Uşaqlar üçün

Uşaqlar üçün namazın tədrisi – Namazın şərtləri — (2-ci hissə)

Balaca oxucu, bu gün inşəAllah, namazın beşinci şərti ilə ətraflı tanış olacaqsan!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Balaca oxucu, bu gün inşəAllah, namazın beşinci şərti ilə ətraflı tanış olacaqsan.

Dəstəmazlı olmaq – Bunun üçün namazdan əvvəl əl, üz, ayaqlar topuğa qədər yuyulur,  başa isə saç bitən hissə və qulaqlar da daxil olmaqla yaş əllə sığallanaraq məsh çəkilir. Çünki Allah Quranda deyir:

«Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun.» (Quran,Maidə 6).

Dəstəmaz namazın köməkçisidir. Özü də  ayrıca bir ibadətdir. Dəstəmazsız namaz Allah tərəfindən qəbul olmaz.

Dəstəmazın 10 şərti var. Bu şərtlərdən bəziləri ilə artıq tanışsan:

1.     Müsəlman olmaq;

2.     Ağıllı olmaq;

3.     Pisi yaxşıdan ayıracaq yaşda olmaq;

4.     Niyyət etmək – yəni edilən əməlin adi yuyunmaq yox, ibadət olduğunu ürəyində təsdiq etmək.

5.     Ehtiyacı ödəmək üçün ayaqyoluna getmək;

6.     Ehtiyacı ödədikdən sonra yuyunmaq yaxud silinərək təmizlənmək. Bu zaman su, kağız və digər vasitələrdən istifadə edilir. Sol əllə ən azı üç dəfə təmizlənilir.

7.     Suyun təmiz olması – Yəni miqdarının, rənginin, iyinin və dadının dəyişməməsi;

8.     Suyun halal olması – Məsələn, qonşunun həyətində axan və ya mağazada satılan şüşədəki suyu icazəsiz istifadə etmək olmaz;

9.     Suyun dəriyə tam şəkildə çatması. Yəni dırnaq boyası və s. kimi mane olan vasitələri sildikdən sonra dəstəmaz almaq lazımdır.

10.  Xəstəliyə görə dəstəmazı tez-tez pozulan insanlar hər namazın vaxtı girdikdə yenidən dəstəmaz almalıdırlar.

Balaca, bilməlisən ki, dəstəmazı pozan amillər var. Ehtiyacını ödəmək üçün  ayaqyoluna gedəndə, bədəndən çirkli, nəcis və qoxulu bir şey çıxanda, insan əliylə ayıb yerinə birbaşa toxunanda, dəvə əti  yeyəndə, yatanda ya da huşunu itirəndə və başqa hallarda dəstəmaz pozulur. Bu zaman yenidən dəstəmaz almamış namaz qılmaq olmaz.

Dəstəmaz alarkən bu əməlləri etmək vacibdir:

—        “Bismilləh” (Allahın adı ilə) sözüylə başlamaq. Peyğəmbərimiz (Allahın ona salamı və salavatı olsun) belə edərdi. Bütün yaxşı işlər Allahın adı ilə başlayanda bərəkətli olur.
—        Üzü yumaq – Yəni saçların bitiş yerindən çənəyə kimi və iki qulaq arasındakı bütün hər yer yuyulmalıdır. Bu zaman ağız və burnu da yaxalamaq vacibdir;
—        Əlləri dirsəklərə qədər yumaq;
—        Yaş əllə başın bütöv saç bitən yerinə və qulaqlara məsh çəkmək. Məsh ilə yuyunmağın fərqi odur ki, yuyunanda əzalardan su damlayır, məsh çəkəndə isə əzalar ancaq yaş olur.
—        Ayaqları topuğa qədər yumaq;
—        Dəstəmazı sadalanan ardıcıllıqda almaq;
—       Əzaların birini yuyub digərinə keçəndə arada çox vaxt itirməmək. Məsələn, üzü yuduqdan sonra əlavə işlə məşğul olmadan dərhal əllərin dirsəklərə kimi yuyulmasına başlamaq lazımdır.

Dəstəmazın bütün bu şərt və vacib əməllərini yerinə yetirən müsəlmanlar həm təmizkarlıqları ilə başqalarından seçilir, həm də Allahın sevgisinə nail olurlar.

(Muhəmməd Ət-Təmiminin(1115-1206.h) “Namazın şərt, rükn və vacibatları” risaləsi əsasında tərtib edilmişdir)

Ardı var…

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Uşaqların namaza alışdırılması üçün praktik məsləhətlər
Uşaqların oruc tutmağa alışdırılması üçün praktik məsləhətlər