Məqalələr

Valideynlərlə davranış

Ana-ata ilə yaxşı davranmaq hər vaxt üçün vacibdir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam dini mükəmməl din olaraq hər mövzuya münasibətini bildirmiş, insanları maarifləndirmişdir. İslamdan əvvəlki xoş olmayan, neçə — neçə həyat tərzi İslamdan sonra qurtuluşa çatmış, sərtləşmiş qəlblər yumşalmış, sönük üzlər, təbəssümlə aydınlanmışdır.

Uca Allah öz hikməti və qüdrəti ilə insanları ən gözəl biçimdə xəlq edib, onun rahat yaşayışı üçün saysız-hesabsız nemətlər bəxş etmişdir. Bu nemətlər olduqca çoxdur.. Bizə bu nemətləri əta edən Uca Allaha sonsuz həmd və sənalar olsun.

Bir nemətdən söz açmaq istərdik. O nemət ki, çoxumuz bu nemətdən qafil, onu dəyərləndirməkdən isə uzağıq.

Bunu isə Valideyn — Ata və Ana nemətinin qədir — qiymətini anlamaqla, onlara olan son dərəcə xoş və nəzakətli davranış sərgiləməklə və ən əsası bu davranışımızla Uca Allahın sevgisini və razılığını ummağımızla qazanmağımız mümkündür.

Valideyn-övlad münasibətləri ilə bağlı tövsiyyələr dinimizdə ilk sıralarda yer alır.
Bunu Quran və Sünnədən azacıq anlayışı olan hər bir müsəlman bilir. Beləki, dinimiz Allah və Rəsuluna (Allahın ona salavat və salamı olsun) itaətdən sonra valideynlərə itaət etməyi əmr etmişdir. Bu mövzuda çox sayda əsərlər yazılmış, moizələr söylənmişdir.

Bu günün gəncləri arasında elələri də vardır ki, Allah və Rəsulunun (Allahın ona salavat və salamı olsun) əmrlərini göz ardı edərək, ana-ata haqlarını zay edir, onların dəyərini layiqincə qiymətləndirmirlər. Hətta bəziləri onlara səslərini qaldırmaqla, qəzəbli davranmaqla , təəssüflər olsun ki, hətta bəzən əl qaldırmaqla da hədlərini aşmışlar.

Ana və atasına pis davrananlar təkcə, islamdan, Quran və Sünnədən uzaq insanlar deyillər. Bu davranışları müsəlman olan, özünü illərdir ibadətə həsr edən gənclərin də eynən cahil insanlar kimi valideynlərinə qarşı kobud rəftar etdiyinin şahidi oluruq.

Doğrusu İslamdan, ibadətdən uzaq insanların bu cür pis davranışlarını hardasa anlamaq mümkündür. Çünki onlar əməllərini İslama uyğunlaşdırmağa çalışan və axirətdə etdikləri əməllərin hesabını vermə dərdində olan insanlar deyildirlər.

Bəs, Allahı anan, əməllərini İslama uyğunlaşdırmağa çalışan və axirətdə etdiklərinin hesabını vermə dərdində olan müsəlmanların valideynlərinə qarşı pis davranışları nə dərəcədə düzgündür?

Kitabım Qurandır deyən, kitabdakı əmr və qadağalardan hesaba çəkiləcəyini bilən və eyni zamanda ana və atasını üzən, ağladan, onlara zülm edən bir müsəlman olması necə örnək bir müsəlman kimi dəyərləndirilə bilər?

Allaha qulluq edərək şükür edən bir müsəlmana yaraşarmı, ana və atasına üsyan edərək nankorluq etsin..?

Uca Allah Quranda ana-ata ilə necə davranmağı bizlərə açıq və kəsin şəkildə bəyan etmişdir.

Rəbbimiz buyurur: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.» (əl-İsra, 23-24)

Digər ayədə: «Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman, 14-15)

Peyğəmbərlər insanlar üçün nümunə olaraq seçilmişlər. Onlar insanlığa yol göstərən, davranış incəliklərini öz həyatlarında yaşayaraq ortaya qoyan insanlar idilər.. Allahın salamı hər birilərinin üzərilərinə olsun.

Həyatımızın hər addımında Onlardan örnək almağımız və davranışlarımızı Onların davranışlarına bənzətməyimiz israrla bizlərə əmr edilmişdir.

Peyğəmbərlərimizin həyatına baxsaq görərik ki, onlar valideynlərinə qarşı son dərəcə yüksək əxlaq göstərmişlər.

Uca Allah Məryəm surəsi 41-45 ci ayələrdə buyurur: «(Ya Rəsulum!) Kitabda (Qur’anda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur! Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!”

İbrahim (Allahın ona salamı olsun) peyğəmbərin atası bütə tapınmaqla bərabər, həm də özü büt düzəldirdi. Təsəvvür edirsiz, o, bu əməli ilə insanlar arasında bütçülüyün yayılmasına səbəb olurdu.

Ancaq bütün bunlara baxmayaraq, İbrahim (Allahın ona salamı olsun) atasına qarşı olduqca mehriban davranırdı. Yəni, atası büt düzəldir deyə onunla sərt, kobud, ədəbdə kənar rəftar etmirdi. Əksinə, atasına xitab edərkən «ata» sözünün əvəzinə ondan daha hörmətli məna ifadə edən «atacan» sözünü işlətmişdir. Və özündən sonra gələn müsəlmanlara örnək olmuşdur.

Bəlkə də bu rəftarın mükafatıdır ki, İbrahim oğlu İsmayıla (Hər ikisinə Allahın salamı olsun) yuxusunu danışdıqda İsmayıl atasına mehribancasına cavab verir.

«O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.» (əs-Saffət, 102)

Digər nümunəni isə Yusuf peyğəmbərin əxlaqında görürük. Valideynləri uzun çəkən həsrətdən sonra Misirə daxil olduqda, Yusuf peyğəmbər (Allahın salamı olsun) Onları bağrına basır və Onları ən üst məqam olan taxta oturtmuşdur. Quran onun bu gözəl hərəkətini belə anladir.

«Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” O, ata-anasını taxtın üstündə əyləşdirdi.» (Yusuf, 99-100)

Bu ayədə biz müsəlmanlara ibrət olan məqamda odur ki, bizlər valideynlərimizlə bir olduğumuz evlərdə, məclislərdə onlara hər şeyin ən yaxşısıni ikram edək.

Ana-ataya itaəti bildiyimiz kimi onlara olan davranışlarımızda asilik olub-olmadığını bilməyimiz də çox vacibdir.
Ana-ataya üsyan edib-etmədiyimizi, itaətkar olub-olmadığımızı daim nəzərdən keçirməliyik.

Valideynlərə asilik bir neçə şəkildə özünü göstərir, məsələn:

Ana-atanı ağlatmaq, onları istər söz ilə istərsə də əməllərimiz ilə üzmək,
valideyn bir iş buyurduqda onu «uf» kimi narazı kəlmələr söyləyərək yerinə yetirmək. Hansı ki, bu da məzəmmətlənən əməllərdəndir. Dinimiz bir əməlin Allah qatında qəbul olması üçün onu ixlasla, içdən gələrək etməyimizi əmr etmişdir.

Valideyndən bir şey istədikdə onu əmr edirmiş kimi tələb etmək. Əgər Onlardan bir şey istəməli olsaq, onu xoşluqla istəmək.. Necə ki, bir vaxtlar sən körpə idin və onlar sənin hər tələbini xoşluqla yerinə yetirirdilər.

Övladın valideynin işini, yeməyini və s bəyənməməsi. Onlar hər hansı bir işdə ola bilər xətalı olsunlar. Xəta hər kəsə xasdır. Ancaq onların bu xətasını qəlblərini qırmadan, küsdürmədən gözəl tərzdə söyləyərək düzəltməyə çalışmaq lazımdır.

Yardımlarını tərk etmək.. Onlar yaşlanıb, zəif düşdükdə köməyə ehtiyac duyduqları vaxtda onlara qayğı göstərməyi uca Allah əmr etmişdir.

İslam dinindən başqa heç bir dində valideynə bu qədər dəyər verilməmişdir. Buna görə də dinimizdə «Qocalar evi» adlanan bir anlayış yoxdur.

Ana-ata ilə yaxşı davranmaq hər vaxt üçün vacibdir!

Sadəcə, qocalıq çağında onların yardıma ehtiyacları artdığından bele vaxtda onlara qarşı daha da həssas davranmalıyıq.

Bildiyimiz kimi Uca Allah pisliyə yaxşılıqla qarşılıq verməyi əmr etmişdir.

«Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.» (Fussilət, 34)

Pisliyə yaxşılıqla qarşılıq verilməsi bəyənildiyi halda bəs, yaxşılığa edilən münasibət necə olmalıdır?

«Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?» (ər-Rahmən, 60)

Valideynləririmiz həyatları boyunca əllərindən gələn bütün yaxşılıqları bizə göstərmişdirlər. Ən kiçik bir yaxşılığı belə bizdən əsirgəməmişdilər. Bu səbəblə də yaxşılıq edən bu insanlara qarşı yaxşılığımızı artırmalıyıq.
Ana-ataya yaxşılıq təkcə, onlar həyatda ikən deyil, onların vəfatından sonra da olmalıdır. Bir sözlə, yaxşılığa davam etməliyik. Onlara dualar etmək, Allahdan bağışlanma diləmək, vəsiyyətlərini yerinə yetirmək, qohumlarını və dostlarını ziyarət etmək, onlarla əlaqələri kəsməmə və s. bu yaxşılıqlardan sayılır.

Həyatda yaşayan bütün insanlar uşaqlıq vaxtlarını yaşadığı kimi qocalıq çağını da yaşayır. Gənc ikən valideynlərə qarşı necə münasibət göstərilirsə, yaşlandığı zaman da övladları onunla eyni cür davranacaqdır. Unutmayaq ki, cəza əməlin mislindəndir.

Bizlər də hər birimiz bir övladıq. Heç şübhə yox ki, valideynlərlə münasibətdə, davranışda bəlli qüsurlara, xətalara yol vermişik. Bilərək və ya bilməyərək. Önəmli olan bunun məsuliyyətini dərk etmək Allah və Rəsuluna (Allahın ona salavat və salamı olsun) itaətdən sonra valideynə itaətin vacib olduğunu haqqıyla anlamağa və buna əməl etməyə çalışmalıyıq. Hər nə qədər çətin olsa da, hər nə qədər bu xətalara yenidən qayıtsaq da mütləq və mütləq bütün gücümüzlə valideynlərimizə olan münasibətlərimizi incələməliyik. Bunun üçün təzkiyyə mövzusunda əxlaqi təsəvvürlərimizi artırmalıyıq. Bu əxlaqi təsəvvürlər də öz növbəsində əxlaqi davranışlarımıza siraət etməlidir.

İnsan etdiyi hər bir əməlin Allah qatında necə dəyərləndirildiyini bilərsə, tədbirini də ona uyğun etməyə çalışar.

Nə qədər ki, valideynlərimizlə birgəyik, onlara qarşı sevgi və diqqətimizi artırmağa çalışaq.
Sələflərdən biri deyir, nə qədər ki, anam sağ idi cənnətin qapısı üzümə açıq idi.

Gəlin, biz də «qapı» üzümüzə bağlanmamış fürsəti dəyərləndirək. Ana və atamızın könlünü xoş edək!

Uca Allah hamımızı ana-atasını razı edən, dünyada ikən onlarla yaxşı keçinən saleh qullarından etsin! Amin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ummu Yəhya