Məqalələr

Uşaqlara Tövhidi necə aşılamalı? — (valideynlərə)

Ata öz övladlarına Tövhidi necə öyrətməlidir?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Sual: Ata öz övladlarına Tövhidi necə öyrətməlidir?

Cavab: Ata övladlarını digər Şəriət məsələlərini öyrətdiyi kimi Tövhidi də öyrətməlidir. Tövhid sahəsində ən yaxşı kitab Şeyxul-İslam ət-Təmiminin (Allah ona rəhmət etsin) “Üç Əsas” kitabı sayılır.

Əgər uşaqlar bu kitabı əzbərləsə, ata isə onların qavrayacağı formada bunu münasib şəkildə izah etsə, bu əməldə böyük xeyir vardır. Çünki “Üç Əsas” kitabı sual-cavab üzərində qurulmuş, asan qavranan kitabdır. Onda çətinlik yoxdur.

Sonra uşağa bu risalədə çəkilən misallar kimi Allahın ayələrini göstərmək lazımdır. Məsələn, “Günəşi kim çıxarıb? Allah… Bəs ayı? Allah…Bəs gecəni? Allah…Bəs gündüzü? Allah…Bütün bunları Allah Azzə və Cəllə yaratmışdır”. Onun qəlbində fitrət ağacı cücərsin deyə. Çünki hər insan fitrət üzərində Tövhid əhlidir.

Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dediyi kimi: ”Hər körpə fitrət üzərində müsəlman doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xristian ya da məcusi (atəşpərəst) edir”. Buxari

Eyni qaydada uşaqlara dəstəmazı necə almağı şəxsi nümunədə göstərmək gərəkdir. Demək lazımdır: ”Bax, bu, dəstəmazdır” və sonra onların gözünün önündə dəstəmaz almaq lazımdır. Eləcə də namazı öyrətməklə, Uca Allahdan kömək istəməyi şəxsi nümunədə göstərmək lazımdır. Ondan düzgün yol istəməklə nümunə olmaq gərəkdir.

Uşaqların önündə gözəl əxlaqa zidd olan sözlər demək yaxud pis əməllər etmək olmaz. Hətta özündə bu xislətlər olsa da onları yalana, pis əxlaqa öyrətmək olmaz. Məsələn, özü siqaret çəksə də heç olmasa, bunu uşaqların qarşısında etməsin. Çünki onlar buna çox tez öyrənəcəklər.

Qoy ata bilsin ki, o öz ev əhlinə görə məsuliyyət daşıyır. Allah Təala buyurmuşdur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (Quran, Təhrim, 6).

Biz övladlarımızı Oddan yalnız onlara yaxşılığı əmr edib pislikdən çəkindirməklə qoruya bilərik. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) da bu Kəlamı dəstəkləyərək bildirmişdir: ”Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur” Buxari, Muslim

Qoy ata bilsin ki, uşaqların islah edilməsi ona həm bu dünyada həm də Axirət həyatında kömək edəcəkdir. Hər bir ata-ana üçün ən yaxın adam- istər qız olsun, istərsə oğlan- onun saleh övladlarıdır. “İnsan dünyasını dəyişdikdə onun bütün əməllərinə son qoyulur, yalnız üç şeydən başqa: davam edən sədəqə (sədəqə cəəriyə), faydalı elm və yaxud onun üçün dua edən saleh övlad”. Muslim

Bizə əmanət edilmiş və məsuliyyətini daşıdığımız hər şey üçün Allah Təaladan kömək istəyirik!”

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin): “Silsilə nur alə əd-darb”, 350-ci kasset.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Umm AbdulAziz