Uşaqlar üçün

Uşaqlar üçün namazın tədrisi – Namazın şərtləri — (3-cü hissə)

Bu gün isə Allahın köməyi ilə namazın yerdə qalan şərtlərini yaxından tanıyacağıq.

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bu gün isə Allahın köməyi ilə namazın yerdə qalan şərtlərini yaxından tanıyacağıq.

Ayıb yerlərini örtmək – Necə ki, tərbiyəli insanlar bir-birinin önündə daim ədəb-ərkanı gözləyir, bilməliyik ki, bizi yaradan Rəbbimiz Onun hüzurunda abır-həyalı olmağımıza daha da çox layiqdir.  Ona görə də oğlanlar namaz qılanda çiyinlərini və bədənlərinin göbəklə diz arasındakı hər yerini bağlamalıdır. Qızlar üçün isə  namazda əl və üzdən başqa bütün bədənlərini örtmək vacibdir. Həm oğlanların həm də qızların geyimi dar, nazik, şəffaf parçadan olmamalıdır ki, ayıb yerləri görünməsin.

Vaxtın daxil olması – Bilirik ki, Allah müsəlmanlara gündə beş dəfə namaz qılmağı fərz edib. Bunlar – Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazlarıdır. Hər namazın isə öz vaxtı var. Quranda belə deyilir: “Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.” (Quran, Nisa 103).

Ona görə də namazlarımızı qəsdlə nə vaxtından tez, nə də gec qılmamalıyıq. Məsələn, Zöhr namazının vaxtında Məğribi qılmaq olmaz. Ya da Sübh namazını “eyb etməz, yatım, sonra qılaram” deyib başqa namazın vaxtına saxlamaq qadağandır. Bu, tənbəl, səhlənkar adamların əməlidir. Namazlarına ciddi yanaşanları Allah çox sevir. Onlar ən gözəl hədiyyə olan Cənnətlə mükafatlanacaqlar.

Qibləyə doğru yönəlmək – Namaz qılanda müqəddəs Məkkədə yerləşən, yer üzünün ilk məscidi olan sevimli Kəbəyə doğru yönəlməliyik. Çünki Quranda belə deyilir: “Sən üzünü Məscidul-Harama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!” (Quran, Bəqara 144).

Valideynlərindən kompas ya da kompyuter və telefonlara yüklənən xüsusi proqramlar vasitəsilə qiblənin yerinin necə təyin olunduğunu sənə göstərmələrini xahiş edə bilərsən.

Niyyət etmək – Bu, namazın sonuncu şərtidir.

Bilməliyik ki, insanın bütün əzalarının öz ibadəti var. Məsələn, Quran oxuyarkən dilimiz, məscidə gedərkən ayağımız, salamlaşanda əlimizlə ibadət edirik. Amma ən əsası qəlbimizin ibadətidir. Əgər qəlbimizdə səmimi şəkildə bütün bu əməllərin təkcə Allah üçün olduğunu təsdiq etsək, onda ən adi davranışlarımız da ibadətə çevrilər. Qəlbimizin bu əməlinə niyyət deyilir. Peyğəmbərimiz (Allahın ona salam və salavatı olsun) belə buyurmuşdur: “Əməllər yalnız niyyətə görədi, və hər bir şəxs də öz niyyət üzərindədir.” (Buxari)

Namaz qılarkən də qəlbimizdə Kim üçün ibadət etdiyimizi, hansı namazı və necə qılmağımızı səmimi şəkildə niyyət etməliyik.

(Muhəmməd Ət-Təmiminin(1115-1206.h) “Namazın şərt, rükn və vacibatları” risaləsi əsasında tərtib edilmişdir)

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha