Məqalələr

Təhiyyət namazı

“Qiyamət Günü insan birinci namazlarına görə sorğu-sual ediləcək”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şübhəsiz ki, İslamın beş ərkanından biri olan namaz ən fəzilətli ibadətlərdəndir. Məlumdur ki, Uca Allah hər bir müsəlmana gündə beş dəfə namaz qılmağı fərz etmişdir. Lakin insanlar kamil olmadıqları üçün, mütləq bu və ya digər şəkildə namazlarda xətaya yol verə bilirlər. Bu naqisliyi aradan qaldırmaq üçün isə müsəlmanın köməyinə nafilə — yəni könüllü namazlar çatır.

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurur: “Qiyamət Günü insan birinci namazlarına görə sorğu-sual ediləcək. Əgər namazları yaxşı olarsa, digər əməllərində də nicat tapacaq. Əgər pis olarsa, digər əməlləri də pis olacaq. Qulun fərz namazlarında nöqsan olarsa, Allah Taələ deyəcəkdir:”Qulumun nafilə namazlarına baxın!” Əgər nafilələri varsa, nöqsanlar onunla doldurular. Sonra başqa fərzlərdə də naqislik olarsa, onlar da nafilə ibadətlərlə tamamlanar.” Tirmizi, şeyx Albani səhihləmişdir.

Sünnədə varid olmuş belə muqayyəd nafilələrdən biri də “təhiyyətül-məscid” yəni “məscidi salamlama” namazıdır ki, qısa olaraq, insanlar arasında təhiyyət yaxud salam namazı adlanır.
Əbu Qatadədən Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə dediyi rəvayət edilir: “Sizdən biriniz məscidə daxil olarkən, iki rükət namaz qılmamış oturmasın” Buxari, Muslim.

Hədisi şərh edərkən İmam Nəvəvi (Allah ona rəhmət etsin) belə deyir: ”Alimlər bu namazın müstəhəb olmasını və qılınmadan məsciddə oturmağın bəyənilmədiyini bildirmişlər” Əl-Məcmu, 3/54.
Böyük alim şeyx İbn Üseymin (Allah ona rəhmət etsin) təhiyyət namazının hökmünün təkid edilmiş sünnə olduğunu vurğulamışdır. Məcmu əl-Fətəva, 14/354.

Lakin salam namazı haqqında bəzi istisnalar mövcuddur:
— Sübh namazından əvvəl məscidə daxil olduqda, sübhün iki rükət sünnəsini qılmaq daha yaxşıdır . Bu sünnə təhiyyət namazını da əvəzləyir. Ləcnə əd-Daimə, 7/244.

— Azan verilən anda məscidə daxil olan kəsin azan zikrlərini ayaq üstə təkrarladıqdan sonra təhiyyət namazı qılması iki xeyir əməlin cəm edilməsi baxımından daha yaxşıdır. Fətəva İbn Üseymin, 14/295.

— Lakin Cümə namazının azanı verilir və xatib minbərə qalxırsa, gözləmədən, mümkün qədər tez salam namazı qılınmalıdır ki, xütbəyə diqqətlə qulaq asmağa imkan olsun.

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə demişdir: ”Cümə günü xütbə verilərkən məscidə daxil olan kəs iki rükət namaz qılsın və onu özü üçün asanlaşdırsın (uzun surələr oxumasın).” Muslim.

— Günəşin doğulduğu və batdığı saatlarda nafilə namazlarının qılınmasına gələn qadağa “xüsusi namazlar” kateqoriyasından olduğu üçün salam namazına şamil edilmir, məscidə daxil olarkən qılınmalıdır. Şeyx Albani, Silsilətul hudə vən-nur.

— Məscidə daxil olarkən camaat namazı artıq başlayıbsa, təhiyyətə ehtiyac qalmadan birbaşa namaza qoşulmaq gərəkdir.

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurur: ”Yetişdiyin namazdan başqa sənə namaz yoxdu.” Muslim.

— Məkkədə Məscidül Həramda salam namazının qılınmasını qadağan edən səhih heç bir dəlil varid olmamışdır. Şeyx Albani, Silsilə əd-Daif.

— Əgər bayram namazı məsciddə qılınırsa, məscidə daxil olan kəs (namaz başlamayıbsa) təhiyyət qıla bilər. Fətəvə İbn Üseymin, 16/216-223.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu AbdulƏziz