Məqalələr

Tənbəllik

“Ya Rəbbim, tənbəllikdən Sənə sığınıram”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bu söz əhəmiyyətli hesab edilən məsələlərə laqeyd və barmaqarası yanaşan kəslərə şamil edilir. Ona görə sözügedən xüsusiyyət bütün zaman və məkanlarda pis məziyyət hesab edilmiş, tənqid edilmişdir.

Tənbəllik kəlməsi Ərəbcə “kəsəl” şəklində səslənir, “kəsilə” felinin məsdəridir.
Bu feldən törəyən və “tənbəllər” mənasına gələn “kusələ” sözü Qurani Kərimdə iki ayədə gəlmişdir.

“Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.” (Quran, Nisa, 142)
“Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər.” (Quran, Tövbə, 54)

Hər iki ayədədə Allah namaza laqeyd münasibət göstərib, tənbəlliklə, könülsüz yanaşanları qınamış, tənqid etmiş, bunun münafiqlərə xas məziyyət olduğunu söyləmişdir. (İbn Kəsir təfsiri)

Həmçinin Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) da dua edərkən, müxtəlif pis əməllərdən Rəbbinə sığındıqları arasında tənbəllik də var idi. “Ya Rəbbim, tənbəllikdən Sənə sığınıram”. (Buxari, Müslim)

Bundan əlavə, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) dövründə İslamı qəbul edən insanlar ona (Allahın ona salavat və salamı olsun) Allahın əmr və qadağalarına riayət edəcəklərinə və bu yolda tənbəllik etməyəcəklərinə dair beyət edərdirlər. (İmam Əhməd)

Göründüyü kimi Quran və Sünnədə bu şəkildə tənqid edilən tənbəllik, olduqca naqis xüsusiyyətdir. O insanların dünya, daha da dəhşətlisi, Axirəti üçün zərərlidir. Tənbəl insana Allahın gözəl nemətlərindən olan vaxt nemətini layiqincə qiymətləndirə bilmir, zamanını boş, mənasız işlərə israf edir. Bu günün işini sabaha təxirə salaraq qəflət içində yaşayır. Beləliklə də bütün işlərində başlamamışdan özünü uduzmağa məhkum edir.

Tənbəlliyin əksi isə çalışqanlıqdır. Hər uğurun yolu çalışqanlıqdan keçir. Ona görə də müsəlmanlar süstlüyün, qəflət və tənbəlliyin daşını ataraq, dünya həyatının hər dəqiqəsini qiymətləndirməli, Cənnət üçün çalışmalıdırlar.
Qoy Allah bizi bu işdə müvəffəq etsin. Amin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ummu AbdulAziz