Məqalələr

Valentin “bayramının” tarixi

“Müqəddəs” Valentin günü, erotik hisslərin bayram edildiyi qədim bütpərəst ənənəsinin “xristianlaşdırılmış” versiyasıdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Müqəddəs” Valentin günü, erotik hisslərin bayram edildiyi qədim bütpərəst ənənəsinin “xristianlaşdırılmış” versiyasıdır.

“Xristianlıq bu gün” jurnalı yazır: İsa Peyğəmbərin doğulmasında 4 əsr öncə, romalılar Luperkalia adlanan bir bayramı qeyd edirdilər. Bayramda iştirak edən qadın və kişilərin adları qutulara yığılır, hər qutudan bir qadın və bir kişi adı çıxarılaraq “cütləşdirilirdi”. Bir il sonra, həmin bayram vaxtı eyni insanlar özlərinə yeni “sevgili” tapırdılar. Bir sözlə, bu bayram seksual lotereya xarakteri daşıyırdı1.

Amerika Katolikləri təşkilatının internet saytında isə qeyd olunub: ““Müqəddəs” Valentin günü öz kökünü, fevral ayının 15-i qeyd olunan Luperkaliya festivalından götürür. 800 il boyunca romalılar bu günü Luperkus adlı ilaha həsr ediblər”.

Əfsanəyə görə, Luperkal, dişi canavarın, müharibə ilahı Marsın və ölüm kahinəsi Reya Silviyan, Tibr çayının kənarına tərk edilmiş əkiz oğulları Romulus və Remusu əmizdirdiyi mağaranın adıdır.

National Geographic jurnalında çap olunmuş məqalədə yazılıb: “Hər il, fevral ayının 15-i, Luperkaliya festivalının bir ayini kimi, qədim keşişlər bir it və iki keçi öldürərək onların qanını adlı-sanlı ailələrdən çıxmış iki oğlanın alnına yaxırdılar”2.

Tarixçi, “İki Babil” kitabının müəllifi Aleksandr Hislop bu günün, məharətli oxçu və zalım padşah Nəmruda həsr olunduğunu bildirir3. Luperkus sözü “canavar ovçusu” kimi tərcümə olunur. Bu gün – xristian təqviminə əsasən fevral ayının 14-ü — qədim Babil kraliçası Semiramida oğlu Nəmrudu evləndiyrdiyi günü bayram elan edir.
Əslində, Roma Kilsəsi rəsmi olaraq Müqəddəs Valentin adlı bir şəxsi yad etmir və bu günü rəsmi olaraq qeyd etmir 4.

Dünya Kitabı Ensiklopediyasında bu cümlələrə rast gəlmək olar: “…bu günə aid ənənələrin müqəddəslərin həyatına heç bir aidiyyatı yoxdur…xristianlıq yayıldıqdan sonra, din xadimləri bu bütpərəst bayramı xristianlaşdırmağa çalışdılar. 496-cı ildə, Roma Papası I Gelasiy Luperkaliya festivalını fevralın 15-dən 14-nə keçirərək onu Müqəddəs Valentin günü adlandırdı. Lakin, festivalın köhnə ənənələri günümüzə qədər davam etdirilir. Tarixçilərin isə Müqəddəs Valentinin kimliyi barədə fikirləri bir-birinə ziddir”5.

Papa I Gelasiy, sevənlərin himayəçisi sayılan Valentinin adından istifadə edərək əhalini bütpərəst ayinlərdən uzaqlaşdırmaq istəyirdi.

Bu bayramın rəmzlərindən biri əlində yay və kaman tutmuş, sevgi ilahəsi Veneranın oğlu olan Kupidon adlı qanadlı uşaqdır. Bütpərəst mifologiyasına əsasən, Kupidonun oxuna tuş gəlmiş insan ilk gördüyü insana aşiq olur. Vermon Universitetinin Professoru Ancelin Çyunun sözlərinə əsasən, Kupidonun yunan versiyası olan Eros, V əsrdə “atletik bədən quruluşna malik, cəsur və qanadlı” bir kişi kimi təsvir olunurdu. Professor Çyu bildirir ki, Kupidon İntibah dövründə dəyişdirilərək uşaq halını alıb.

Kolorado Universitetinin əməkdaşı tarixçi Noel Lenski bildirir ki, Luperkaliya festivalında iştirak edən romalılar “içkili və çılpaq olurdular”. “Gənc qadınlar sıraya düzülür və kişilər onları sıra ilə vururdular” — Lenski deyir. Romalılar inanırdı ki, bu yolla qadınlar daha çox uşaq dünyaya gətirəcək.

Beləliklə, bir çox mənbələrdə bu bayramın bütpərəst köklərə malik olduğunun dəlilləri mövcud olsa da, hər il milyonlarla insan Müqəddəs Valentin gününü bayram etməyə davam edir. Amerika Pərakəndə Satış Federasiyasının təqdim etdiyi statistik göstəricilərə əsasən, insanlar bu gün yalnız şirni, təbrik kartları, güllər və digər hədiyyələrə 17 milyard dollar xərcləyirlər6. Bu da bir daha bu gün Müqəddəs Valentin gününün sevgi naminə yox, kommersiya məqsədləri üçün şişirdildiyini sübut edir.

Bir-birini sevən insanlar arasında təbii şəkildə zühur etməli olan romantik hisslər, marketinq dahiləri və mətbuat tərəfindən zorla təşviq edilir. Bəlkə də bu günü bir çoxları süni də olsa sevinc içində keçirir. Lakin, məhz bu bayram bəzi insanların psixologiyasında dərin izlər buraxır. Ətrafda hər kəsin qucaq dolusu hədiyyələrlə gəzişdiyini görən tək insanlar depressiv hisslərə qapılır, hətta intihara əl atırlar. Müxtəlif sosial təbəqələrdən olan insanlar özlərinə verilən hədiyyələri müqayisə edir, narazı əhval-ruhiyyəyə qapılır və “sevgilisini” simiclikdə günahlandırır. Bu xırda məsələlər ucbatından sevənlər arasında soyuqluq yaranır, ailələr dağılır.

Ümumiyyətlə isə bu bayram artıq iki sevgilinin qeyd etdiyi bir bayram olmaqdan çıxıb. İnsanlar arasında elə bir təbliğat aparılır ki, dostlar, tanışlar və hətta məktəb və bağça uşaqları bir-birinə sevgi hədiyyəsi bağışlamalı, sevgi etirafı etməli olur. Milyonlarla süni gül, toz yığmaqdan başqa bir işə yaramayan oyuncaqlar və tərkibi bəlli olmayan şirniyyatlar dövriyyəyə girir.

Xoşbəxtlikdən bir çox dünya ölkələrində kiçik miqyaslı da olsa maarifləndirmə işləri aparılır. Kilsələrdə və məscidlərdə verilən xütbələr zamanı din xadimləri bu bayramın dinlə heç bir əlaqəsi olmadığını insanlara xatırladır.

Müsəlman ölkələrində də bu istiqamətdə müəyyən səviyyədə maarifləndirmə işləri aparılır. Pakistanın bir çox ərazilərində bu bayram əhali tərəfindən boykot edilib.

Türkiyə Cümhuriyyəti müftiləri xütbələr zamanı insanlara bu bayramın bütpərəst kökləri barədə məlumat verib.
Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada dövlət və din xadimləri əhaliyə müraciət edərək bu günü zina üçün bəhanə adlandırıb.

Malayziyanın paytaxtı Kuala Lumpurda 19-25 yaş arası 300-dən çox könüllü maarifləndirmə işlərinə qoşulub.

Mənbə:
1. Olsen T. “O zaman mənim Valentinim olma”. “Xristianlıq bu gün” jurnalı. 12 fevral 1999-cu il.
2. Valsekki, Mariya Kristina. “Roma banilərinin müqəddəs mağarası aşkarlanıb” “Arxeoloqlar deyir”. National Geographic News. 26 yanvar, 2007-ci il http://news.nationalgeographic.com/news/2007/01/070126-rome-palatine.html)
3. Aleksandr Hislop, “İki Babil” kitabı
4. Müqəddəs Valentin gününün mənşəyi. http://www.americancatholic.org/Features/ValentinesDay/ 31 yanvar, 2004-cü il
5. Dünya Kitabı Ensiklopediyası (Müqəddəs Valentin günü. 19-cu cild. 1996-cı il, səh. 205-206)
6. http://www.voanews.com/content/valentines-day-around-the-world/1851556.html

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha