Sual-cavab

Sual-Cavab (01.07.2017)

Sizi maraqlandıran sualları saytımızın redaksiyasına ünvanlaya bilərsiniz.

Sual vermək

1. Qüsul və dəstəmaz
Sual: Salam. Qusul nece alinir? Qusul alarken destamaz alib qusulu ayrica veririk?
Birde niyyet edilmelidirmi?

Cavab: Və aleykum əs salam və rahmətullahi va bərakatuh! Ümumiyyətlə qüsl vacib və kamil olmaq üzrə iki yerə bölünür.Vacib qüsl. «Bismilləəh» deyib ağız və burunu yaxalamaq, başı və bütün bədəni su ilə yumaq. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur.
Kamil qüsl. Kamil qüsl almaq üçün «bismilləəh» deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Aişə (Allah ondan razı olsun) rəvayət edir: «Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu». (Muslim, 716).
Qüsl alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsl almaq məqsədinin olması kifayətdir.
Qüslu pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət (cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın çıxması), yuxuda qeyri-iradi olaraq məninin (spermanın) çıxması, yalnız qadınlarda isə «heyz» (aybaşı) və «nifas» (doğuşdan sonra ən çoxu 40 gün davam edən qanaxma) hallarıdır.
Xəstələnmək qorxusu olan və ya su tapmayanlar çətinlik aradan qalxana qədər qüsl əvəzinə təyəmmüm edə bilərlər.

2. Ramazan ayının qəzaları
Sual: Ramazan ayının heyz gunlerinin qezalarından qabaq şəvval ayinin orucunu niyyet edib tutmusam.orucum   duzdurmu?yeni qezami sonra tuta bileremmi?

Cavab: Şəri qaydalara görə əslində birinci Ramazan ayının qəzaları, daha sonra isə Səvval və ya digər nafilər oruclar tutulmalıdır. Zəruri səbəb olmadan şəvvalın 6 günün ramazanın qəzalarından əvvəl tutmaq olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur : «Kim ramazan orucunu tutub sonra şəvvaldan 6 gün tutarsa 1 il oruc tutmuş kimidir.» hədisdəki «sonra» ifadəsi ardıcıllıgı bildirir. Ancaq siz bunu bilmədən etmisinizsə, inşallah bunda bir qəbahət yoxdur. Çalışın imkan daxilində tez bir zamanda Ramazandan qalan qəzalarınızı da tutasınız.

3. Qurban bayramında Qurban kəsmək
Sual: Qurban bayraminda Qurban kesmek vacibdir mi?

Cavab: Qurban bayramında Qurban kəsmək təkid olunmuş sünnə və savabı olduqca böyük olan əməllərdəndir. Həmçinin bəzi alimlərin rəyinə görə isə Qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir. (əs-Səraxsi, «əl-Məbsut», 12/8; əl-Kəsani, «Bədayius-Sənayə» 5/62, 63, 64, 634; Fətəva əl-Hindiyyə, 7/292-293; İbni Abidin, «Raddul-Muxta»r, 2/132, Misir nəşri. əş-Şirbani, «Muğnil-Muhtac», 4/283).
Amma bu gün çox təəssüf olsun ki bir çox müsəlmanlar bu əzəmətli ibadətə səhlənkar yanaşırlar. Öz imkanlarını lazımsız yerlərə israf edərkən qurban məsələsində özlərini imkansız sayırlar. Halbu ki bəzən onlarla qurbanın pulunu bir telefona, paltara, saata xərcləyirlər. Əslində məsələ imkan məsələsi deyil məsələnin səbəbi iman və istəyin yetərincə olmamasıdır.
Həmçinin Qurbanlıqda imkanı olmayıb qurban kəsə bilməyənlər isə kədərlənməsin! Kasıb insan bilməlidir ki, əgər qurban kəsə bilmirsə, Allah Rasulu (salləllahu aleyhi və səlləm) qurban kəsə bilməyən kasıblar üçün bütün ümmətinin adından qurban kəsib. Həmçinin Uca Allah bacarmadığı əməli bəndəsinə yükləməz: «Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər…». (əl-Bəqərə, 286).

4. Sübh namazı qəzaya salmamaq
Sual: Salamu aleykum. Subh namazina gecikmeyin cezasi varmi?

Cavab: Və aleykum əs salam və rahmətullahi va bərakatuh! Sübh namazı qəzaya salmamaq üçün lazımi səbəblərdən tutmaq lazımır.
Məsələn: Axşam tez yatmaq, başqalarının onu namaza qaldırmasını xaiş etmək, saatın zəngini qurmaq
Peyğəmbər (salləllahu aleyhi və səlləm) İşa namazından əvvəl yatmağı, sonra isə danışmağı xoşlamazdı. (əl-Buxari: 2/49, №: 568; Muslim: 1/447, №: 647). Danışmaq insanların gec yatmağına səbəb olduğu üçün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu xoşlamamışdır.
Yatmazdan qabaq zikrlərdən bacardıqlarınızı etmək.
Dəstəmaz alaraq yatmaq. Hədislərdə dəstəmaz alıb yatan adam üçün mələklərin dua etdiyi bildirilmişdir
Axşam az yemək. Çox yemək dərin yuxuya səbəb olaraq vaxtında durmağa çətinlik yaradır.
Zəngli saatı özündən aralıya qoymaq (ayağa durmağa məcbur olmaq üçün) və yuxudan duran kimi işığı yandırmaq.
və s. Səbəblərdən düzgün istifadə etdikdən sonra namaza ayıla bılməsən bunda sənə bir günah yoxdur. Əks təqsirdə namazı bilərəkdən qəzaya salmış sayıkırsan ki buda Allah qatında böyük günahlardan sayılır. Bu əməldən tövbə etmək lazımdır. Uca Allah Sübh namazı haqında belə buyurur: » Xüsusilə də sübh namazını qıl. Çünki sübh namazında gecə və gündüz mələkləri hazır olar (şahid olarlar)». (əl-İsra, 78). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: «Elə bir müsəlman kişi və ya qadın yoxdur ki, yatdığı zaman ona düyün vurulmasın. Səhər oyanıb Allahı zikr edərsə, bir düyün açılar. Dəstəmaz alıb namaza durarsa, gümrah olar, xeyir qazanar və bütün düyünləri açılar. Səhər oyanıb Allahı zikr etməzsə, düyünləri açılmaz, yuxudan əzgin və tənbəl oyanar və xeyir əldə etməz». (İbn Hibban, 2556). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Kim Sübh namazını qılarsa Allahın himayəsi altında olar. Allahın sizdən istədiyi haqlarını yerinə yetirin. kim bunu etməzsə, Allah onu yaxalayıb üzü üstə Cəhənnəm atəşinə atar». (Muslim, 657; ət-Tirmizi, 222; Əhməd, 18803).
Həmçinin «Sabah namazının iki rükət sünnəti dünya və onun içindəki hər şeydən daha xeyirlidir». (Muslim).

5. İmanın zəifliyi
Sual: Salamu aleykum. Men yeni namaza bawlamiwam yalniz bawlamaniwdan evvel bawima aci bir hadise gelmiwdi ve men isyan etmiwdim Allaha (estafurllah) yalniz bu isyandan sonra az kecmedi butun beynim be ureyimle namaz qilmagi arzu etdim ve sukur olsun ki Allaha indi qiliram, yalniz ureyimi sxan bezi mesele var ki hec cur ne edeceymi bilmirem, namaz qiliram ama beynimi daim bezi sozler narahat edr mesel ucun-hardan bilirsen Allah var (estafurullah) bow bowuna qilirsan bu namazi, ve ya sehv qilirsan..duz qilmirsan ..fkirleri duwnceler meni bezdirir..ne geder zikir etsem de allaha signsamda kecmir bu duwunceler..ama nazimnan da kecmirem..hetda qurani oyrnemeye can atram..sadece mene Allah rizasi ucun deyin bu ne fkirlerdi gece gunduz meni narahat edir ve men ne edim.. Allah razi olsun oxudugunuz ucun.

Cavab: Və aleykum əs salam və rahmətullahi va bərakatuh! Hər şeydən siz Allah Təalaya çoxlu həmd-sənalar edin ki, O, sizə üsyandan sonra ibadət nəsib edib. Bu, Uca Allahın sizə olan lütfüdür. Siz Ona asi olmaqla pislik etdiniz, O isə sizə nemət bəxş etdi. Daha sonra unutmayın ki, hər bir şübhənin cavabı var. Düzdür, belə bir məqamda zikr yardım edər, amma şübhəni aradan qaldırmaz. Şübhənin qarşısını yalnız elmlə almaq mümkündür. Hər bir insan öz yaradanını yaxşı tanımalıdır.

Yaradanı tanımaq isə heç də çətin deyil. Allahı tanımaq üçün çox uzağa getməyə də ehtiyac yoxdur. Bir anlıq ətrafımıza düşünərək baxsaq bu bizə kifayət edər. Məsələn, qarşımızda və yaxınlıqda olan hər hansı bir əşyaya baxaq və özümüzə belə bir sual verək. Gördüyümüz bu əşya öz-özünə yarana bilərmi? Yaxud əlimizdəki qələm, yazdığımız dəftər, oxuduğumuz və s. kitab, öz-özünə yarana bilərmi? Cavab, əlbəttə ki, əsla və əsla xeyr…! Əgər bir qələm varsa, deməli mütləqdir ki, o kiminsə tərəfindən düzəldilib. Bir dəftər və ya bir kitab varsa, deməli, mətbəə var. Əgər paltar yuyan və ya ət çəkən maşın və s. varsa, deməli onun fabriki və istehsalçısı var. Bütün bu sadaladığımız və sadalamadığımız bir cox əşyalar insan beyninin səmərəsi və bəhrəsidir. Bütün bunların səbəbkarı insandır və şəkk yoxdur ki, insan bütün cansız əşyalardan daha dəyərli, daha qiymətli və daha önəmlidir. Bir az düşünək… Necə ola bilər ki, cansız əşyaların düzəldilməsi ücün bir alimə və yaxud mühəndisə ehtiyac olsun, amma təbiətdəki milyonlarla canlı orqanizmlərin və bunların da başında, insanın yaradılması üçün, heç kimə ehtiyac olmasın.

Deməli, bir böcək belə öz-özünə yarana bilmirsə, bəs onda milyonlarla müxtəlif varlıqlar və bunların da başında onların ən qiymətlisi olan insan necə öz-özünə yarana bilər? Həmçinin Uca Allahın varlığına dəlil bu kainatın tənzimlə işləməsidir. Məsələn, bir ildə dörd fəsil var. Kainat bilinəndən bəri bu dörd fəsil öz ardıcıllığını qoruyub saxlayır. Əgər hər şey öz-özünə və öz-başına olsaydı bu ardıcıllığın pozulması lazım idi. Əgər bunu təsadüf adlandırırlarsa, bilin ki, təsadüflər boş yerə olmur. «Bağa baxarsan bağ olar, baxmazsan dağ olar». Əgər bu fəsillərin başçısı olmasaydı, fəsillər bir-birinə qarışardı və yaydan sonra qış, yazdan sonra isə payız gələrdi. Amma bizə məlum olan qədər bu fəsillər arasında ardıcıllıq heç vaxt pozulmamışdır. Öz-başına sahibsiz hansı sistem, hansı qanun neçə illər pozulmadan işləyə bilər? Yaxud bir ildə 365 gün, 23 saat, 56 dəqiqə, 4 saniyə var. Bu proses kainat bilinəndən bəri dəyişməyib. Bütün bunların sahibi olmasaydı, ildəki ayların, aydakı günləin, gündəki saatların, saatdakı dəqiqələrin və saniyələrin bir-birlərinə qarışması lazım idi. Bəzən 1 ildəki günlərin sayı 350, bəzən 380 və ya 400 gün olardı. Həmçinin günlərdəki saatların sayı bir gündə bəzən 15, bəzən 20 və ya 30 saatdan ibarət olardı. Əgər günəş sahibsiz olsaydı bir gün şimaldan, bir gün cənubdan və yaxud da fərqli-fərqli yerlərdən çıxardı. Əgər bir məktəbdə tələbələr, müəllimlər bəlli saatlarda məktəbə gəlib-gedirlərsə, nizam-intizamlı bir sistem varsa, deməli bu, məktəbin sahibsiz olmadığına dəlildir. Yəni, direktorunun varlığına dəlildir. Əgər başçı olmasaydı, müəllimlər və tələbələr nizam- intizama əməl etməzdilər. Əgər başcı olmasaydı, insanlar qayda-qanuna əməl etməzdilər. Başçı olmadan heç bir qurum, təşkilat və yaxud da dövlət öz–özünə ayaqda dura bilməzsə, bəs başçısız bu kainat öz–özünə necə ayaqda dura bilər?! Bəzi insanlar isə bütün bu gördüklərini təsadüf adlandırırlar. Lakin bu qədər şey necə təsadüf ola bilər, xüsusi ilə bu nizam-intizamın dəqiqliklə davamlı şəkildə işləməsi bunun təsadüf olmamasına dəlildir.

Psixoloqlar təsadüflərlə əlaqədar öz kitablarında belə bir misal gətirirlər. Əgər əlimizdə kiçik bir topla boş bir otağa girsək və topu yerə atsaq, top müxtəlif sürətlə, müxtəlif istiqamətlərə hərəkət edərək müəyyən bir yerdə dayanacaq. Eyni bu prosesi tam dəqiqliklə təkrarlamaq ücün neçə milyon dəfə topu əvvəlki kimi atmaq lazımdır ki, ilk proses tam dəqiqliklə təkrarlansın və yaxud da ola bilsin ki, heç təkrarlanmasın. Diqqət yetirin! Təsadüfən və ya nəzarətsiz, neçə milyon dəfə bir şeyi təkrar etməklə eyni şeyi dəqiq şəkildə əldə etmək mümkün deyilsə, onda necə ola bilər ki, neçə milyard illərdi, neçə milyard dəfələrlə, bir an belə pozulmadan, öz nizam-intizamını qoruyaraq dəqiq şəkildə işləyən bir sistemə təsadüf və ya öz başına əmələ gəlib adını qoyaq. Deməli, kainatdakı illərin, ayların, günlərin nizamlı şəkildə işləməsi təsadüf və ya öz-başına deyil. Allahın varlığına iman etdikdən sonra, onu daha gözəl tanımaq üçün yenə də onun yaratdıqlarına baxıb düşünmək kifayətdir. Necə deyərlər, «Sənətkarın məharəti, qabiliyyəti, gücü və qüvvəti əl işindən bəllidir».

Əgər bizə desələr ki, möhtəşəm bir binanın lahiyəsini çəkən memar kar, kor və ya laldır, biz buna inanarıqmı? Əlbəttə ki, xeyr! Deməli, belə möhtəşəm bir əsəri ərsəyə gətirmək üçün insanın elmli olması labüddür. Elmli olmaq üçün isə insan mütləq görməli, eşitməli və bilməlidir. Elm olduqdan sonra da bu əsəri ortaya qoymaq üçün güc lazımdır. Buradan başa düşülən odur ki, Uca Allah bu kainatı və içindəki milyon cür canlını yaradıbsa və bunu idarə edirsə, O diridir, güclüdür, elmlidir, görəndir, eşidəndir və danışandır. Uca Allahın kəlamı isə Qurani-Kərimdir. Birdən ortaya sual çıxa bilər ki, mən Allaha inanıram, amma Qurani-Kərimin Onun tərəfindən yazılan bir kitab olduğunu qəbul etmirəm və ola bilsin ki, o kiminsə tərəfindən yazılıb. Bu şübhə sahiblərinə cavab olaraq belə bir misal gətirmək istəyirik. Deməli, hər bir düzəldilən texnikanın, hətta kiçik bir telefonun içindən istifadə olunma qaydalarını və təlimatlarını göstərən bələdçi bir kitab çıxırsa, necə ola bilər ki, kainatın ən qəliz, mürəkkəb və çox dəyərli olan bir məxluqunun kitabı olmasın? Qurani-Kərim heç bir bənzəri olmayan möhtəşəm bir kitabdır və inanmayan insanlar tərəfindən dəfələrlə belə bir kitab yazılmasına cəhd edilsə də, hamının cəhdi boşa çıxmışdır.

Qurani Kərimə həyatın hansı sahəsindən baxsan orada bir adillik, nəsihət və istiqamət taparsan. Quran psixoloji bir qaynaqdır. Elmi tərəfdən yanaşsan Qurani-Kərim açıqlanan və açıqlanmayan elmi sirlərlə və möcüzələrlə doludur. Tibbi baxımından yanaşsan görərsən ki, Uca Allah Qurani-Kərimi oxumağı şəfa olaraq endirib. Vallahi, elə bir xəstəlik yoxdur ki, onu Qurani-Kərimlə müalicə etmək mümkün olmasın. İstər tibbə məlum olan, istərsə də həkimlərin, «götürün aparın bizlik deyil» dediyi, qarşısında aciz qaldıqları xəstəliklər… Qurani-Kərimin insan tərəfindən yazılmamasının sübuta yetirmək üçün bircə misal çəkəcəyik. Allah Təalə ilk insanın yaradılışına diqqət çəkərək belə buyurur: «Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir». (əl-Həcc, 5).

Uca Allah Qurani Kərimdə kişi və qadın sözünü 23 dəfə xatırladır. İnsanın yaradılışının kökü isə ana-atadan gələn 23-23, yəni 46 xramasondan ibarətdir. Qırxaltı (46) xramason isə bir hüceyrəyə çevrilib yoluna davam edir. Bu hüceyrə gəlib yumurtalıqla rəhim (ana bətni, uşaqlıq borusu) arasındakı kanalda bölünür. Həmin vaxt da qadının bütün bədən hormonları bu prossesdən xəbər tutaraq bu hüceyrəyə müdaxilə edir və hormonal quruluş dəyişir. Bu hüceyrə «izozom» adında bir maddə ifraz edərək parçalanmış halda rəhim divarını əridərək ora yapışır.
«Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik».

Amma digər vaxtlar da bu hüceyrənin divara yapışması mümkün deyil. Bu hüceyrə divarı deşərək yumurtaya çatır sonra orada laxtalanmış qan şəklinə, sonra isə çeynənilmiş ət formasına, daha sonra isə əzalar və sümüklər bəlli olmağa başlayır. Sonra da o sümüklərin üzəri yavaş-yavaş ət parçası ilə örtülür. Uca Allah bu mərhələni Qurani-Kərimdə «nütfə» sonrakı mərhələni «aləqa» yəni «rəhm» divarına yapışmış, daha sonrakı mərhələni «mudğa» çeynənilmiş ət parçasi kimi, yəni bölünmüş çoxalmış olmağına baxmayaraq orqan formalaşması tamamlanmayıb bilinməyən kimi ifadə edir. Buna kök hüceyrə adını da vermək olar. Bundan sonra sümüklərin formalaşması və üzərinə ət parçasının geyindirilməsi, sonra da insan kimi dünyaya gəlməsi bildirirlir. əl-Mu’minun surəsində isə Uca Allah insanın ana bətnindı keçirtdiyi mərhələləri anlataraq belə buyurur: «Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!» (əl-Mu’minun, 12-14).

Uca Allah Qurani-Kərimdə bütün bunlardan xəbər verir. Peyəmbərimiz (salləllahu aleyhi və səlləm) də anatomis, cərrah, ginekoloq və s. deyil. Yaxud əlində teleskop və ya ultrason yoxdur ki, bütün bunları tək-tək izləsin və Qurana qeyd etsin. Digər ayədə isə: «O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan üz döndərilirsiniz!»

Bir dəfə ultrasonu istifadə edən doktora bu üç zülmət söylənincə çox çaşqın bir vəziyyətə düşdü. Tibbi dildə bu 3 zülmətin adı. Parametriyum, biometrium və endemetriumdur. Bu təbəqələr biri istini, biri suyu, digəri də işığı keçirtmir. Uca Allah ana bətnindəki körpəyə qarşıdan heç bir zərər gəlməməsi üçün bunu belə etmişdir. Bu məsələni çox uzatmaq istəmirik, kimin belə bir şübhəsi varsa, Qurani-Kərimin möcüzələri haqda yazılmış minlərcə kitablara müraciət edə bilərlər.

6. Namaz niyə vacib buyrulub?
Sual: Salam aleykum. Namaz niyə vacib buyrulub??

Cavab: Və aleykum əs salam və rahmətullahi va bərakatuh! Namaz niyə vacib buyrulub?
Namaz, ağlı başında olan və həddi büluğa çatan hər bir müsəlmana olan Uca Allahın əmridir. AllahTəala bizə çoxlu gözəlliklər bəxş edib. Ətrafımızda hara baxsaq Rəbbimizin nemətlərini görə bilərik. Əllərimiz, ayaqlarımız, gözlərimiz, ailəmiz, dostlarımız, sevdiklərimiz və s. saymaqla bitməz. Bütün bunların müqabilində isə gün ərzində cəmi bir neçə dəqiqəmizi ayıraraq, namazla Uca Allah öz təşəkkürümüzü bildirmək bizlərə əmr olunub. Hörmətli oxucu itirilmiş bir nemətin geri qayıtması üçün biz nələri qurban edərdik bunu heç düşündünüzmü? Əyər insanın qolu, əli kəsilsə idi onu geri qaytarmaq üçün dünya və onun içindəki hər şeyi xərcləyərdiki əvvəlki halına qayıtsın. Gözü kor olsa idi həmçinin eyni şeyi edərdi. Görün Allah sizə nə qədər böyük nemətlər verib. İnsana biri cüzi yaxşılıq edəndə xəcalətdən çıxmaq istəyir, özünü ona qarşı borclu hiss edir, Axı niyə görə insan namaz qılmasın? Quran Kərimdə Uca Allah belə buyurur: «Rəbbin üçün namaz qıl» (əl-Kovsər, 2).

Namaz islam elmi ilə birləşərsə insanı pis işlərdən çəkindirir. Bütün diqqətimizi namazda oxuduğumuz ayə və zikrləri düşünməyə sərf etsək, növbəti namazın vaxtı yetişənədək sanki batareyanın enerji ilə dolduğu kimi bədənimiz yaxşılıq enerjisi ilə dolur. Ona görə də əksər hallarda namazlarını necə gəldi yox, səmimi qəlbdən qılan insanları daim həyatın bütün sahələrində yaxşı əməllər edərkən görmək mümkündür. Allah Təalanın buyurduğu kimi: «Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir». (əl-Ənkəbut, 45).

Qiyamət günü ilk soruşulan əməl də məhz namaz olacaq. Qiyamət günü bütün yaxşı və pis əməl sahibləri etdikləri bütün əməllərə görə Uca Allahın hüzurunda sorğu-sual olunacaqlar. Ona görə də insanın yaxşılardan olmasının ən birinci göstəricisi namazlarıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: «Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Namazına doğru-düzgün əməl etmişsə nicat tapacaq». (ət-Tabərani).

Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: «Qiyamət günü bir şəxsin ilk hesab verəcəyi əməl namazlarıdır. Bu hesab doğru olarsa qurtulmuşdur. Bu hesab düzgün gəlməzsə o ziyan görəcəkdir. Əgər fərzlərindən əskiklik çıxarsa Uca Allah «Görün qulumun dəftərində nafiləsi varmı?» — deyə buyurar. Beləcə fərzidən əksik olanlar nafilələrlə tamamlanar. Sonra bu tərzdə olmaqla digər əməllər də hesabdan keçirilər». (ət-Tirmizi).

Həmçinin namaz dinimizin dirəyidir. İslam dini ən kamil və sonuncu dindir. İnsanın İslamda olmasını onun davamlı namaz qılması təsdiqləyir. Möhkəm bir dayaqdan yapışan adam necə yıxılmaqdan özünü qoruyursa, namazlarından yapışan insan da eləcə İslam dininə bağlılığını göstərmiş olur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: «Hər bir işin əsası İslam, dayağı namaz və zirvəsi isə cihaddır». (ət-Tirmizi).
Həmçinin namaz Muhəmməd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoludur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namaz qılmağı o qədər çox sevərdi ki, ayaqları şişənədək bütün gecəni bu ibadətdən əl çəkməzdi. Yorulmaq bilmədən qıldığı namazlarını «gözümün nuru» adlandırardı. (ən-Nəsai).

Həmçinin namaz Cənnətə girməyimiz üçün mühüm səbəblərdən biridir. Namazlarını ancaq Allahın razılığını qazanmaq üçün qılanlar bütün gözəlliklərin toplandığı Cənnətə daxil olacaq, mükafatlanacaqlar. Qurani-Kərimdə Cənnətə daxil ola bilməyənlərdən bunun səbəbi soruşulduqda onların belə dediyi bildirilir: «Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar — günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik». (əl-Muddəsir, 40-43).

Habelə namaz qılan insanın günahları silinir. Bütün insanlar xəta edə bilərlər. Əsas olan insanın səhvini başa düşüb, Allahdan onu bağışlamasını istəmək, sonra isə yaxşı əməllər görməkdir. Yaxşı əməllərdən ən vacibi isə namazdır. Namaz qılan insan Allah Təalanın sonsuz mərhəməti sayəsində nəinki savab əldə edir, həm də günahları silinmiş olur. Elə buna görə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) belə demişdir: «Deyin görüm, əgər sizdən birinizin evinin qarşısından bir çay axarsa və o hər gün orada müəyyən vaxtlarda yuyunarsa, onun üzərində çirkdən əsər-əlamət qalarmı?» Onlar dedilər: Xeyir, Ya Rəsulullah! Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz». O (salləllahu aleyhi və səlləm) buyurdu: «Elə isə beş vaxt qılınan namazın misalı da belədir. Uca Allah onun vasitəsilə günahları silib yox edir». (əl-Buxari, 528; Muslim, 667, 1077; «Şərhu Riyədus-Salihin», 1042, 1043, 1044; ət-Tirmizi: «Əmsal», 5).

Həmçinin namaz qılanlardan Allah Təala razı qalar. Allah Təalanın sevgisini qazanmaq çox vacib məsələdir. Kim namazlarını gözəl şəkildə qılarsa, Uca Allah onu daha çox sevər. Quranda İsmayıl peyğəmbəri (Allahın ona salamı olsun) tərifləyərkən Uca Allah belə buyurur: «O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı». (Məryəm, 55).

Və nəhayət namaz bir nurdur. Bir şeyi tərtəmiz yuyub sildikdə, o parıldayar, işıq saçar. Namaz qılan insanın halı da buna bənzəyir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: «Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar». (İmam Əhməd).

7. Namaz qılmayanla evlənmək olar?
Sual: Namaz qılan bir şəxs namaz qılmayan biri ilə ailə həyatı qura bilərmi?

Cavab: Müsəlman olub namaz qılmayanın kəbini batil deyil. Lakin, namaz qılmamaq adam öldürmək, zina etmək, oğurluq etməkdən də böyük günahdır. Odur ki, namaz qılmayanla evlənmək olmaz. çünki bu, insanın zəifləməsinə və dindən uzaqlaşmasına gətirib çıxardır ki, bu da çox təhlükəlidir.

Həyat boyu hər məsələdə qadın və kişi bir birinə dəstək olmalıdır. Həyatın yükü bərabər daşınaraq yüngül olar, xüsusilədə dini məsələlərdə. Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olanlarla evlənməyə təşviq etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: » İnsanlar dörd şeyə görə qadınlarla (ümumən ) ailə qururlar: Var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa çox əziyyət çəkəcəksən». (əl-Buxari, 5090).

Peyğəmbər sallallahu aleyhi və səlləm digər hədisdə belə buyurur : “Saleh qadın və kişi dinin yarısıdı.”
O, həmçinin demişdir: «Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar». Səhabələr (Allah onlardan razı olsun) dedilər: «Ey Allahın Elçisi (salləllahu aleyhi və səlləm)! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?» Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: «Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin». O bunu üç dəfə təkrara etdi». (ət-Tirmizi: 1084, 1085).

Sual vermək