: «Kim qəza və qədərə iman getirməzsə onun yaşayışı rahat olmaz.»

Əziz qardaşım əgər Allaha təvəkkülündə sadiq olarsansa və etiqad edərsənsə ki, həqiqətən Allahu Təalə hər şeyi görür ve eşidir, həqiqətən ona heç bir şey gizli qalmır və O gecənin qaranlığında qara daşın üzərində gəzən qara qarışqanın ayaq səsini eşidir, bu zaman sənə xoşbəxtlik qapılarından əzəmətli bir qapı açılar..

Ardı var inşəAllah…

Müəllif: Abduləziz ibn Muhəmməd Sədhən
Müxtəsər Tərcümə: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment