Sual-cavab

Sual-Cavab (01.10.2012)

Suallara cavab verən Mədinə Beynəlxalq İslam Universitetinin məzunları Ramil Soltanov, Səid İsrafilov.

1. İşa namazının vaxtı
Sual: İşa namazı bildiyim qədər gecə yarısına kimi qılınmalıdır. Gecə yarı dedikdə saat neçə sayılır? Əgər o vaxta kimi qılınmayıbsa, qəza olur?

Cavab: İşa Namazının vaxtı gecə yarısına kimidir. Əgər gecə yarısına kimi qılınmayıbsa artıq vaxtı qəza olur. Gecə yarısının nə vaxt olduğunu bilmək üçün Məğrib namazından Sabah namazına qədər olan müddəti hesabla və onun yarısı gecənin yarısı sayılacaqdır. Aişə (Allah ondan razı olsun) belə rəvayət edir: “Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bir gecə İşa namazını gecənin yarısı gedəndək gecikdirdi. Hətta Məscid əhli yatdılar. Sonra çıxıb namazı qıldı və belə buyurdu: “Bu onun vaxtıdır, əgər ümmətimə çətin olmasaydı bu vaxtda qılınmasını əmr edərdim.” (Buxari / 566, Müslim / 638).
Abullah ibn Amr ibn Əl-As (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Zöhr namazının vaxtı günəş zeniti keçdikdən, insanın kölgəsi özü boyda olana, yəni Əsr namazı girənə kimidir. Əsr namazının vaxtı günəş qızarana kimidir. Məğrib namazının vaxtı şəfəq itənə kimidir. İşa namazının vaxtı gecənin tən yarısına kimidir. Sabah namazının vaxtı isə dan yeri ağardıqdan günəşin doğmasına az qalana kimidir. Günəş doğduğu anda namaz qılma! Çünki O şeytanın buynuzları arasından doğar.” (Müslim /612).

2. Şəhadəti deyib ölənin halı
Sual: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub ki, kim ölüm anında lə iləhə illəllah deyərsə cənnətlik olar. Onu deyənin cahil və ya müsəlman olmasının fərqi var?

Cavab: Kim «Lə İləhə İllə Allah» kəliməsini deyib o halda ölərsə onun aşağıdakı növləri vardır:
1. Ruh hulquma yetişdikdən sonra deyərsə o kəlimə sahibinə fayda vermir. Firon kimi.
2. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq etməyərək, iman gətirməyərək deyərsə yenə həmin kəlimə sahibinə fayda verməz.
3. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq edərək iman gətiribsə həmin kəlimə sahibinə fayda verər.
4. Kim ki şirkdən və bütün günahlardan töbvə edərək deyərsə ilk məqamda Cənnətə girənlərdən olar Allahın izni ilə.
5. Kim ki şirkdən tövbə edərək günahlardan isə çəkinmədən deyərsə həmin şəxs Qiyamət günü Allahın istəyi altında olacaqdır. Uca Allah bu xüsusda buyurur: «Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa günahları isə dilədiyi kimsəyə bağışlayar». (ən-Nisə, 48)

3. Qadının saçını refle eləməsinin ve kəsdirməsinin hökmü
Sual: Saçı refle etmək olar? Bildiyimə görə saçı eyni vaxtda bir neçə rənglə boyamaq olmaz, bu belədir? (hicabdayam, yalnız ərim üçün olduğuna görə ərim icazə verir) bəs şəriətimiz necə?

Cavab: Qaradan başqa istənilən rəngə saçı boyamaq haqqında Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) heç bir qadağa haqqında söz varid olmamışdır. Qadının saçını qəhvəyi, sarışın və başqa rənglərə (qaradan başqa) boyamasında problem yoxdur, lakin kafir və əxlaqsız qadınları təqlid etmirsə. Şeyx Muhamməd İbn Useymindən (Allah ona rəhmət etsin) qaradan başqa istənilən rənglə qadının saçını qəhvəyi və ya sarışın rənglər kimi rənglərlə boyamaq haqqında soruşuldu..
O (Allah ona rəhmət etsin) belə cavab verdi: “Ən əsası bu icazəlidir, əgər bu kafir və ya əxlaqsız qadınlara oxşamağa gətirib çıxarmırsa, çünki bu (kafirlərə oxşamaq) haramdır”.Məcmuu Əl-Fətəva, Şeyx Muhamməd Əl-Useymin, (11/120)

4. Qiblə ve Bismilləhsiz kəsilmiş heyvanın hökmü
Sual: “Üzü qibləyə tutulmamış ve Bismilləhsiz kəsilən heyvan haramdırmı”. Xahiş edirəm bu barədə mənə Qurandan dəlillərlə cavab verəsiniz.

Cavab: Bir qrup alimlər Bismilləh kəliməsinin deyilməsini Sünnə (müstəhəb), digərləri isə bunu vacib biliblər. Sünnə (müstəhəb) deyən Şafiilər bu hədisə əsaslanmışlar: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Müsəlman bir kimsənin kəsdiyi heyvan halaldır, hətta Allahın adını zikr etsədə, etməsədə belə”. Əbu Davud “Marasil” 378, əl-Albani “İrva” 2537 zəif hədis. Lakin bu məsələdə ən səhih rəy qurban kəsilərkən Bismilləh deyilməsinin vacib olduğunu deyənlərin rəyidir. Bu da Quran və Sünnə ilə öz təsdiqini tapmışdır. “Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (Bismillah deyilərək kəsilmiş) heyvanları yeyin! Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!”. (əl-Ənam 118-119). “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (Bismillah deyin).. Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz!”. (əl-Həcc 36).
Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Qurbanlıq heyvanlarını kəsin Allahın adını zikr edərək”. Nəsəi 4368, İbn Məcə 3152, əl-Albani səhih. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Mən sizin öz bütləriniz üçün kəsdiyiniz heyvanların ətindən yemirəm və mən Allahın adı ilə kəsilməyən heyvanın ətindən də yemirəm”. Buxari 4/58.

Qurbanlıq heyvanının kəsilməsində Allahın adını zikr edərək kəsməyi vacib görənlər özləri də iki fikrə ayrılıblar. Əgər bir müsəlman qəsdli olmadan Bismilləh kəliməsini deməyi unudubsa. Bu əti yemək olar, yoxsa yox? Allahın adı zikr olunmadan kəsilən heyvanın ətinin yeyilməsini qadağan edən alimlər deyirlər ki: “Kəsilən heyvanın ətinin yeyilməsinin halal olması üçün onun üzərində Allahın adının zikr olunmasına görədir. Buna görə də bir kimsə Bismilləh deməyi unudarsa (qəsdli olmadan) bu ətidən yemək olmaz”. “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır…”. (əl-Ənam 121). Lakin İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində deyir ki: “Bu ayədə söhbət Allah üçün kəsilməyən heyvanlardan gedir”. Buna görə də qəsdli olmadan Allahın adı ilə kəsilməyən heyvanın əti halaldı. Bu fikirdə olub: Əli, İbn Abbas, Sad b. Museyyib, Ata, Tavus, Həsənul Bəsri (Allah onlardan razı olsun)və s. “Bidayatul Muctəhid” 1/448. İbn Abbas (Allah ondan razı olsun) deyir ki: “Hər bir müsəlmanda Allahın adı vardır (Başqa rəvayətdə: Müsəlmanın bu adı daşıması ona kifayətdir). Heyvanı kəsdiyi zaman Allahın adını zikr etməyi unudarsa qoy o, ətdən yesin (Başqa rəvayətdə: Yediyi zaman Bismilləh desin). Lakin heyvanı Allahın adını zikr edərək Məcusi kəssə o, ətdən yeməyin”. Daraqutni 4/296, AbdurRazzaq 8548, “Buluq əl-Məram” 1345, İbn Həcər “Fəthul Bəri” 9/624 səhih, əl-Albani “İrva” 2547 zəif..
İmam ət-Təbəri (Allah ona rəhmət etsin) deyir ki: “Müsəlman bir kimsənin unutqanlıqdan kəsdiyi heyvanın ətini yemək olmaz deyənlərin sözləri haqdan çox uzaqdır və onlar Əhli Sünnətin olduğundan əyilmişlər”. “Təfsir Təbəri” 1/52, 8/21. Lakin bir kimsə qəsdli şəkildə (Bismilləh) deməyin vacib olduğunu bildiyi halda Allahın adını zikr etməzsə o, ətdən yemək olmaz.
Qurbanlıq heyvanı Qibləyə tərəf döndərməyin Sünnə, yoxsa vacib olması barəsində Quran və Sünnədə bir şey varid olmayıb. İmam Şaukani (Allah ondan razı olsun) deyir ki: “Bu barədə Quran və Sünnədə heç dəlil yoxdur. O, ki qaldı qurbanlıq heyvanın qibləyə tərəf döndərilməsinin müstəhəb olmasını deyənlərə — bu düzgün deyildir. Çünki müstəhəb – şəriət qayda-qanunu olduğu üçün onun da dəlilə ehtiyacı vardır”. “Seylul Cərrar” 4/70. Lakin buna baxmayaraq heyvanı Qibləyə tərəf döndərməkdə çətinlik yoxdursa bunu etmək daha yaxşıdır. Çünki İbn Ömər (Allah ondan razı olsun) qurbanlıq zamanı heyvanı qibləyə tərəf döndərməyi sevər və qibləyə tərəf döndərilərək kəsilməyən heyvanların ətini yeməyi də sevməzdi”. AbdurRazzaq 8585, Beyhəqi 9/285, əl-Albani səhih.

5. Cənnətə duşən insanın dərəcəsi
Sual: Сəhənnəmdə müvəqqəti düşən insan cənnətin hansı qatına düşür?

Cavab: Doğrusunu Allah bilir. Lakin hadisə görə Allah onlara istədiklərini verəcək. Əbu Hüreyrənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Bir dəstə insan Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə soruşdu: “Ey Allahın Elçisi Rəbbimizi qiyamət günü görəcəyik? “Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) onlara belə cavab verdi: “Siz ayı bədir gecəsi açıq aydın görünən bir ayı görmək üçün bir- birinizə əziyyət edirsiniz? Onlar: “Xeyr ey Allahın Elçisi” deyə cavab verdilər. O yenə soruşdu: “Siz buludsuz bir gündə günəşi görmək üçün bir-birinizə əziyyət edirsiniz?” Onlar: “Xeyr ey Allahın Elçisi” deyə cavab verdikdə O belə buyurdu: “Həmçinin Onuda beləcə görəcəksiniz”. Allah Təala insanları qiyamət günü yığacaq və onlara belə deyəcək: “Kim nəyə ibadət edirdisə onun ardınca getsin! Və kim günəşə ibadət edirdisə günəşin, kim aya ibadət edirdisə ayın, kim tağutlara ibadət edirdisə tağutların ardınca gedəcək. Yalnız bu ümmət və münafiqlər qalacaq. Sonra Allah Təala onların yanına onların Onu tanımadığları bir şəkildə gələcək və belə deyəcək: “Mən sizin Rəbbinizəm”. Onlar deyəcəklər: “Səndən Allaha sığınırıq, Rəbbimiz gələnədək bizim yerimiz buradır, O gəlsə biz onu tanıyacayıq. Sonra Allah Təala onların yanına onların onu tanıdığı sımada gələcək və belə deyəcək: “Mən sizin Rəbbinizəm” Onlar: “Sən bizim Rəbbimizsən” deyərək onun Ardınca gedəcəklər. Və Cəhənnəmin üzərində Sirat körpüsü salınacaq. Və ilk keçən mən və ümmətim üçün olacaq. O gün yalnız peyğəmbərlər danışacaq. Peyğəmbərlər o gün bu duanı edəcək: “Allahım salamat et, salamat et”. Cəhənnəmdə Sədan tikanı kimi qarmaqlar var. Sədanı görmüsünüzmü deyə onlardan soruşdu? Onlar: “bəli ey Allahın Elçisi” deyə cavab verdikdə O belə buyurdu: “Bəli Sədan tikanı kimi. Yalnız onun əzəmətliliyini yalnız Allah bilir, insanları əməllərinə görə caynağına alacaq. Onlardan bəziləri əməlinə görə qurtulacaq, bəziləri isə xilas olana kimi cəzasını çəkəcək. Elə ki, Allah Təala insanlar arasında hökm verib qurtaracaq, öz rəhməti ilə Cəhənnəm əhlindən kimi istəsə çıxaracaq. Mələklərə rəhm etmək istədiyi, Allaha heç bir şeyi şərik qoşmayan kəsləri çıxarmalarını əmr edəcək. Onlar: “Allahdan başqa ibadətə layiq ilah yoxdur” deyənlərdir. Onları cəhənnəmdə tanıyacaqlar. Onları səcdə yerlərindən tanıyacaqlar. Cəhənnəm Adəm övladını səcdə yerindən başqa hər bir əzasını yeyəcək (yandıracaq). Yanıb kül olmuş halda cəhənnəmdən çıxarılacaqlar. Onların üzərinə həyat suyu tökəcəklər. Yabanı otun selin suyunda bitdiyi kimi bitəcəklər. Sonra Allah Təala insanlar arasında hökm verib qurtaracaq. Üzü Cəhənnəmə dönmüş bir kişi qalacaq. O Cənnətə daxil olan ən sonuncu kəs olacaq. O: “Ey Rəbbim mənim üzümü cəhənnəmdən uzaq et onun iyi məni zəhərləyir, həlak edir, alovu isə yandırır” deyə Allaha Allah istədiyi qədər dua etdi. Allah Təala buyurdu: “Istədiyini etsəm məndən başqa heç bir şey istəməyəcəksən? O: “Xeyr başqasını istəməyəcəyəm” deyə cavab verdi. Rəbbi ona Allahın istədiyi qədər əhd–peyman verib onun üzünü cəhənnəmdən çevirəcək. Elə ki, üzü Cənnətə çevrildi, onu gördükdə Allahın istədiyi qədər sakit qaldıqdan sonra belə dedi: “Ey Rəbbim məni Cənnətin qapsına yaxınlaşdır”. Allah Təala ona deyəcək məgər sənə əhd-peyman etmədim ki, sənə istədiyini verərsəm məndən başqa heç nə istəməyəcəksən. Vay olsun sənin halına Adəm oğlu sən nə qədərdə bivəfasan (qəddarsan). O: “Düzdü Rəbbim” deyərək dua etdi. Nəhayət ona: “Istədiyini etsəm məndən başqa heç bir şey istəməyəcəksən? deyə ondan soruşduqda O: “Xeyr izzət və cəlalına and olsun ki, başqasını istəməyəcəyəm” deyə cavab verdi. Ona Allahın istədiyi qədər əhd-peyman verildikdən sonra Cənnətin qapsına yaxınlaşdırdılar. Cənnətin qapsının qabağında dayandıqda Cənnət ona açılacaq və o orda olan xeyir və sevinci görəcək. Allahın istədiyi qədər susduqdan sonra belə deyəcək: “Ey Rəbbim məni Cənnətə sal. Allah Təala ona deyəcək məgər sənə əhd-peyman etmədim ki, sənə istədiyini versəm məndən başqa heç nə istəməyəcəksən. Vay olsun sənin halına Adəm oğlu sən nə qədərdə bivəfasan (qəddarsan). O: “Ey Rəbb Məxluqlarının ən bədbəxti mən olmayım” deyə o qədər dua edəcək ki, nəhayət ona Allah Təala onun bu sözlərinə güləcək. Allah Təala güldükdən sonra isə ona belə buyuracaq: “Gir Cənnətə”. O Cənnətə girdikdən sonra Allah Təala ona belə deyəcək: “Dilə (arzula, istə)” və Allahdan diləyək istəyəcək, Allah Təala ona bunu və bunuda dilə deyə xatırladacaq. Elə ki, dilədiyi hər şey qurtaracaq Allah Təala ona belə buyuracaq: “Dilədiyin və onun mislində verirəm” Ata ibn Yezid belə buyurur: “Əbu Səid əl-Xudri Əbu Hüreyrə ilə rəvayət etdiyi hədisdən heç bir şey rədd etmədi hətta Əbu Hüreyrənin hədisin bu ləfzinə kimi: “Allah İzzət və Cəlalət sahibi kişiyə belə dedi: “Dilədiyin və onun mislində verirəm”. Bu zaman Əbu Səid Əl-Xudri belə dedi “Onun on mislildə” Əbu Hüreyrə ona: “Mən yalnız onun belə dediyini “sənə dilədiyin və onun mislində verirəm” əzbərləmişəm. Əbu Səid Əl-Xudri ona belə cavab verdi: “şəhadət edirəm ki, “Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini: “sənə dilədiyin və onun on mislində verirəm” əzbərləmişəm. Əbu Hüreyrə belə buyurdu : “Cənnətə ən son girən o kişi olacaq” (Buxari/ 806. Müslim/182)

6. Üstü şəkil olan paltarları satmağın hökmü
Sual: Üstünde şəkil olan paltarları satmaq olar? Qeyd: Bu uşaq paltarlarıdı, üstündəki şəkillər balaca ayı, dovşan və s. Bu tipli multik şəkilləridi. Olarsa niyə, olmasza niyə?

Cavab: Şeyx Əbd əl-Əziz İbn Baza (Allah ona rəhmət etsin) belə bir sual verilmişdir: «Bu dərs proqramlarının birində üzərində insan və heyvan şəkilləri olan paltarları geyməyin haram olduğunu eşitmişəm. Elə isə bu uşaq paltarlarına da aid edilirmi? Əgər cavab bəllidirsə onda mənim əlimdə çox sayda bu növ paltarlardan vardır.. Mən nə etməliyəm. Bu paltarlardan qurtulmalıyammı? Yoxsa onları kasıb və fəqirlərə, ehtiyacı olanlara sədəqə edə bilərəmmi? Xahiş edirəm mənə məlumat verəsiniz.
Üzərində insan və heyvan, və ya şir, canavar və yaxud it, pişik və başqa şəkillər olan paltarları geymək nə kişilərə, nə qadınlara nə uşaqlara, nə də ki, böyüklərə olmaz. Çünki bu cür şəkillərin paltarda olması bir növ onu əzəmətləşdirmək kimidir. Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) isə şəkil çəkməyi qadağan etmiş və çəkənləri lənətləmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: «Gördüyün hər bir şəkilli sil!» həmçinin belə buyurmuşdur: «Şəkillər olan evə mələklər girməz.» Yalnız əgər döşək və söykənilən balış və ya üzərində oturulan xalı üzərində cüzi, çox az, əhəmiyyətsiz, dəyərsiz halda olarsa eybi yoxdur. Lakin paltarlar isə olmaz. Və əgər bu paltarlardan döşəklər və ya balışlar və istifadə olunan əskilər düzəldilərsə və yaxudda şəkillərin başları silinərsə və örtülərsə eyb etməz.

7. Bəlğəm və burun suyunun oruca təsiri
Sual: Bəlğəmi, burun suyunu udduqda oruc pozulur?

Cavab: Şeyx Useymindən (Allah ona rəhmət etsin) bu sual soruşulmuşdur, onun isə cavabı belə olmuşdur: «Bəlğəm və ya burundan çıxan su ağıza çatmayıbsa yekdil olaraq orucu pozmur. Amma ağıza çatandan sonra udubsa bu haqda iki rəy var:
1) Bəzi alimlər deyirlər ki, belə halda oruc pozulur. Onlar bunu yemək-içməyə bənzədərək belə deyirlər.
2) Başqa alimlər isə deyirlər ki, belə hal orucu batil etmir. Bu alimlər isə bunu ağız suyuna bənzədərək belə deyirlər. Çünki ağız suyunu ağızda toplayıb udarsa bu orucu batil etmir.
Amma alimlər ixtilaf etdikdə bizim istinadımız Allahın kitabı, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsi olmalıdır. Həmçinin biz işin ibadəti pozmasında şəkk etsək ki, bu ibadəti batil edir, yoxsa yox? Əsl odur ki, batil etmir. Buna əsasən də burundan axan suyu və bəlğəmi udmaq orucu batil etmir. Hər halda insan oruclu istər olsa, istərsə də olmasa belə şeylərdən çəkinməlidir və ağzına gələnləri bayıra çıxartmalıdır. Amma bunun orucu batil etməsinə dəlil lazımdır ki, insan üçün Allah qarşısında hüccət (sübut) olsun.»(Şeyx Muhamməd İbn Saleh əl-Useymin)

8. Sıxıntı ola-ola namaz qılmağın hökmü
Sual: Sidik var, amma narahat etmir, bu halda namaz qılmaq olar? Amma hiss eliyirsənki var.

Cavab: Narahat etmirsə qılmaq olar, amma yaxşıdır ki, təharətə gedib sonra tam rahat ibadətini edəsən. Çünki bu halda namaz qılmaq bəyənilmir.

8. Suhuru yeməyin hökmü
Sual: İmsakı yemək fərzdi?

Cavab: Xeyr fərz deyil, lakin onu itirmək onda olan bərəkətdən məhrum olmaqdır. Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: “Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var.” (Buxari, 1923; Müslim / 1095)

9. Şirk edən və namaz qılmayan barədə
Sual: Bir nəfər namaz qılır, oruc tutur, bir sozlə Allahın əmrlərini mümkün qədər yerinə yetirir. Amma cahilliyi ucbatından bilməyərək Allaha şərik qoşur. Məsələn, göz muncuğu, ziyarətgah və s. bunlara inanır. Bir nəfər də var namaz qılmır, oruc tutmur, amma əqidəni bilir. Bilir ki, göz muncuğu, ziyarətgah və s. Allaha sərik qosmaqdır. Indi sualım budur ki, bunların hansı ALLAHA daha yaxındır?

Cavab: Bunların hansının Allaha yaxın olmasını demək çətin məsələdir. çünki hər ikisinin təhlükəli xətaları var. Birinin şirk, o birinin isə namaz qılmamaq. Cahilliyin əlacı elm almaqdır. Elmsiz surətdə Allaha ibadət etmək olmaz. Ətrafındakı elmli kəslər onun əməlində şirk olduğunu və bu şirkin onun əməllərinin puç etməsini, ona başa salmalıdırlar. Namaz qılmayan isə bilməlidir ki, dildə Allahı sevirəm və ona şərik qoşmuram deməklə kifayətlənmək olmaz.
De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali İmran-31) Ayədən məlum olur ki, peyğəmbərə tabe olmayınca Allahı sevmiş və ya Allahın sevdiyi ola bilmərik. Məlum məsələdər ki, peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) ən çox tövsiyə etdiyi əməl namaz olmuşdur. Buna görə də biz hər iki kəsə Allahdan qorxmağı, Onu razı salan əməllərə can atmağı və əməllərin elmli surətdə yerinə yetirilməsini tövsiyə edirik.

10. Atalığın məhrəm olması barədə
Sual: Bir baci atasini itirib, amma atalığı var. Həmin bacı onun yanında hicabsız gəzə bilər? Onu da deyim ki, valideyni kəbinlidir.

Cavab: Əgər qız atalığının himayəsindədirsə və kişi onun anası ilə yaxınlıq edirsə onda bu kişi onun məhrəmidir.
Allah Təalə buyurur: «Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» (ən-Nisa 23)