Uşaqlar üçün

Uşaqlar üçün namazın tədrisi – Namazın şərtləri — (1-ci hissə)

Balaca, əgər bu yazını oxuyursansa, deməli, namazla maraqlanırsan!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Balaca, əgər bu yazını oxuyursansa, deməli, namazla maraqlanırsan. Elə isə bil ki, namaz ən böyük və mühüm ibadətlərdən biridir. Çünki namazlarını vaxtı-vaxtında və gözəl qılan insanlar adətən bütün işlərində çalışqan, sədaqətli, etibarlı olurlar. Ona görə də müsəlman gündə beş dəfə namaz qılmalıdır.

Bəs səncə, bir insan nə üçün ibadət edir? Adamların xoşuna gəlmək üçün? Özünü yaxşı hiss etsin deyə? Təriflənmək üçün? Hər hansı bir hədiyyə alsın deyə? Yox. Doğru cavab – İnsan yalnız onu yaradıb, çox-çox gözəlliklər bəxş etmiş Rəbbimiz razı qalsın deyə ibadət etməlidir.  Axı sevimli kitabımız Quranda Allah belə deyir:Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.”  (Quran, Zəriyət, 56)

Əgər Allah ibadətlərimizi qəbul edib bizdən razı qalarsa, atamız, anamız və bütün sevdiklərimizlə birlikdə  içində hər cür nemətlər olan, heç bir kədər-qəm, çətinlik, pislik olmayan gözəl Cənnətinə daxil edər.

Amma ibadətləri öz başımızdan, ürəyimiz istəyən kimi yerinə yetirə bilmərik. Çünki hərə istədiyi kimi etsə, onda insanlar çaş-baş qalar, çoxlu mubahisələr yaranar, sevgi aradan itər. Ona görə də Allah bizim üçün məsələni asanlaşdırmış, müxtəlif ibadətləri necə, hansı şərtlərlə etməyi Quran və Muhəmməd Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) vasitəsilə bizə öyrətmişdir. Əgər ibadətimizin qəbul olunmasını istəyiriksə, onun şərtlərinə riayət etməliyik.

Namazın da öz şərtləri mövcuddur.

Namazın şərti doqquzdur:

  1. Müsəlman olmaq;
  2. Ağıllı olmaq ;
  3. Yaxşı və pisi ayıracaq yaşda olmaq;
  4. Nəcasətdən təmizlənmək;
  5. Dəstəmazlı olmaq;
  6. Ayıb yerlərini örtmək;
  7. Vaxtın daxil olmasını gözləmək;
  8. Qibləyə doğru yönəlmək;
  9. Niyyət etmək.

Gəl, bunlardan hər biri ilə ayrı-ayrılıqda yaxından tanış olaq.

Müsəlman olmaq – Namazının Allah tərəfindən qəbul edilməsini istəyən şəxs ən əvvəl İslamı qəbul etməlidir. Çünki Rəbbimiz Quranda buyurur: «İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.» (Quran, Əli-İmran, 85)

Müsəlman olmaq üçün insan ibadətə tək layiq olanın Allah, Muhəmmədin isə Onun Peyğəmbəri olmasına səmimi qəlblə inanmalıdır. Əgər qəlbində bu inam olmasa, demək ki, müsəlman deyil. Əməllərini Allahın razılığı üçün etmir. Beləcə onun yaxşı əməlləri, namazları da qəbul edilməz, heç bir faydası olmaz. Müqəddəs Kitabımızda belə buyurulur: «Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.» (Quran,Tövbə, 17)

Ağıllı olmaq – Bu, namaz qılmaq istəyənin əqli cəhətdən sağlam olması deməkdir. Əgər  zehni qüsuru varsa, namaz qılmağa, düzgün riayət etməyə çətin ki, qadir olsun. Ona görə də Rəhmli, Mərhəmətli Allah belə insanlara sağalanadək möhlət verir, onları bacarmadığı bir işlə yükləmir. Peyğəmbərimiz (Allahın ona salamı və salavatı olsun) də yatandan oyanana, dəlidən ağıllanana və uşaqdan böyüyənə kimi etdiklərinə görə sorğu-sual olunmayacağını bildirmişdir. (Əbu Davud, İbn Macə)

Yaxşı və pisi ayıracaq yaşda olmaq – Əgər uşaq məsələn, xurma ilə kömür parçasını, yaxud od və suyu bir-birindən ayırd edə bilirsə, deməli, artıq o, balaca deyil.  Yəni onun artıq namaz qılmağa gücü çatır. Peyğəmbərimiz bu yaşın yeddi olduğunu bildirir: “Övladlarınız yeddi yaşa çatdıqda onlara namazı əmr edin”.  (İmam Əhməd, Əbu Davud, Tirmizi)

Nəcasətdən təmizlənmək – Namaz insanın öz Rəbbi ilə görüşüdür. Necə ki, biz çox sevdiyimiz bir yerə qonaq gedərkən, ən təmiz, gözəl görkəmdə oluruq, eləcə də Allahın hüzuruna çıxanda da 1. bədənimizi, 2. geyimimizi və 3. namaz qıldığımız yeri çirk və nəcisdən təmizləməliyik. Uca Rəbbimiz buyurur: “Geyimini təmiz saxla!” (Quran, Muddəsir, 4)

(Muhəmməd Ət-Təmiminin(1115-1206.h) “Namazın şərt, rükn və vacibatları” risaləsi əsasında tərtib edilmişdir)

Ardı var…

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Uşaqların namaza alışdırılması üçün praktik məsləhətlər
Uşaqların oruc tutmağa alışdırılması üçün praktik məsləhətlər