Məqalələr

Xeyrə açar ol

Şeyx Abdur-Rəzzaq ibn Abdul- Muhsin əl- Abbad

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) dedi: «Həqiqətən insanlar arasında xeyirə açar və şərə qıfıl olanlar (şərin yolunu bağlayanlar) var. Həmçinin insanlar arasında şərə açar və xeyirə qıfıl (xeyirin yolunu bağlayanlar) olanlar var. Qoy Allahın xeyirə açar etdiyi kəslərə Tuğba (Cənnətdə ağac) nəsib olsun, şərə açar olanların isə hallarına vay olsun.» İbn Macə, həsən-səhih.

Xeyirə açar olub, şərə qıfıl olmaq üçün aşağıdakılara riayət etmək gərəkdir:
1. Uca Allah qarşısında söz və əməllərdə səmimi olmaq. Həqiqətən ixlas hər xeyirin mənbəyidir.

2. Hər işdə olduğu kimi xeyirə açar olmaq müvəffəq olmaq üçün Uca Allaha daima və aramsız dua etmək. Allah yalnız Ondan istəyən heç bir qulunu əliboş qaytarmaz və məyus etməz.

3. Əzmlə, yorulmadan elm tələb etmək. Bil ki, elm xeyirə, fəzilətli olana aparır, murdar şeylərin isə yolunu bağlayır.

4. Xüsusilə fərz olanlar daxil olmaqla ibadətlərdə möhkəm səy göstərmək. Çünki bu insanı təmizləyir, pis işlərdən çəkindirir.

5. Gözəl əxlaqla ədəblənmək, nalayiq davranışlardan uzaq olmaq.

6. Yaxşı, saleh insanlarla oturub-durmaq, təqvası ilə seçilən kəsləri tez-tez ziyarət etmək. Həqiqətən belə insanların məclisi Allahın rəhməti və mələkləri ilə əhatələnmişdir. Pis dostlardan və nalayiq məclislərdən isə uzaq qaçmaq lazımdır. Çünki bu yerlərdə şeytanlar yığılır.

7. Ətrafdakıları pis işlərdən çəkindirib, yaxşı işlərə həvəsləndirən hikmətli nəsihətlər vermək.

8. Hamının Rəbbi qarşısında dayanaraq, əməllərinə görə hesab verəcəyi Qiyamət gününü tez-tez xatırlamaq. Çünki həmin Gün «Zərrə qədər yaxşılıq edən də (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır.» (Quran, Zəlzələ, 7-8).

9. Bütün bu sadalananlara dayaq olan solmayan xeyir gətirmək və onu insanlara çatdırmaq həvəsinə malik olmaq. Bu həvəs insanın daxilində coşub-daşdıqca, həmin kəs niyyətini sırf Allahla bağlayır, qətiyyətlə işə girişir və müvəffəq olmaq üçün yalnız Allahdan kömək istəyərək, Ona təvəkkül edir. Nəticədə isə Yaradanın izni ilə xeyirə açar, şərə isə qıfıl olur.

Qullarına müvəffəqiyyət bəxş edən isə yalnız Allahdır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Abdur-Rəzzaq ibn Abdul- Muhsin əl- Abbad
Hazırladı: Ummu AbdulAziz