Firqələr

Təcrübi elmin sərhədləri

Hər şeyi bilən Uca Allahın adıyla! Peyğəmbərinimiz Muhəmmədə, Onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

 

Çox təəssüf olsun ki, bəzən dünyəvi elmdən payı olmayan ateistlər gecə-gündüz elmdən danışır, özlərini üstün ağıl sahibləri hesab edirlər. Bu  yazımızda istər savadlı, istər də savadsız ateistlərə müsəlmanları çaşdırmaq istədikləri elmin sərhədlərini göstərəcəyik!

 Ateistlərin günümüzdə ən çox söhbət açdıqları mövzulardan biri də “Elm və din” movzusudur. Onlar bu mövzunu açmaqla dinin elmə zidd olduğunu demək istəyirlər. Halbuki, din yox, xurafatlar elmə ziddir. O xurafatlar ki, onu həqiqi müsəlmanlar da inkar edirlər. Bu yazını oxuyan müsəlmanlar ateistlərin nəzərdə tutduqları elmlə həqiqi elmin arasını ayıra biləcək və onlara həm elmin hüdudlarını, həm də öz hədlərini bildirə biləcək, onlara elmdən danışmadan öncə elmin sərhədlərini izah edərək onların “elm çılğınlığına” bir sərhəd qoya biləcəklər!

 

«Elm və din» mövzusunda araşdırma edən şəxslərin çox vaxt unutduğu bir mövzu vardır, o da “təcrübi elmin sərhədləri”dir. Biz bu mövzunu öyrənməklə biləcəyik  ki, ateistlər əslində “bizə özlərini elmli göstərmək istəyirlər və elm deyildikdə yalnız öz istədikləri şeyləri qəsd edirlər”. Halbuki, elm onların təsəvvür etdikləri kimi dar çərçivədə deyil, elm daha geniş  məfhumdur.

 

Biz bu məqaləni oxuduqda elmin sərhədlərinin geniş olduğunu biləcək və ateistlərin yalancı “elm” şüalarına qarşı məlumatlı olacağıq!   ”Ümidrik ki, bu yazı elmi dar çərçivəyə salmaq istəyənlərə də mühüm bir xatırlatma olacaqdır!

Müvəffəq edən Allahdır!

 

Görəsən təcrübi elm haraya qədər səlahiyyətli hesab olunur? Təcrübi elmlərin sərhədləri hara qədərdir? Təcrübi elmə tətbiqi elm də deyə bilərik. Günümüzdə ateistlərin “elm çılğınlığı”, dünyadakı mənəvi və maddi məfhumlar arasında fərq qoymadan hər məfhumu “dar təcrübə qabına” salmaq cəhdləri görəsən doğrudurmu? Görəsən elm yalnız təcrübi elmlərdən ibarətdirmi? Təcrübəyə tabe olmayan elmlər elm deyildirmi?

 

  • O zaman ki, ateist deyir: “Mən təcrübi elm vasitəsilə isbat olunmayan bir şeyin varlığını qəbul etmirəm”.

 

  • Biz ona deyirik: Sənin “mütləq həqiqət meyarı” kimi qəbul etdiyin bu “təcrübi elm” necə də məntiqdən və elmdən uzaqdır.

 

Birincisi: Ona görə ki, təcrübi elmə tabe olmayan o qədər ictimai, siyasi, məntiqi, əxlaqi, psixoloji və s. elmlər var ki…

Biz təcrübəni mütləq həqiqət meyarı kimi qəbul etsək, onda gərək bu elmlərin hamısını inkar edək. Bir də elm dedikdə yalnız “təcrübi elm” nəzərdə tutulmur. Bu təcrübi elm sadəcə elmin bir hissəsidir. Uşaq da bilir ki, ata-anaya yaxşılıq etmək gərəkdiyini heç kim labaratoriyada öyrənmir. Labaratoriyada  görüləsi xüsusi işlər olur. Lakin, bu bizə əxlaqi dəyərləri öyrədə bilmir. Çünki, labaratoriyada əxlaqi təcrübələr deyil, kimya, fizika, həndəsə və s. təcrübi elmlərə aid təcrübələr həyata keçirilir.

 

Təcrübi elm bizə əxlaqi hökmləri təqdim edə bilmir. Məsələn; oğurluq etmək yaxşı əməldir? Yoxsa, yox? Bunun yaxşı və ya pis olmağını bilmək üçün labaratoriyaya, nə fizikaya, nə də kimyaya, nə də başqa təcrübi elmə ehtiyac yoxdur. Yaxud da “yaxın bir qohumu qətl etmək icazəlidirmi?” sualına təcrübi elm cavab verə bilmir. Yaxud da bəşər övladı üçün müəyyən haqları gözləmək lazımdırmı? Heyvanların da müəyyən haqları vardırmı? Bu suallar mühüm olsa da, elmi araşdırmalar bu suallara cavab vermir. Deməli, elm bizə alimin necə işləyəcəyinin vəsfini xəbər verir. Lakin, hansısa əxlaqi hökmün doğru olub olmadığını bizə xəbər verə bilmir.

 

İkincisi: Elm «necə?» sualına cavab verir, «nə üçün?» sualına isə cavab vermir! Məsələn; elm maddənin bir haldan başqa hala necə keçdiyini izah edə bilər. Amma, kainatın nə üçün yarandığını, bizim nə üçün dünyada olduğumuzu, cinlərin nə üçün yaradıldığını və s. kimi sualları cavablaya bilməz. Çünki, bu, elmin öyrəndiyi sahə deyil. Elm məhdud bir sahə ilə məşğul olduğu üçün bu suallara cavab verə bilmir.

 

George Ellis demişdir: «Elm sənə fizika qanunlarının nə olduğunu bəyan edə bilər. Lakin, elm sənə bu qanunların nə üçün olduğunu xəbər verə bilməz. Kainatın nə üçün mövcud olduğunu elmin sənə xəbər verməsi mümkünsüzdür.» (George Ellis, God for the 21st Century, səh 165)

 

Freeman Dayson deyirdi: «Biz nə üçün buradayıq? Kainatın (var olmasında) bir hədəf varmı? Bizim xeyiri və şəri tanımağımız haradandır? Bunun kimi yüzlərlə yanıltmaclar (suallar) elmin sərhədlərindən kənardır. Bu cür suallarin cavabı dinin hökmünə tabedir.» (Progress in religion: A talk by Freeman Dayson, əl-İmən bil-Xaliqi vəl-İlm, səh 25)

 

Erwin Schrödinger demişdir: «Mən haradan gəlmişəm və hara gedəcəyəm? Bu sualın cavabını bilmirik. Bu bizdən hər kəsin soruşduğu bir sualdır. Elm bu suala cavab verə bilmir.» (Nature and the Greeks and Science and Humanism, 95-96)

 

Paul Davies demişdir: «Elm bizə “necə” sualı barəsində xəbər verdikdə yaxşıdır. Amma, “nə üçün” sualına elm cavab verdikdə isə yaxşı deyildir.» (əl-İmən bil-Xaliq vəl-İlm, mərkəzu dəlil, səh 25)

 

Üçüncüsü: Təcrübi elm bizə zövqlər və gözəlliklər barədə bir şey təqdim edə bilmir. Nəyin çirkin, nəyin gözəl olduğunu, nəyin yaxşı, nəyin də pis olduğunu təcrübi elm bizə deyə bilmir. Elm bizə rəngləri necə gördüyümüzü və səsləri necə izah etdiyimizi izah edə bilər. Amma, elm bunlardan hansının yaxşı və ya pis olduğunu izah edə bilməz. O, insanların zövqlərini təcrübi elmə tabe etdirə bilmədiyi halda, saqqal və niqab (hicab) barədə də bizə meyar və ölçü verə bilməz.

 

Dördüncü: Təcrübi elm bizə elmi bilgiləri necə istifadə edəcəyimizi də öyrətmir. Məsələn; insan DNA-sının kəşfi məlumdur. Lakin, biz bunu bioloji silahların ərsəyə gəlməsində istifadə etməliyik? Yoxsa, biz bunu insanın irsi xəstəliklərinin müalicəsində istifadə etməliyik? Yoxsa, bu bilgi insanla heyvanın birgə yaşaması barədə əldə edilən təcrübədə istifadə edilməlidir?

 

Beşincisi; Elm bizə gözlə görmədiyimiz şeyləri, qeyb aləmini, metafizik məsələləri izah edə bilmir. Cinlər varmı? ruhlar varmı? Allah varmı? Bunun kimi suallara elm cavab verə bilmir. Çünki, təcrübi və ya tətbiqi elmin sərhəddi maddədə bitir. Deməli, dünyanın və ya kainatın yaranması kimi qeybi və keçmişdə baş vermiş hadisələri təcrübi elmlə araşdırmaq təcrübi elmin sərhədlərini keçmək sayılır.

 

Bütün bunlar o demək deyil ki, təcrübi elm dinə ziddir! Elmlə din bir-birinə qarşı ziddiyyətdə deyil. Əksinə, elm təsdiq edir ki, elmin elə sahələri var ki, təcrübi elmə əsaslanan kimsə o sahədən kənara çıxa bilməz. Çünki, hər elmin öz məşğul olduğu sahə var, elm öz sahəsinə aid olmayan məsələləri nə təsdiq, nə də inkar edə bilməz. Bu zaman həmin sahəyə aid olan digər elmi ixtisasa baş vurulmalıdır.

 

Altıncısı: Ateistlər təcrübi elmi həqiqət meyarı kimi qəbul etməkdə, ələxsus da Allahı təcrübi elmə əsasən inkar etməkdə elmi-metodiki əsaslanma cəhətdən ziddiyyətə düşürlər. Onlar Allaha gəldikdə onu “təcrübədən keçirməyə” çalışır, bunu mütləq həqiqət meyarı kimi qələmə verir, başqa mövzulara gəldikdə isə bu batil qaydanı özləri pozur və öz qaydalarının xaricinə çıxırlar. Onlar deyirlər ki, bilik (mərifət) yalnız hiss və tərcübə ilə hasil olur, ağıl və xəbər ilə deyil. Hələ qaldı ki, fitri və ya ilham (vəhy) yolu ilə olsun, bunu heç qəbul etmirlər. Sonra isə onların Allahı inkar etmələrini gördükdə heç bunun “təcrübi yolla” deyil, əqli yolla olduğunu görürsən. Baxmayaraq ki, biz müsəlmanlar elə əqli yolla Allahın varlığını isbat edirik! Onlar isə “təcrübədən” keçirə bilmədikləri böyük ilahi qüvvəni əqli yolla inkar edir, sonra isə təcrübi olmayan seyi qəbul etmədiklərini deyirlər. Bu irad ona görə tutulur ki, onlar əqli elmləri mötəbər hesab etmirlər. Lakin, Allaha gəldikdə bizim mötəbər əqli dəlillərimizi qəbul etməyib öz ağıllarına əsaslanırlar ki, bu əsaslanmada təcrübi elmdən söhbət gedə bilməz. Əgər etiraz edib desələr ki, biz Allahı görmürük deyə təcrübədən keçirə bilmirik. Biz də deyirik ki, birincisi Allah təcrübəyə tabe deyildir. İkincisi isə: Siz təcrübədən keçirmədən və görmədən o qədər şeylərin varlığını qəbul edirsiniz ki, bu məsələdə biz sizin ziddiyyətdə olmağınıza onlarla, yüzlərlə misallar çəkə bilərik. İstər kainatın yaranması barədə olan fərziyyələrinizi, istər dünyanın yaranması barədə sözlərinizi, istər yadplanetlilər barədə olan sözlərinizi, istər xəbərə əsaslanan, təcrübəyə əsaslanmayan tarix elmindən ən qədim olan bilgiləri təhriflərlə bərabər “elmi həqiqət” olaraq qəbul etməyinizi, istər zənn və təxminlər üzərində olan nəzəriyyələri təcrübədən tam uzaq olduğunu bildiyiniz halda bunu “elmi həqiqət” adı altında qəbul etməyinizi və s. çoxsaylı misalları təfsilatıyla bərabər qeyd edə bilərik. Amma, yeri gəlmişkən onu da bildirək ki, bu həqiqət meyarlarına gəldikdə isə ağıl, hiss, xəbər (nəql etmə), təcrübi elm və s. bunların hamısına baxılmalıdır. Əgər məsdərlər tərk olunarsa, yalnız təcrübi elm götürülərsə, bu zaman digər elmlərin hamısı xurafat hesab olunacaq ki, bu da digər elmlərə qarşı böyük bir cinayət olardı.

 

Yeddincisi: Sizlərə Misirli həkim, əczaçı dr. Əhməd İbrahimin «Ağılın bilməməzliyi» kitabında bu mövzuya aid dediyi sözləri təqdim edirik. O belə deyir:

 

«Həqiqət budur ki, elmi nəzəriyyə hansısa bir məfhum haqqında müəyyən bir təsəvvür təqdim edir ki, bu isə öz daxilində təcrübi müşahidələri (Facts), fərziyyələri və xəbərləri (Hypothesis) ehtiva edir. Nəticə etibarilə bu əqli metodla dəlil gətirməkdir ki, bunda da ixtilaf yoxdur. Lakin, bu başlanğıc və son olaraq bizim maddi bir şeylə müamiləmiz zamanı mümkündür. O mənada ki, bu metod bizim maddi, təbii bir məfhumla müamiləmiz əsnasında uğurlu nəticə verə bilər. Lakin, əgər biz hansısa bir mənəvi məfhum, mənəvi dəyər, yaradılış, qeyb aləmi və ya ədəbi rəvayətlərin mənaları, rəsmlər və ya insanla əlaqəli hər hansı bir şey (Humanities) barədə düşünəcək olsaq və ya məntiqi, fitri və ya riyazi məsələlərlə təcrübi metodu tətbiq etmək istəsək, bu zaman həqiqi bir problem ortaya çıxacaqdır. Buradan da aydın olur ki, təcrübi elmin maddi şeylərlə müamilədə uğur qazanması o demək deyil ki, “təcrübi elm” həqiqətlərə çatmaq üçün yeganə yoldur. Çünki, təcrübi elm bu həyatdakı hər şeylə rəftar üçün ən yaxşı metod deyil. Məsələn; biz sizdən birinin evindən asılmış hansısa bir məşhur rəsm əsərlərindən birini (fərz et ki, Mona Lizanın rəsmi)  təsadüfi rənglənmiş və evin divarından asılmış olduğu halda hansının daha yaxşı olduğunu isbat etmək üçün siz öz balaca övladınıza təcrübi elmdən dəlil gətirə bilərsinizmi? Cavab əlbəttə ki, «yox» olacaqdır. Çünki, zövqlər müxtəlifdir və bu qiymətləndirmə əslində təcrübi elmin sahəsi deyildir.

 

Bir şeyin qayəsini nə təsdiq, nə inkar edə bilməyən bir insan Allahın  yaratdığı şeyləri şəkilləndirməsinin və qayəsinin batil elm olduğunu iddia edir.   Hətta, ateistlər buna əsaslanaraq Darvin nəzəriyyəsini qəbul edir, Allahın «ağıllı dizayn» ilə kainatı gözəl biçimdə yaratmasını inkar edirlər. Bu hökm isə bütünlüklə batildir. Çünki, biz bayaqkı “Mona Liza” şəklini digər kor-koranə rənglənmiş şəkillərdən üstün tutmaq üçün “təcrübi elm”dən bir dəlil gətirməyə aciz qalacağıq. Bu zaman elmi hökm bu olacaq ki, hər kim ki, hansısa şəkilin “daha üstün olduğunu” iddia etsə, o bizə batil elm təqdim etmiş sayılacaqdır. Bu “üstün çıxarma” hökmünün batil olduğunu hər kəs bilir. Eyni qayda ilə də ateistlər Allahın yaratdığı kainatı düzgün olmayan metodla, təcrübəyə əsaslanılması mümkün olmayan şəkildə bu yaradılışdakı “ağıllı dizaynı” inkar edirlər. Halbuki, bu üstün çıxartma və ya aşağılama taktikası təcrübi elmə ziddir. Bu gözəllikləri təcrübi elm görə bilmir ki, ona qiymət də verə bilsin. Xülasə odur ki, bu təcrübi elmin sahəsi xaricindədir.»

(dr. Əhməd İbrahim, Ağılın Bilməməzliyi, səh, 40-41)

 

Sonra isə o riyaziyyat elminin təcrübi elmə tabe olmaması, təcrübi elmin qaydalarına zidd olduğu üçün əslində ateistlərə görə riyaziyyatın “elm adlandırılmasının” doğru olmadığını izah edir və buna misallar çəkir, tənlik və teoremlərin təcrübi elmin tələb etdiyi qaydalara tabe olmadığını izah edir. Sonra isə Devid Heyom’un qeyd etdiyi (Problem of induction) ”Dəlillərin toplanması problemi” məsələsi ilə hətta göstərir ki, təcrübi elmin özünün doğruluğunu belə təcrübi elmlə isbatlamaq mümkün deyil.

 

Ona görə də məntiqi həqiqətlər var ki, onun təcrübi elmlə isbatına ehtiyac yoxdur. Məsələn; İki bir-birinə zidd şey bir araya gəlmir, nə də yüksəlmir, yaxud da kvadrat olan bir şey eyni zamanda eyni dərəcədə dairəvi halda ola bilməz. Bunun kimi bir misalı təcrübi elm isbat edə bilməz, nə də inkar edə bilməz. Çünki, ola bilsin ki, bu halda bir şeyi bu dünyada tapa bilməsən də, bu başqa bir yerdə olsun. Ya da bunun üçün uzun və ya əbədi bir müddət lazım ola bilər.

 

Təcrübi elm ateistin və ya qeyrisinin ağlındakı fikirlərin doğruluq və yalan nisbətini də təcrübədən keçirə bilməz. Fikirlər, mənəvi aləm, insanın iç dünyası, əxlaq, məntiq, tarix, riyaziyyat, bir çox ictimai elmlər və s. bir çox elmlər və məfhumlar təcrübi elmə daxil deyil. Ona görə də bütün mütləq həqiqətləri təcrübi elmlə xüsusiləşdirib təcrübi (tətbiqi) elmdən kənar elmləri qəbul etməmək bəşər övladı üçün böyük bir təhlükədir. «Elm və din» mövzusunda bəhs edən şəxslərin çox vaxt unutduğu bir mövzu vardır, o da “təcrübi elmin sərhədləri”dir. Ümid edirik ki, bu yazı elmi dar çərçivəyə salmaq istəyənlərin işini pozmaqda yardımçı olacaqdır!

 

 

İstifadə edilmiş ədəbiyyat:

 

  • Təcrübi elmin hüdudları məqaləsi — (ərəbcə) Qanət Beyyinətun li-muqaranətil-Ədyən var-Raddi aləş-Şubuhəət.
  • 1+1=3 (İslama və onun əsaslarına qarşı yayılan  şübhələrin yanlış əsasları, Əhməd Seyyid) (ərəbcə) Usulul-Xata fiş-Şubuhəət əl-Musərati Diddil-İsləm va səvabitəhu. Əhməd Seyyid. 2017.
  • Ağılın Bilməməzliyi, dr. Əhməd İbrahim, səh, (ərəbcə) 2011.
  • Yaradana və elmə iman, məşhurların sözləri (ərəbcə) əl-İmənu bil-Xaliqi vəl-İlm, iqtibəəsəət muvassəqah li-məşəhiyril-Uləməi fil-Asril-Hədis, Cordon Leydneer) 2018.
  • Cilədul-İlhəd, Dr. Muhəmməd əs-Səidi və dr. Ali əl-Umran. 2018.
  • Ateizm, problem içində olan fərziyyə, əl-İlhəd Fardiyyətun fi əzmə, Əhməd Bəlqis. 2018.
  • Video dərs: doktor Səid ibn Vəhb əl-Qahtani, Hudud əl-İlmit-Təcribi. (Təcrübi elmin hüdudları: https://youtu.be/cSaxq41Y83s)

 

 

Topladı və tərtib etdi: Sahib Əsədov