Məqalələr Qadınlar üçün

Üz Örpəyi — Stereotipləri sındırın!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Üz örpəyi, niqab, duvaq, rübənd, yaşmaq, burqa…Fərqli mədəniyyətlərdə müxtəlif adlara malik olan bu geyim növünün adı kimi özünə də münasibət birmənalı deyil. Niqab sözü deşik, yarıq açmaq mənasını ifadə edən Ərəbcə “nəqabə” felindən törəmişdir. İslam nöqteyi nəzərindən qadının üzünün örtülməsini təmin edən geyim hissəsidir. Fiqhi hökmünün vacib yaxud müstəhəb olmasına dair alimlər arasında fikir ayrılığı olsa da, (yazıda məsələnin bu yönünə toxunulmayacaq), istənilən halda, o İslam dinində yüksək qiymətləndirilir. Buna baxmayaraq, hətta müsəlmanlar arasında da üz örpəyinə münasibət həmişə müsbət deyil, müxtəlif stereotiplərlə müşayət olunur. Allahın iznilə onlardan bir neçəsinə aydınlıq gətirmək yerinə düşərdi:

Stereotip 1. İslamda üz örpəyi yoxdur, təriqətçilər tərəfindən sonradan uydurulub.

Subyektiv maraqlar fonunda bu kimi iddialar bir çoxları tərəfindən dəstəklənsə də, əslində onun təkzibi üçün təkcə aşağıdakı ayə kifayətdir: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarna de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.» (əl-Əzhəb 59)

Ayədəki «yudninə» sözü «idnə» kökündən gələn feldir, və tərcümədə yuxarıdan aşağıya doğru heç bir maneə olmadan axıb tökülən, örtən mənasını ifadə edir. Qurtubi (Allah ona rəhmət etsin) təfsirində cilbabı izah edərkən, Qatadənin, İbn Abbasın, Həsənin və digərlərinin (Allah onların hamısından razı olsun) onun üzün və sinənin böyük bir hissəsini örtən örtük olduğunu bildirmişlər. (Əl Cəmi əl-Əhkəm əl-Qur`ən)

Eləcə də Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bütün zövcələri və qızları (Allah onların hamısından razı olsun) niqaba riayət edərdilər. Buxarinin «Səhih»ində İfk hadisəsi ilə bağlı Səfvan ibn Muttəl əs-Suləminin (Allah ondan razı olsun) Aişənin (Allah ondan razı olsun) üzünün örtülü olduğunu bildirdiyi hədis Sünnədəki bir çox dəlildən yalnız biridir.

Beləliklə aydın olur ki, niqab bu ümmətin ən xeyirli qadınlarına məxsus geyimdir, ona dil uzatmaq möminlərin analarının geyiminə dil uzatmaq deməkdir. Müsəlman qadının isə salihələrə bənzəmək istəyi yalnız alqışlanmağa layiq xüsusiyyətdir: «Kim özünü hansı qövmə bənzədərsə, o da onlardandır.» (Buxari)

Stereotip 2. Cahiliyyə ərəblərinin geyimidir, ibadət yox, ənənədir.

Məşhur tarixi əsərlərin müəllifi İbn Kəsir (Allah ona rəhmət etsin) cahiliyyə dövründə qadınların üzlərini örtmədiyini, baş örtüklərini yaxalarında yox, arxadan bərkidib, bərbəzəklərini, sinələrini açıqda qoyaraq, küçə və bazarlarda, naməhrəmlərin önündə gəzdiklərini bildirərək belə qeyd edir: “Əbu-l Aliyə deyir: «Cahiliyyə dövründə qadınlar kişilər arasında sinələrini açıb gəzər, bəzəklərini, boyunlarını, saç hörüklərini və qulaqlarındakı sırğaları nümayiş etdirərdilər.» ” (Təfsir İbn Kəsir).

Bu isə cahiliyyə ərəbləri arasında niqabın yayılmadığını, hicab ayəsi nazil olanadək onlar arasında açıq-saçıqlığın ənənəviləşdiyini göstərir.

Stereotip 3. Günümüzlə ayaqlaşmır, qeyri-mümkündür.

Niqabla bağlı stereotiplərdən biri də onun zamanın tələbləri ilə ayaqlaşmadığı, sosial həyatda fəaliyyət göstərmək üçün maneə yaratdığına dairdir. Həqiqətdə isə artıq yuxarıdakı bölmələrdən də aydın olduğu kimi, üz örpəyi daşdan, taxtadan, xəmirdən və s. öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş edən, onların xeyir yaxud ziyan gətirəcəyinə inanacaq dərəcədə zəif düşüncə tərzinə malik olan, qız övladlarını diri-diri basdıran, əksərən savadsız, öz ənənələrinə müxalif olan istənilən ideyaya qarşı kəskin dözümsüzlük göstərən cahil, ibtidai bir toplumda müsəlmanlar arasında yayılmağa başlamışdı. Əgər hətta belə bir primitiv cəmiyyətdə də müsəlman qadın üz örpəyinə riayət edib, sosial həyatdan tədric olunmur, əksinə, aktiv şəkildə fəaliyyət göstərə bilirdisə, qloballaşma, elm, təhsil və mədəniyyətin tərəqqisi fonunda üz örpəyinə xaricdən qoyulan maneə bir çox hallarda cüzidir. Başqa sözlə «qeyri-mümkün»lük baryeri kənar fiziki faktorlardan daha çox, beyinlərdə oturan süni və şişirdilmiş psixoloji maneə və stereotiplərdən irəli gəlr. İstənilən yadırğanmış fikir əvvəldə kütlə tərəfindən fitri olaraq, heybət hissi ilə qarşılandığı kimi müqayisə etdikdə, tədricən öyrəşdikcə münasibət əvvəlcə neytrallaşır, qəbul olunmağa başlayır. Günümüzdə normal hesab olunan bir çox reallıqların 70-80 il əvvəl, insanlar tərəfindən tabu olduğunu xatırlamaq «qeyri-mümkün»lüyün xəyali maneə olduğunun bariz göstəricisidir. Bu yöndə qarşıya çıxan istənilən çətinlik isə əzmlə dözüldüyü təqdirdə asanlığa çevriləcəkdir, çünki: «Allah hər bir çətinlikdən sonra asanlıq verir.» (ət-Talaq 7)

Eləcə də Uca Allah Qurani Kərimdə buyurur: «Bu gün dininizi sizin üçün kamil etdim». (əl-Maidə 3)

Böyük müfəssir AbdurRahmən Əs-Saadi (Allah ona rəhmət etsin) ayəni təfsir edərək, bildirir ki, vacib yaxud ikinci dərəcəli olmasından asılı olmayaraq, ayə Uca Allah İslam dininin tərkib hissəsi olan bütün əmrləri kamil, insan fitrətinə uyğun şəkildə yaratmasını, istənilən yer və dövr üçün universal etməsini göstərir. Kamillik məfhumu isə əmrlərin zaman yaxud məkan kimi çərçivələrlə hüdudlanmamasının, istək olduqdan sonra hər şəraitdə mümkünlüynə dəlalət edir.

Stereotip 4. Təhlükəyə, fitnəyə səbəb olur.

Çox vaxt niqab geyməklə qadının özünü kənardan qeyri-adekvat münasibətə, təhlükəyə məruz qoyduğu iddia edilir. Əslində isə saleh müsəlmanlar xeyir əməlləri fərziyyə və ehtimallara əsaslanaraq, hətta fitnə şəraitində belə tərk etməmişlər.
Əl-Miqdad hətta həmin dövrün xəlifəsi, başçısı olan Osman bin Affanı (Allah ondan razı olsun) tərifləyən İraq əhlindən birinin Sünnədə varid olan ədəbi yerinə yetirərək gözünə qum tökmə Sünnəsinə riayət etməkdən çəkinməmiş (İmam Əhməd, Təbərani), Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) isə xəlifə Müaviyənin (Allah ondan razı olsun) dövründə belə fitrə zəkatını Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) qoyduğundan fərqli şəkildə verməkdən cəsarətlə imtina etmişdir (Buxari, Muslim, Əbu Davud).

Bu da ona görədir ki,müsəlman xəyali təhlükə ehtimalına görə real savab qazanmağı, İslamın tətbiq edilməsini tərk edərsə, ondan sonra gələnlərin həmin xeyirə riayət etmə şansı daha da azalır.

Həmçinin unutmaq lazım deyil ki, üz örpəyi namaz, oruc, zikr, Quran oxumaq, sədəqə vermək və s. kimi ibadət növlərindən biridir. İstənilən əməl isə yalnız Allah rizası üçün yerinə yetirildiyi təqdirdə insana xeyir gətirə bilər. Elə isə sırf Onun razılığı üçün hər hansı bir ibadəti ixlasla yerinə yetirən birisinin Rəbbinin Qoruyan (Hafiz) olduğunu unudub, başqalarından qorxması bir qədər qəribədir. Qurani Kərimdə Uca Allah İblisə belə deyir: «Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər.» (əl-İsra 65)

İbrahim Peyğəmbəri (Allahın ona salamı olsun) yanar tonqalın içində də bir tükünün incinməsinə izn verməyən, qoruyan Qadir, Əziz olan Allah, Onun razılığını qazanmaq üçün ixlasla ibadət edən hər bir müsəlmanı hifz etməyə qadirdir. Təsadüfi deyil ki, sələflər deyərdilər: «Əgər Allah səninlədirsə, kimdən qorxursan ki? Əgər Allah sənə qarşıdırsa, kimə bel bağlaya bilərsən ki?»

«Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.» (əl-Bəqara 150)

Stereotip 5. Diqqəti cəlb edir.

İddialardan biri də niqabın cəmiyyətdə qadını cəlb olunan etməsi, bu səbəbdən də öz funksiyasını yerinə yetirməməsidir. Bu, örtünmənin mahiyyətinin düzgün anlaşılmamasından irəli gələn bir stereotipdir. Belə ki, hicab qadının ümumən bir fərd kimi diqqət çəkməsini yox etmək üçün yox, onun dişiliyinin, cazibədarlıq obyekti olmasının qarşısının alınmasını təmin etmək üçün nəzərdə tutulmuş geyim növüdür: «Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.» (əl-Əzhəb 59)

Ayədən də göründüyü kimi cilbab qadının insanlar arasından seçilməməsini yox, əksinə, öz əqidə və mövqeyini örtüyü ilə bildirməsini ifadə edir. Dinə riayət etməsinə görə digərlərindən ciddiliyi, əzmi ilə fəqlənən, onların içində qəribə görünən müsəlmanlar haqqında isə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İslam qərib başladı və qərib başladığı kimi qayıdacaq, elə isə tuuba (müjdə, xeyir, kəramət, Cənnətdə böyük ağac (bütün bu mənaların hamısında işlənə bilər) ) olsun qəriblərə.» (Muslim)

Əs-Sindi (Allah ona rəhmət etsin) hədisi şərh edərək bildirir: «Qərib» ardıcıllarının az olmasına görə bu cür adlanır.

Stereotip 6. İslamın imicinə xələl gətirir.

Niqabın əleyhinə səslənən ittihamlardan biri də onun İslamın imicinə xələl gətirməsi, qeyri-müsəlmanlarda dinə qarşı ikrah hissi oyatmasına dairdir. Bu kimi düşüncələr müsəlmanın dəvətdə insan faktorunu lazımından çox qiymətləndirməsindən irəli gəlir. Halbuki əsl həqiqətdə hidayət prosesində insan özünün yalnız köməkçi vasitə, səbəb olmasını, qəlbləri haqqa yönəltməyə isə yalnız Allahın qadir olduğunu unutmamalıdır. Uca Allah hətta insanların ən xeyirlisinə — Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müraciətlə buyurur: «Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən.» (əl-Ğaşiyə 21- 22)

Eləcə də digər bir ayədə: «Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.» (əl-Qasas 56).

Əsas yaxud ikinci dərəcəli olmasından asılı olmayaraq, bütün hökmlər kamil dinin — İslamın tərkib hissəsini təşkil edib bütöv bir imici meydana gətirir. İnsanların könlünü xoş etmək naminə kamil olanın tərkib hissələrini ürəyi istədiyi kimi əlavə etmək ya da çıxarmaq hüququna malik olmamaqla yanaşı, dəvətçi unutmamalıdır ki, haqqa çağıranın özü və dəvət metodu Quran və Sünnəyə müvafiq olmadıqca, Allah tərəfindən bərəkət də verilməyəcəkdir. Səbəbi isə qəlbləri haqqa çevirənin yaxud ondan üz döndərənin insan yaxud nəsnələr yox, Allah olmasıdır: «Həqiqətən qəlblər Allahın iki barmağı arasındadır və O onları istədiyi kimi döndərir.» (İmam Əhməd)

Həmçinin də digər hədisdə: «Kim insanları hirsləndirmə bahasına Allahın razılığını axtararsa Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahı qəzəbləndirmə bahasına insanların razılığını axtararsa Allah ona qəzəblənər və insanların da ona qəzəblənməsini təmin edər.» (Tirmizi)

Digər yöndən, qeyri-müsəlmanların qəlblərində İslama meyl oyatmaq niyyətilə könüllərini xoş etmək üçün bu və digər dini məsələlərdə güzəştə getmək, onların maraqları üstündə kökləmək, həm müsəlmanın öz dininə qarşı qısqanclıq hissinin olmaması, həm də əslində bəri başdan uduzmaq deməkdir. Çünki Öz yaratdıqlarının xislətini hamıdan yaxşı bilən Yaradan bütün bu cəhdlərin uğursuzluğundan xəbər verərək, buyurur: «Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar.» (əl-Bəqara 120)

Stereotip 7. Lüzumsuzdur.

Əsassız iddialardan biri də niqabın lüzumsuzluğuna, yalnız primitiv və ibtidai ağıla malik insanın qadına geyiminə görə dişilik obyekti kimi münasibət göstərə biləcəyinə dairdir.

Psixologiya sahəsində çoxsaylı açılış və ədəbiyyatların müəllifi professor Syuzan Fiskenin təcrübəsi isə bunun əksini təsdiq edir. Belə ki, onun ABŞ Prinston Universitetinin əməkdaşları ilə birgə apardığı araşdırmalar göstərmişdir ki, qadının geyiminin çoxluğu ilə əks cins nümayəndələrinin ona olan münasibəti arasında düz mütənasib əlaqə mövcuddur. Müxtəlif yaş və sosial təbəqələrdənolan ənənəvi orientasiyaya malik kişilər üzərində keçirilən maqnit-rezonans tomoqrafiyası nəticəsində bədəndəki geyimin miqdarı azaldıqca kişilərdə əl və digər orqanların hərəkət funksiyasından məsul olan ön beyin qabığı və orta gicgah qırışığının aktivləşdiyi aydın olmuşdur. Eləcə də aşkarlanmışdır ki, təmamilə örtünmüş bədənlərdən fərqli olaraq, hətta baş hissəsi kəsilmiş çılpaq qadın bədənlərini kişilər saniyənin cüzi hissəsində baxmaqla da yaddaşlarına həkk edirlər. Bundan əlavə, kişilərin örtünmüş qadın şəkillərilə bağlı asosasiyalarını izah edərkən qadının öz şəxsi iradəsini ifadə edən (itələyir, tutur və s.), çılpaq şəkillərdə isə əksinə həmin obyekt üzərində öz iradəsini təcəssüm edən cümlələr (itələyirəm, tuturam və s.) qurması faktı ortaya çıxmışdır. Hər il Çikakoqda ənənəvi olaraq keçirilən Amerikan Elmi İnkişaf Assosasiyasının görüşündə Fiske araşdırmanın kişilərin qadın geyimini estetik yaxud intellektual baxımdan yox, məhz dişilik nöqteyi nəzərindən qiymətləndirdiyini təsdiqlədiyini bildirmişdir.

Həmçinin ABŞ Lourens Universitetində kişilər arasındakı qadın fobiyasını araşdıran professor Piter Qlik bildirmişdir ki, açıq və dişiliyin ön plana keçdiyi geyimlərə üstünlük verən rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərin göstərişlərinə tabeçiliyində olanların nisbətən daha az riayət etdiklərini və idarəetmə sahəsində ciddi çətinliklərlə qarşılaşdıqlarını bildirmişdir. «Diversity Jobs» profesor Qlikin bu araşdırmasına əsasən, iş həyatında qadınların geyimlərində konservativ dəst-xətti gözləmələrini karyeradakı uğurun vacib sirlərindən biri kimi qiymətləndirmişdir.
Bütün bunlar isə qadının örpəyi ilə özünü yad nəzərlərdən bütövlüklə qorumaq istəyinin təmamilə təbiiliyinə dəlalət edir.

Stereotip 8. Nənələrimiz kəlağayı geyərdilər, niqab bizim ənənə deyil.

Stereotiplərdən biri də üz örpəyinin yadellilər tərəfindən müsəlman qadınlara təlqin edilməsinə dairdir. Əslində isə tarixən Azərbaycan qadını hicaba, habelə üz örpəyinə istər mərkəz şəhərlərdə, istərsə də əyalətlərdə ciddi riayət etmişdir. Kəlağayının günümüzdə təbliğ olunan başa yüngülvari, “xala-xətrin qalmasın” formasında başa atılaraq, boyun, sinə, hörük və d. nümayişkaranə şəkildə açılması yalnız qadının öz həyət-bacasında, ev əhli yaxud qadınlar içərisində tətbiq olunardı. Şəhər qadınları bayıra, yad kişilərin önünə çıxdıqları zamanı üstündən müxtəlif rəngli çadralarla başdan-ayağa kimi bürünər, əyalətlərdə isə təsərüffatla məşğul olarkən isə praktik olsun deyə, çadradan istifadə edilməz, lakin baş yaylığı (kəlağayı) ilə burunlarının yuxarısına kimi örtünərdilər. Qədim (ərəb, fars yox, məhz) türk sözü olan, «örtmək, gizlətmək» mənasını verən «yaşmaq» da bunu ifadə edir.

Eləcə də tarixi mənbələrdə üz örpəyinə dair çoxsaylı faktlar mövcuddur. Məsələn:
İspaniya (Kastiliya) elçisi XV əsrin əvvəlləri özünün «Gündəlik» qeydlərində Azərbaycan qadınlarının geyimi barədə belə yazır:»..Onlar başdan ayağa kimi ağ örtüyə bürünmüş halda gəzirlər ki, tanımaq mümkün olmasın.»

F. Kotov qeyd edir: «Qızılbaş qadınları üzlərini nazik miqdalla elə örtürdülər ki, üzü və gözləri də görünmürdü.»

Habelə Rus rəssamı Qriqoriy Qaqarinin Qafqazda olduğu zaman Azərbaycandakı işləri arasında «Çadralı qadın» şəkli də olduqca diqqətəlayiqdir: «Üz örpəyindən söz düşmüşkən, Azərbaycan Tarix muzeyindəki milli geyimlər içərisində müxtəlif işləmələri olan niqab eksponatı da yaddaqalan faktlardandır.»

Üzün örtülməsinə dair məlumatlar Azərbaycan dastanlarında da əsrləri adlayaraq günümüzədək gəlib çıxmışdır. Məsələn: «…Hürü xanım saldı ürbəndi (rübəndi) üzünə. Qara ipək ürbənd qırmızı yanaqları elə qucаqlаdı, elə qucаqlаdı ki, elə bil lаləli, nərgizli dаğ bаşınа qаrа dumаn çökdü. Koroğlu ürəyi belə şeyə tаb eləyə bilər? Dedi:

Oğrun-oğrun tül аltındаn bаxаn yаr,
Qаldır ürbəndini, görüm gül üzün!
Аşıqlаrı eşq odunа yаxаn yаr,
Qаldır ürbəndini, görüm gül üzün!»

Stereotip 9. Qadını alçaldır, asılı edir.

Əksər hallarda kişinin öz qadını ətrafında hedonistik dairə cızaraq, onu heç kimlə paylaşmaq istəməməsi, yaxud kənardan üz örpəyinin kimlərsə tərəfindən geridəqalmışlıq, alçaqlıq və s. kimi qiymətləndirilməsinə dair qulaqları, gözləri döyənək etmiş fikirlərlə rastlaşmaq mümkündür. Əsl adillik isə ikinci, üçüncü…milyonuncu şəxsin yox, məhz niqaba riayət edən qadının öz münasibətini öyrənməkdir. Araşdırdıqda aydın olur ki, müsəlman qadın onu öz istəyi ilə seçir və seçiminə görə çox vaxt mübarizə aparmalı olur. Mömin qadın üçün üz örpəyi eni uzunu metrlərlə ölcülən adicə bir geyim detalından daha böyük mənanı — Rəbbinə olan təslimiyyəti, həyanı, təqvanı, daxili harmoniya və təmizliyi, imanın şirinliyini, komfortu bir sözlə, özünün həyata olan mövqeyini, duruşunu ifadə edir… Hansısa təzyiq altında edilən istənilən əmələ isə insan xislət etibarilə ömür boyu riayət etmək iqtidarında deyil, gec yaxud tez, bu və ya digər şəkildə ondan yaxa qurtarmağa çalışması labüddür. Və yalnız bu örpəyə qəlbən bağlanan, ona qandal yox azadlığın rəmzi kimi baxan biri hər yerə, hamıya, hər şeyə rəğmən bu qədər ləyaqət, əzm və ciddiliklə riayət edə bilər. Bu məziyyətsə sahibinə alçaqlıq yox, yalnız ucalıq gətirir. Elə isə kənardan seçimin müzakirə edilməsi, müxtəlif donlar geydirilərək, qadının adından fikirlər yürüdülməsi, etik baxımdan düzgün olmamaqla yanaşı, bir növ seçdiyi həyat tərzi ilə daxili xoşbəxtliyi, rahatlıq və aramı tapmış belə qadın obrazının yolxucu olmasından isterik formada qorxaraq, nəyin bahasına olur-olsun, ləkələməyə çalışmaq üçün aparılan təbliğatlar anlaşılandır və yalnız təbəssümə səbəb olur. : ) Həqiqətdə isə həddi büluğa çatmış, ağlı başında olan bir fərdin daxili iradəsinin təzahürünə hörmətlə yanaşmaq cəmiyyətin sivillik göstəricilərindəndir.

Uca Allah müsəlman qadınları möhkəm qala kimi qoruyan, qəlbərindən axıb bütünlüklə bürüyən bu sevimli, nəcib, kamil örpəkdən məhrum etməsin. Amin.

Hazırladı: Umm Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment