Məqalələr Müxtəlif

Üzərində olduğumuz qəflət

Allaha and olsun ki, həqiqətən biz insanlar qəflət içərisindəyik. Əgər bizlər dünyaya gəlməyimizin həqiqətəni, Allahın Əzəmətini, üzərimizdə olan məsuliyyətin böyüklüyünü, qəbr sıxıntısını, Qiyamətin dəhşətini, sırat körpüsündən keçməyin çətinliyini, haqq-hesab gününün sahibi olan Allahın önündə hesaba çəkilməyimizi, cəhənnəmin şiddətli əzabını, oradan qurtuluşun çətinliyini və Peyğəmbərimizin ﷺ bildiklərini bilsəydik az gülüb çox ağlayar, dünya ləzzətlərindən həzz ala bilməz, hətta mübah olan şeylərdən belə üz çevirərdik.

Bu işlərin həqiqətini oturub dərindən fikirləşsək, həqiqi mənada həyatımızı dəyişər, özümüzə çəki-düzən verər, əbədi olanı fani olana dəyişməzdik.

Səhabələrə deyildikdə ki sabah öləcəksən, onlar başqa bir ediləcək saleh əməl tapmazdılar ki onu da etsinlər, çünki, onların hər günü saleh əməl üzərində idi və hər günləri üçün sanki bu gün öləcəkmişlərmiş kimi hazırlıq görərdilər.

Lakin, bu gün bizə deyilsə ki sabah, yaxud önümüzdəki həftə dünyadan köçəcəksən, hələ də saxlayıb tövbə etmədiyimiz günahlardan dərhal hamısından tövbə edər, bütün saleh əməlləri edər, hətta mübah, caiz olan əməlləri; yuxularımızı, yeyib-içməyimizi, gəzintilərimizi, əyləncələrimizi tərk edərək Allaha itaətə yönələrdik.

Hansı ki, biz ölümün bizə nə zaman gələcəyindən əmin deyilik, ola bilsin ki, bu dediyimiz möhlət həqiqətən də içimizdən biri üçün ya bir gün, ya da bir həftədir..

Hazırladı: Nail Paşayev