Məqalələr

Uşaqları ilkin inkişaf mərhələsindən tərbiyə etmək — 1ci hissə

Bil ki, körpə valideyninin yanında əmanətdir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Bil ki, körpə valideyninin yanında əmanətdir. Onun qəlbi isə saf qiymətli daşlar kimidir. Belə bir qəlb hər bir naxışı qəbul etməyə hazırdır. Əgər xeyirə alışdırılarsa, onun üzərində də böyüyər. Onun ata-anası və tərbiyəçisi də bu savabdan öz nəsiblərini alarlar. Əgər o körpə şərə alışdırılarsa, onun üzərində də böyüyər. Bunun günahı da onun vəlisinin üzərinə olar. Ona görə də gərək uşağı (pisliklərdən) qorusunlar, təlim-tərbiyə versinlər və ona gözəl əxlaqları öyrətsinlər. Onu pis dostlardan qorusunlar. Onu naz-nemətlərə öyrəşdirməsinlər.

Ona bər-bəzəkli və dəb-dəbəli (həyatın) səbəblərini sevdirməsinlər ki, böyüdüyü zaman ömrü bu şeyləri tələb etməklə zay olmasın.

Əksinə, ona ömrünün əvvəlindən nəzarət etməli, ona süd verməkdə və onun tərbiyəsində yalnız halal yeyən dindar, salehə bir qadından yararlanmalıdırlar. Çünki, haramdan əmələ gələn süddə bərəkət olmaz.

Əgər onda seçilən (xeyirli) xüsusiyyətlər izhar olmağa başlayarsa, hansı ki, — bunun birincisi həyalı olmaqdır — bu nəcabətli olmağın əlamətidir ki, bu da yetkinlik çağında ağılın kamil olmasının müjdəçisidir. Bu cür olan uşağın tərbiyəsində onun həyası yardımçı olacaqdır.

Uşağa ən birinci qalib gələn sifətlərdən biri də çox yemək istəyidir. Ona görə də uşağa yemək ədəblərini öyrətmək lazımdır. Bəzi vaxtlar təkcə çörək yeməyə öyrəşdirilməlidir ki, o qarışıq yeməklərə öyrəşib bu cür yeməklərin mütləq gərəkdiyini düşünməsin (red- yəni, uşaq bilsin ki, mədəni bir növ qida ilə də doyurmaq mümkündür)
və ona çox yemək çirkin görünsün. Bu da çox yeyənlərin heyvanlara bənzədilməsilə ola bilər.

Həmçinin, uşağa qarışıq və ipəkdən olan paltarlar deyil, ağ paltarlar sevdirilsin ki, onda (ipək paltarların) qadına və qadına bənzərlərə aid olduğu qənaəti yaransın. Həmçinin, uşağı naz-nemətə öyrədilmiş uşaqlara qarışmaqdan uzaq tutmaq, sonra ona yazı masasında Quran, hədis və salehlərin sözlərindən öyrətmək ki, bununla da onun qəlbində saleh insanlara qarşı sevgi yaransın. Uşağa eşq haqqında olan şeirləri əzbərlətdirmək olmaz.

Nə vaxt ki, uşaqda yaxşı əməl və gözəl əxlaq büruzə verərsə, buna görə o təqdir olunmalıdır. O, sevindirən xüsusiyyətinə görə mükafatlandırılmalı və insanların içində təriflənməlidir. (red: bu üslub yalnız uşaqlara aid bir tərbiyə üslubu kimi qeyd olunmuşdur). Bəzi hallarda (az hallarda) buna müxaliflikləri baş verərsə, görməməzlikdən gəlinməli və bu (qınaqla) üzə çıxarılmamalıdır. Əgər bu əmələ yenidən qayıdarsa, o zaman onu gizlində danlamaq və insanlara onun nə etdiyini deyəcəyi ilə qorxutmaq lazımdır. Amma, danlamağı çoxaltmaq lazım deyil. Çünki, bu ona sözə qulaq asmamağı adiləşdirir. Qoy valideyn uşağın yanında sözünün heybətini qorusun.”

(Muxtəsaru Minhəcil-Qasıdin, səh 200-201)

Mədinə Beynəlxalq Universitetinin Tələbəsi, Sahib Əsədov.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha