Məqalələr

Uşaqların oruc tutmağa alışdırılması üçün praktik məsləhətlər

Orucu əmr etmək üçün ən bəyənilən yaş 10 yaşdır!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (Quran, Təhrim, 6)

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) bu ayəni təfsir edərək bildirmişdir ki, burda qorumaq dedikdə qəsd edilən ailənin İslam üzrə tərbiyəsidir. (İbn Kəsir təfsiri)

Uşaqların İslam ərkanlarını yerinə yetirməsi məsələsində mənəvi tərbiyə ilə yanaşı, bədən tərbiyəsi də vacibdir. Belə ki, insan ağlı ilə haqqı təsdiq etsə də əgər bədən asiliklər üstündə yetişibsə, bu vərdişlərin zəncirini sındırmaq ağırlaşır, ruhu onu bir yönə, cismi isə başqa yönə səsləyir. Bu da nəticə etibarilə iman zəifliyinə, müxtəlif daxili təzadların yaranmasına, nəfsin günahlara təhrik etməsinə gətirirb çıxarır. Ona görə də saleh müsəlmanlar həddi büluğ yaşında hökmü fərz olan ibadətlərə uşaqların tədricən hələ kiçik yaşdan alışdırılmasını tövsiyyə etmişlər. Bu vacib ibadətlərdən biri də İslamın ərkanlarından olan orucdur. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) dövründə kiçik yaşlı uşaqlara oruc tutdurar, onları da bu gözəl ibadətə təşviq edərdilər. Belə ki:

Rubeyyi bint Muəvviz (Allah ondan razı olsun) demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Aşura günü səhər (bir nəfərlə) ənsarın yaşadıqları kəndlərə xəbər göndərdi ki: «Kim səhər yemək yeyibsə, günün qalan hissəsini yeməsin (oruc tutsun); kim də yeməyibsə, orucuna davam etsin» Rubeyyi (Allah ondan razı olsun) əlavə etmişdir: «Sonralar biz (hər il Aşura günü) həm özümüz oruc tutar, həm də uşaqlarımıza oruc tutmağı əmr edərdik. Biz onlar üçün yundan oyuncaq düzəldərdik ki, onlardan biri ağlayıb yemək istədikdə bunu ona verək, iftar vaxtına qədər (başı qarışsın).» ( Buxari, Muslim)

Həmçinin Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Ramazan ayında içki içən birisini qınayaraq belə dediyi rəvayət edilir: «Vay olsun! Hətta bizim uşaqlarımız belə oruc tutarkən!» ( Buxari, muəlləq olaraq gəlmişdir.)

Bütün bunlar da ona dəlalət edir ki, saleh nəsillərin ən xeyirli tərbiyəçiləri olan sələflər övladlarının oruca alışdırılması məsələsinə xüsusi diqqət yetimişlər. Bu tərbiyəyə hansı yaşdan başlamaq barədə isə İslam alimləri arasında müxtəlif rəylər olsa da, bir çoxu optimal olaraq, 10 yaşı qeyd etmişlər.

İmam İbn Qudamə (Allah ona rəhmət etsin) bildirir: «Orucu əmr etmək üçün ən bəyənilən yaş 10 yaşdır, çünki Allah Rəsulu (səllallahu aleyhi və səlləm) bu yaşı namaz üçün təyin etmişdir. Oruc və namaz isə fiziki ibadət növü olduğundan bir-birlərinə yaxındırlar. Lakin oruc tutmaq (namaz qılmaqdan) daha çətin olduğundan, uşağın buna qabil olması da nəzərə alınmalıdır, çünki bəzən namaza gücü yetənin oruca gücü yetməyə də bilər» (əl-Muğni, 4/412)

Bu yaşadək uşaqları oruc tutmağa təşviq etmək, alışdırmaq üçün isə aşağıdakı praktik məsləhətlər Allahın izni ilə faydalı olardı:

• Bu işdə övladınızı müvəffəq etməsi üçün Uca Allaha dua edin, valideyn duası qəbuldur;

• Uşaqla oruc tutmağın fəziləti, mükafatına dair onun başa düşəcəyi dildə söhbətlər aparın;

• Ramazan ayınadək nafilə oruclara öyrəşdirin. Xüsusən qış aylarında günün qısa olduğu müddətdə başlayarsa, tədricən əldə etdiyi uğur uşaqda daha uzun müddət oruc tutmaq üçün stimul yaradacaqdır.

• Günü əvvəlcədən düzgün planlaşdırmaq. Sahura oyana bilməsi üçün övladınızın vaxtında yatmasına diqqət edin;

• Sahurun ən son vaxtınadək uzadılması Sünnəsin riayət edin;

• Övladınızın balanslaşdırılmış qida rasionunu və kifayət qədər maye içməsini təmin edin;

• Zehni və fiziki güc tələb edən işləri yerinə yetirməsi üçün qüvvəsinin daha çox olduğu günün birinci yarısını təyin edin;

• Günü yarıladıqda günorta yuxusuna riayət etməyə təşviq edin. Bu, gücünü bərpa etməyə kömək edəcəkdir.

• İsti havada küçədə çox oynamasının qarşısını alın;

• Əlavə su itkisinə, tərləməyə yol verən aktiv oyunlardan yayındırın;

• Həddən çox susadıqda (şərtlərə riayət edərək) duş qəbul etməyi, yuyunmağı məsləhət edin;

• Adətən evdə gözün gördüyü yerdə olub uşağın iradəsini sındırıb orucu pozmağa təhrik edə biləcək ərzaq məmulatlarını, çörək qabını, qənddanı, su qrafinini və s. qapısı bağlı rəflərə qaldırın;

• Yorulub, şövqdən düşdüyünü hiss etdikdə stimul verən, ruh yüksəldən sözlərlə balanızı dəstəkləyin;

• Ev əhlinin, qonum-qonşunun, qohumların yanında oruc tutduğuna görə tərifləyin;

• Başını qatmaq üçün müxtəlif inkişaf etdirici, intellektual oyuncaq və elektron oyunlar oynamasını yaxud fikrini yemək-içməkdən uzaqlaşdıran gəzintiləri təmin edin;

• Müsəlmanları, yaxınlarınızı, xüsusilə özü kimi oruc tutan yaşıdlarını iftara dəvət edin;

• İftar menyusunu qoyun övladınız sevdiyi nemətlərdən özü təyin etsin;

• Hər tam oruc tutduğu gün yaxud həftə üçün kiçik hədiyyələr verin. İftar dəvətlərinə onu da aparın;

• İftardan sonra sevdiyi şirniyyatlardan təklif edin. Əgər günü tam olaraq, oruc tutmağı bacarmasa, buna görə onu utandırmayın, kobud davranıb, danlamayın.

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha