Məqalələr

Valideynlərə məktub

Hər birimiz baxaq görək biz yaxşı işləri əmr etməkdə və pis işlərdən çəkindirməkdə nə qədər uğur qazanmışıq?!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin rəbbi Allaha həmd, özündən sonra Peyğəmbər olmayan Muhəmmədə Allahın salavatı və salamı olsun.

Əziz valideynlər, bu məktubu uca Allahın aşağıdakı ayəsini və Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dəyərli kəlamını örnək tutaraq qələmə alıram: “Bir-birlərinə haqqı və səbri tövsiyə edərlər.” (əl-Asr: 3). Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Qardaşını sevirsənsə, sevdiyini ona bildir.” Həmçinin, “Din tövsiyədir” hədisi də bizə bu işdə örnəkdir.

Əziz valideyn, uca Allah övladlarınızın, qardaşlarınızın, qohum-əqrəbalarınızın və tanıdıqlarınızın qəlbində sizə qarşı sevgi və ehtiram yaratmışdırsa, bu yalnız sizin səmimiliyinizə (dində buna ixlas deyilir) və doğru niyyətinizə, doğrunu sevməyinizə və daim doğruluğun tərəfində olmağınıza görədir.

Bu istinad nöqtəsinə əsaslanaraq bəlkə sizin də bildiyiniz bəzi məsələləri sizə olan sevgim və mərhəmətimdən dolayı bir daha xatırlatmaq istərdim.

İlk xatırlatmaq istədiyim məsələ, övladlarınıza yaxşı işləri əmr edib, pis işlərdən çəkindirməyinizdir. Bu, daim ayıq-sayıqlıq və səbr tələb edən, qorunması vacib olan səngərdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali İmran: 200).

Hər birimiz baxaq görək biz yaxşı işləri əmr etməkdə və pis işlərdən çəkindirməkdə nə qədər uğur qazanmışıq?!

Mən hələ küçədə baş verən pis işlərdən çəkindirməkdən danışmıram, hələ söhbət evimizin içinə, beyinlərimizə və övladlarımızın beyninə daxil olmuş pis işlərdən gedir.

Bizə vacib olan yaxşı işləri övladlarımıza əmr etmək, pis işlərdən çəkindirmək, uzaqlaşdırmaq, evlərimizi pisliklərdən təmizləməkdir. Onları haqq yoldan azdıran və korlayan səbəblərdən uzaqlaşdırmaqdır.

Bu işdə Allahın bizə bəxş etdiyi vaxtı, səyi, tövsiyəni və irşadı səfərbər etməliyik. Övladlarımıza kişilik keyfiyyətlərini və əzmkarlığı öyrətməli, onları əsl şəxsiyyət kimi yetişdirməliyik. Uca Allah buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…” (ən-Nur: 37). Digər ayədə isə belə deyilir: “Orada paklanmağı sevən insanlar vardır.” (ət-Tövbə: 108).

İkinci məsələ: Onlara imanın əsaslarını və doğru etiqadı öyrətməli, Rəbblərini, yaradanı və ruzi verəni onlara tanıtmalı, Onun tək olduğunu və heç bir şəriki olmadığını, Onunla bərabər başqa ilahın olmadığını bildirməli, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığını öyrətməliyik. Eyni zamanda onları şirkdən, şərik qoşanlardan, və şirkin növlərindən çəkindirməliyik. Bununla yanaşı onları, etiqadlarına xələl gətirən və korlayan səbəblərdən uzaqlaşdırmalıyıq.

Üçüncü məsələ: Övladlarımızı itaətə vərdiş elətdirməliyik. Onlara Allahın dini ilə tərbiyə etməli, Allahın kitabını və Peyğəmbərinin (Ona Allahın salavatı və salamı olsun) hədislərini əzbərləməyə vərdiş elətdirməli, onlara gözəl örnək olmalıyıq.

Ata xoş söz danışmaqla, gözəl davranmaqla, haram işlərdən uzaq durmaqla, bütün işlərdə hikmətli davranışı, səhvləri düzəldərkən doğru üslubdan istifadə etməsi ilə gözəl örnək olmalıdır. Ata övladlarına tövsiyə edərkən və yol göstərərkən onlara yaxşı örnək olmalı, ədalət və doğruluq prinsiplərinə dayanmalıdır.

Dördüncü məsələ: Övladlarımızı namaza təşviq etməli, onları namaza oyatmalı və bu ibadətə vərdiş elətdirməliyik. Uca Allahın bu ayəsini örnək tutaraq onları özümüzlə Allahın evlərinə aparmalıyıq: “Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et…” (Taha: 132). Biz bu əzəmətli ibadəti onların qəlbində dəyərli göstərməliyik. Kim bu ibadətə dəyər verərsə, onu həm qəlbində, həm də evində yaşadar. Biz onlara bildirməliyik ki, namazı tərk etmək Allaha qarşı müharibə elan etməkdir. Namazı tərk etməklə onlar səmadan gələn yardımı kəsmiş olurlar. Səmada və yerdə olanlar ona qarşı qəzəbli olarlar. Onlar bilməlidirlər ki, Allahın evlərini tanımayanla, namaz qılmayanla dostluq edilməz.

Beşinci məsələ: Övladlarımızı Qurana bağlı saxlamalı, onu əzbərləməyə, oxumağa, tilavət etməyə, başa düşməyə, dərk etməyə və dinləməyə təşviq etməliyik. Kiçik yaşlarından onlara Quranı öyrətməliyik. Onlar saf zehinləri və pak qəlbləri sayəsində onu əzbərləməyi yaxşı bacararlar. Onların uşaq yaşlarında Qurana bağlı olmaları onların Quranı sevməsinə və ona bağlı olmasına, əmrlərini yerinə yetirib, qadağalarından çəkinməsinə, əxlaqı ilə əxlaqlanmasına və bu kitabın yolu ilə getməsinə təkandır.

Altıncı məsələ: Onları azdıran səbəblərə mane olmaq lazımdır. Onlara xeyir gətirən işləri cəlb etmək, zərər gətirən işləri isə dəf etmək lazımdır. Biz Allahın bu vədi barədə tam əmin olmalıyıq: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!” (əl-Ənkəbut: 69).

Əziz valideyn, bil ki, övladını uzaq tutmalı olduğun ən önəmli amil pis yoldaşlar, şər dostlardır. Pis dostlar və şər insanlarla oturub-duran övlad mütləq onların pis əxlaqından təsirlənəcək, onlardan pis xüsusiyyətlər, ən rəzil vərdişlər öyrənəcəkdir.

Əziz valideynlər, bütün bu deyilənlərdən sonra bilməlisiniz ki, siz bu istiqamətdə atdığınız hər bir addıma görə, Allah qatında böyük savaba nail ola bilərsiniz. Yetər ki, etidiyniz hər bir kiçik və böyük əməlin savabını Allahdan diləyin. Bilin ki, qiyamət günü sizə ilk toxunacaq od bu yöndə etdiyiniz səhlənarlıqdan dolayı olacaqdır.

Məktubumun sonunda sizə bir rəvayəti nəql etmək istəyirəm. Bu hadisədə hər bir valideyn üçün böyük ibrət dərsi vardır.

Bir kişi müsəlmanların ikinci xəlifəsi, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) qayınatası Ömər bin əl-Xəttabın (Allah ondan razı olsun) yanına gəlib övladının ona itaətsizlik etməsindən gileylənir. Ömər (Allah ondan razı olsun) kişinin övladını çağırıb onu tənbeh edir.

Oğlan deyir: Ey möminlərin əmiri, məgər övladın ata üzərində haqqı yoxdur?!

Ömər dedi: Əlbəttə vardır.

Oğlan: Onlar hansılardır ey möminlərin əmiri?

Ömər: Onun üçün yaxşı ana seçsin, ona gözəl ad versin və ona Quranı öyrətsin.

Oğlan: Ey möminlərin əmiri, atam bu deyilənlərin heç birini etməyib. Anam bir atəşpərəstə məxsus olan zənci kölədir. Adımı da “Peyin Qurdu” qoyub. Kitabdan da mənə bir hərf belə öyrətməyib.

Ömər (Allah ondan razı olsun) üzünü kişiyə tərəf tutub dedi:  Sən gəlib övladından şikayət edirsən, halbuki ondan əvvəl sən onun hüquqlarını pozmusan, ondan əvvəl ona pislik etmisən.

Dəyərli valideynlər, övladlarınızı tərbiyə etmək üçün əvvəlcə Allahdan yardım diləyin, sonra onlar üçün Allahdan doğru yola yönəlməyi istəyin. Bilin ki, doğru yola yönəldən yalnız Allahdır. Allahdan əməlisaleh zürriyyət istəyin və duada Ona yalvarın. “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” (əl-Furqan: 74).

Allahdan diləyirəm ki, həm bizə, həm də sizə əməlisaleh zürriyyət nəsib etsin. Bizi sevdiyi və razı qaldığı işlərə müvəffəq etsin.

Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun.

Fəqih.com heyəti