Sual-cavab

Sual-Cavab (01.11.2012)

Suallara cavab verən Mədinə Beynəlxalq İslam Universitetinin məzunları Ramil Soltanov, Səid İsrafilov

1. Daş-qalaq barədə
Sual: Quranda daş-qalaq haqqında ayə olub? Səhih Buxaridə bu haqda qeyd olunur

Cavab: Bəli, olub, sonra isə nəsx olunub, ancaq hökmü qalıb.
Ubeydullah ibn Abdullah ibn Utba Abdullah ibn Abbasdan (Allah onlardan razı olsun) belə eşitdiyini rəvayət edir: «Ömər ibn əl-Xattab Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərində oturmuş halda belə buyurdu: «Allah Təalə Muhəmmədi (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) haqla yolladı və ona kitab nazil etdi. Allahın Ona nazil etdiyi şeylərdən biri də Rəcm (daşqalaq) ayəsidir. Onu oxuduq, əzbərlədik və dərk etdik. Peyğəmbər daşqalaq etdi və biz də ondan sonra daşqalaq etdik. Qorxuram ki, zamanə uzandıqca kimsə: «Allahın kitabında daşqalaq etməyi tapmadıq deyər və Allahın vacib buyurduğunu tərk etdiklərinə görə zəlalətə düşərlər. Muhsan (evli) olan və zina etmiş hər bir kişi və qadına sübut edilərək, hamilə və etiraf etməsi ilə daşqalaq olunması Allahın kitabında haqdır.» (Müslim/1691)

2. Gün batmamış iftarı açmağın hökmü
Sual: İftarı gün batmamış açmaq olar? Səhih Buxari 1956-cı hədisdə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gün batmamış iftarını açdığı qeyd olunur.

Cavab: Xeyr, olmaz! Zikr etdiyin hədisdə də gün batdıqdan sonradır.
Abdullah ibn Əbu Avfa (Allah ondan razı olsun) belə rəvayət edir: “Ramazan ayında Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) birgə səfərə çıxmışdıq. Günəş batdıqda (itdikdə) O (Allahın ona salavat və salamı olsun) bir kişiyə: “Ey filankəs! Düş, bizim üçün yeməyi qarışdır” deyə əmr etdi. Kişi: “Ey Allahın Elçisi, hələ üzərində günortadır.” Deyə cavab verdikdə, Ona yenidən: “Düş, bizim üçün yeməyi qarışdır” deyə əmr etdi. Kişi enərək yeməyi hazır edərək Peyğəmbərə gətirdi. Peyğəmbər ondan içərək əli ilə işarə edərək belə buyurdu: “Günəş burada batdıqda və gecə buradan gəldikdə oruc tutan iftarını açmış olar.” (Buxari1956, Müslim 1101)

3. Namazda başın altına torpaq qoymaq barədə
Sual: Buxarinin kitabında belə bir şey var ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) namaza durarkən bir ovuc torpağı soyudub başının altına qoyarmış. Zəhmət olmasa bu haqda aydınlıq gətirəsiniz?. (İbrahim)

Cavab: Baxmaq lazımdır ki, Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) bu əməli necə, nə üçün və harada edib? Buxaridə buna bənzər hədis var. Orada səcdə edən zaman havanın şiddətli isti olduğundan peyğəmbər (Allahın ona salamı və salavatı olsun) paltarının ucunu başının altına qoyması qeyd edilir. Buna əsasən bzi səhabələr daş parçasını əllərində soyudub sonra ona alınlarını qoyardılar. Bu möhür qoymağa dəlil deyil. Çünki bu ancaq istidən qorunmaq üçün edilib. Daima etdikləri əməl olmayıb. Buxarinin Səhihində Namaz kitabında mövcüd olan hədislər bunlardır:
20-ci fəsil: Həsir üzərində namaz qılmaq.
Cabir və Əbu Səid (Allah onlardan razı olsun) gəmidə ayaq üstə namaz qılmışdır.
əl-Həsən belə demişdir: «Ayaq üstə yoldaşlarına məşəqqət verməyəcəyin müddətcə ayaq üstə namaz qıldıracaq və gəmi ilə birgə dönəcəyi yerə dönəcəksən. Əks təqdirdə isə oturaraq namaz qıldıracaqsan.»
Ənəs İbn Məlik (Allah ondan razı olsun) belə rəvayət edir: «Onun nənəsi Muleykə Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) onun üçün bişirdiyi yeməyə dəvət etdi. O yedikdən sonra belə buyurdu: «Durun sizə namazı qıldırım. Ənəs ibn Məlik belə buyurdu: «Qalxıb yerdə çıx qaldığından qaralmış həsrimizi götürüb onun üzərinə su səpərək təmizlədim. (başqa bir rəvayətdə isə: «Ləbisə» sözü sin hərfi ilə deyil, Sə hərfi ilə varid olmuşdur.») Peyğəmbər onun üzərində durdu. Mən və yetim uşaq onun arxasında, qoca arvad isə bizim arxamızda səfdə durdu. Peyğəmbər bizə iki namaz qıldırdıqdan sonra getdi.»
21-cii fəsil: Həsirdən və ya ona oxşar bir şeydən düzəldilmiş kiçik bir səccədə (kilim) üzərində namaz qılmaq.
Bu haqda on səkkiz rəqəmli hədisdə keçmiş Meymunənin hədisindən bir hissə zikr etmişdir.
22-ci fəsil: Yataqda namaz qılmaq.
Ənəs (Allah ondan razı olsun) yağı üzərində namaz qılmışdır.
Ənəs (Allah ondan razı olsun) belə demişdir: «Peyğəmbər (Allahınona salavat və salamı olsun) ilə birgə namaz qılardıq və bizlərdən bir paltarı üzərinə səcdə edərdi».
23-cü fəsil: Hərəarətin şiddətli olduğu bir vaxda paltarın üzərinə səcdə etmək.
əl-Həsən belə demişdir: «Camaat (səhabələr) əlləri paltarının qolu içində, sarıq və papaq üzərinə səcdə edirdilər».
Ənəs İbn Məlik (Allah ondan razı olsun) belə rəvayət edir: «Biz Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə birgə (günün qızmar bir vaxtında) namaz qılardıq. (Başqa bir rəvayətdə isə: «şiddətli isti bir vaxda bizlərdən biri üzünü yerə qoya bilmədikdə») bizlərdən biri səcdə edəcəyi yer şiddətli isti olduğundan (Başqa bir rəvayətdə isə: «qorunmaq üçün») paltarının bir hissəsini qoyardı.»

4. Uşaqları məscidə gətirmək barədə
Sual: Qardaşlar uşaqlarını məscidə gətirir, uşaqlarda səs salır. Məscidin imami deyir ki, uşağınız səs salırsa onları gətirməyin, möminlərə mane olurlar. Ancaq özünü əxlaqlı aparan uşaqları məscidə gətirin. Bu nə dərəcədə doğrudur?

Cavab: Körpələri məsciddən məhrum etmək olmaz. Əksinə gətirilməsi məsləhətdirki, uşaq məscidə bağlansın, çünki uşaq vaxtdan məscidə bağlı olmaq gözəl fürsətdir. Lakin valideyinlər çalışıb məscid ədəblərini uşağa başa salmalıdır. Baxın ümmətə ibrət olan Muhəmməd (Allahın ona salamı və salavatı olsun) namaz qılarkən nəvəsi Hüseyn (Allah ondan razı olsun) onun üstünə çıxardı. O isə ona heçnə deməzdi.

5. Məsciddə ətir təklif etməyin hökmü
Sual: Məsciddə ibadət edənə (məsələn dua edir, Quran oxudugu yerdə və.s) ətir təklif etmək və ya cumə günü xütbə vaxtı ətir təklif etmək. Ümumiyyətlə ətir təklif etmək olarmi məscidin içində?

Cavab: Ibadət edəni ibadətdən yayındırmaq olmaz. Xüsusən cümə günü xütbə vaxtı xütbəyə qulaq asmaq və başqa şeyləri tərk etmək vacibdir. Qaldıki məsciddə ətir vurmağa qadağan yoxdur. Başqasına da təklif etmək olar.

6. Məscidin əbədləri
Sual: Məscidin ədəbləri hansılardır?

Cavab: Məscidin ədəblərindən dəstamazla girmək, girməzdən öncə misvak işlətmək, sağ ayaqla daxil olub sol ayaqla çıxmaq. Girdikdə məscid haqqı namaz qılmaq, məscidin təmizliyinə riayət etmək, səsi qaldırmamaq, müsəlmanlara əziyyət verməmək.

7. Qüsl etməyin forması
Sual: Bilmək istəyirəm ki, güslü necə düzgün edirlər, onların sözünü necə düz ifadə etmək lazımdır?

Cavab: Qüsl alarkən niyyəti dillə demək olmaz, sadəcə niyyəti qəlbinizdə edin, bu kifayətdir. Buna dəlil bu hədisdir: “Həqiqətən, əməllər niyətlərə görədir”. (Buxari: 1/ 9/ № 1. Müslim: 3/ 1515/ № 1907.)
Qüslün kamil formasına gəldikdə isə Aişə (Allah ondan razı olsun) deyir ki, “Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) cənabət qüslü edərkən birinci əllərini yuyar, sonra sağ əli ilə sol əlinə su tökərək övrət yerini yuyar, sonra namaz üçün etdiyi dəstəmazı edər, sonra su götürüb barmaqları ilə suyu saçlarının dibinə çatdırar, saçlarının dibi islandıqdan sonra başına üç dəfə, sonra bədəninin qalan hissələrinə su tökər, axırda isə ayaqlarını yuyardı.” (Buxari, Muslim)

8. Məsciddə hansı ibadətlər qadağandır?
Sual: Sunnəyə görə məsciddə hansi ibadətləri etmək lazimdir və hansilari olmaz?

Cavab: Məsciddə namaz qılmaq, quran oxumaq, elm öyrənib öyrətmək, zikr etmək kimi ibadətlər olar. lakin hansı ibadəti etmək olmaz sualı qəribədir. çünki məscidlər ibadət üçün tikilir.

9. Məscidin həyətində danışmağın hökmü
Sual: Məscidin həyətində danışmaq olarmı?

Cavab: Məscidin həyətində və içində danışmaq olar. Lakin müsəlmanları nəzərə almaq vacibdir. Namaz qılan kəsin yanında uca səslə quran oxuyub ona əziyyət vermək qadağandırsa başqa söhbətlər də həmçinin qadağandır.

10. Qohumluq əlaqələri
Sual: Əgər mən yaxın qohumumu nə qədər müddətdən bir ziyarət etsəm qohumluq əlaqəsini ödəmiş oluram. Məsələn ayda bir dəfə ziyarət etsəm ödəmiş oluram, yoxsa həftədə bir dəfə etməliyəm?

Cavab: Qohumları ziyarət etmək üçün müəyyən bir hədd yoxdur. Nə zaman istəsəniz ziyarət edə bilərsiz. Əsas odurki əlaqə üzülməsin. Ən azından telefonla danışmaq kifayət edər.

11. Abu Talibin hara düşəcəyi barədə
Sual: Peyğəmbərimizin (Allahin salavatvə salamı olsun) əmisi abu Talibə cəhənnəmdə ən yüngül cəza verilməsi və onun cəhənnəmə düşəcəyi orada əbədi və yaxud müvəqqəti qalacağı haqqında dəlil verəsiniz. Yaxşı olar ki, Quran ayəsi, olmasa hədis varmı?

Cavab: Abbas ibn Abd əl-Muttalibin (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə soruşduğu rəvayət olunur: “Ey Allahın Elçisi, Əbu Talib səni qoruyardı, sənə görə qəzəblənərdi, ona nəsə bir fayda verə bildinmi? O belə cavab verdi: “Bəli, Cəhhənəmin ən yuxarı yerindədir, əgər mən olmasaydım, onda Cəhənnəmin ən dibində olardı.” (Buxari / 3883, Müslim / 209).
Səid ibn Museyyibdən, o da atasından (Allah ondan razı olsun) belə rəvayət etmişdir: Əbu Talib ölüm yatağında ikən Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) onun yanına gəldi. Peyğəmbər ( Onun yanında Əbu Cəhl və Abdullah ibn Ümeyyə ibn Əl-Muğirəni gördü. Peyğəmbər ona: “Ey əmi! Lə iləhə illəllah de ki, bu kəlmə ilə sənin üçün Allahın qarşısında şahidlik edim” deyə söyləli. Əbu Cəhl və Abdullah ibn Ümeyyə: “Ey Əbu Talib! Əbdül Muttalibin dinindən imtina edirsən?!” deyə soruşdular. Peyğəmbər Əbu Talibin onlara son sözü “O Abdul Muttalibin dinindədir” olanadək, ona bu kəlməni deyərək, onun üçün təkrar edti. O, Lə iləhə illəllah deməkdən imtina etdi. Peyğəmbər ona belə dedi: And olsun Allaha, mənə qadağan olunmayınca, sənin üçün bağışlanma diləyəcəyəm. Allah Təala bu ayəni nazil etdi: “Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!” (Tövbə 113) Allah Təala Əbu Talib barəsində bu ayəni nazil edərək Rəsuluna belə dedi: ”Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir! (Qəsas 56)” . (Buxari 1360, Müslim24)

12. Ramazanın qəzası barədə
Sual: Ramazan ayından qalan qəza oruclarını tutmamışdan əvvəl Şəvval ayının 6 gün orucunu tutmaq olarmı?Və şəvval ayında həftənin 1-ci günü Ramazan ayinin qəza oruclarını tutmaq niyyəti ilə oruc tutmaq olarmı ki, həm qəzanı i tutmuş olum, həm də həftənin 1-ci günü oruc tutmaq savabını qazanım?

Cavab: Şəvval ayinin 6 gun orucunun savabına yalnız Ramazan ayını tam oruc tutandan sonra nail olmaq olar. Beləliklə, əgər kiminsə Ramazandan qəza qalıbsa, öncə qəzaları tutsun, sonra Şəvval ayının 6 gününü oruc tutsun. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: «Kim Ramazan ayında oruc tutub, sonra Şəvval ayında 6 gun oruc tutarsa butun ili oruc tutmush kimi sayılar». (Sahih Muslim, Sunan Abu Davud, Sunan at-Tirmizi, Sunan Ibn Maca, Musnad Ahmad, Sunan ad-Darimi). Buna əsasən biz deyirik ki, kimin qəza orucları varsa, öncə qəzaları tutsun, sonra Şəvval ayında 6 gun tutsun. 6 gun həftənin 1-ci və ya 4-cü gününə düşərsə onda oruc tutan hər iki savaba nail olar.

13. Tərkibində spirt olan ətirlərin hökmü
Sual: Tərkibində spirt olan ətirlərdən, alkoqollu saç gellərindən, antiperspirantdan istifadə etmək olarmı? Çünki mən eşitmişəmki iki cür alkoqol var — təbii və kimyəvi yolla alınan spirt. Kimyəvi yolla alınan spirt pakdır. Dəlillərlə əsaslandırsanız sizə minnətdar olardıq

Cavab: Istifadə etmək olar. Çünki “spirt nəcis deyil” deyən alimlər çoxdur. Buna dəlil isə içkinin haram olması barədə ayə nazil olan vaxt səhabələr içkiləri tökürlər. O qədər çox olur ki Mədinə yollarında içki axır. Bundan sonra onun yerini yumamaqları nəcis olmamasına dəlildir.

14. Kişi ilə qadının namaz qılması
Sual: Mən anamla yan-yana durub namaz qila bilərəm?

Cavab: Ananız sizdən arxada dayanmalıdır. Yan — yana olmaz.

15. Oruc ola-ola dərman qəbul etmənin hökmü
Sual: Oruclu olarkən ağri kəsici dərmanları susuz udsan bu orucu pozurmu? Bunu ağrı kəsici iynələrə qiyas etmək olarmı?

Cavab: Olmaz çünki o bir başa mədəyə gedir. Vurulan iynələr isə mədəyə getmir.

16. Namazı qəza etmək barədə
Sual: Qəza namazını nə vaxt qılmaq olar? Birdə qardaş namazın vaxti girdikdən 1,2 saat sonra azan oxumaq olar?

Cavab: Bilmək lazımdır ki, qəza deyilən namaz yoxdur. Əgər bilmədən namazın vaxtı çıxıbsa bilən kimi qılırsan. Bu həmin namazın özünün vaxtında qılınmış kimidir. Lakin bilərəkdən namazın vaxtından sonra qılmaq günah sayılır. Tövbə etmək lazımdır. Namazın vaxtı girdikdən 1-2 saat sonra əzan vermək olar. Bir şərtləki namazın vaxtı çıxmış olmasın.

17. Qadınlara cümə namazının vacib olmaması
Sual: Qadınlara cümə namazı qılmaq vacib deyil?

Cavab: Cümə namazı qadınlara vacib olmamasının səbəbi Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) hədisi dəlildir. Tariq bin Şihabın rəvayət edir ki, Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Cümə hər müsəlmana camaatla qılınması gərəkən haqq və bir vacibdir. Bundan dörd kişi istisnadır: Kölə, qadın, kiçik uşaq və yaxud xəstə bir kimsə.» (Əbu Davud, Albani hədisi səhihləşdirib)

18. Nərd oynamağın hökmü
Sual: Assalamu aleykum! nərd oynamaq haramdırmı? Varsa dəlillər nələrdir?

Cavab: Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Kim nərd oynasa Allaha və Onun elçisinə asilik etmiş olar” . (Buxari, Ədəbul Mufrad 1269).
İbn Məsud (Allah ondan razı olsun) deyir ki: “(İnsanı) ibadətdən təmamilə uzaqlaşdıran, işarələnmiş bu dördkünc daşlardan (nərd oynamaqdan) çəkinin. Çünki o, qumardır”. (Buxari, Ədəbul Mufrad, 1270).
Əbu Bureydə atasından rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Kim nərd oynayarsa sanki əlini donuz ətinə və qanına bulamışdır” (Buxari, Ədəbul Mufrad 1271).

19. Cümə namazını məsciddən qeyri yerdə qılmağın hökmü
Sual: Bir cahil var, deyir ki «mənə Qurandan dəlil gətir ki, cümə namazı sırf məsciddə qılınmalıdır, deyir ki, ayə var ki, cümə namazı qılınması barədə, amma məsciddə qılınması barədə yoxdur»..

Cavab: Cumə namazı ayəsinin nazil olma səbəbini aşağıdakı hədis ifadə edir. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə cümə günü Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərdə xütbə oxuduğu zaman Şamdan gələn karvan Mədinəyə yaxınlaşdı. Bunu görən əshabələr tələsik karvana tərəf getdilər. Peyğəmbərin yanında isə məsciddə cəmi on iki nəfər qaldı və bu ayə nazil oldu: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allahın dərgahında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir” [62:11] (Səhih əl-Buxari və Səhih Muslim).

20. Balığın haram və haram növü varmı?
Sual: Qardaşlar balığın haramı, halalı var?

Cavab: Qardaş, balığın bütün növləri halaldır. Buna dəlil Maidə surəsinin 96-ci ayəsidir: «Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!»