Sual-cavab

Sual-Cavab (01.07.2012)

Suallara cavab verən Mədinə Beynəlxalq İslam Universitetinin məzunları Ramil Soltanov, Səid İsrafilov.

1. Qız uşağı nə zaman hicab bağlamalıdır
Sual: Mömin qadın öz hicabını 7-8-9 yaşlı uşağın yanında aça bilər? Qeyd: həmin uşaq onun xalası və bibisi uşaqlarıdır. Bir də ki, yaş həddi varsa nə qədərdir? (Rəşad)

Cavab: Qadın öz hicabını 7-8-9 yaşlı uşaqlar yanında aşa bilər. Lakin uşaq həddi buluğa yetişibsə onun yanında baş açması olmaz. Həddi buluğa isə təqribən 14 yaşında yetişir. Xala və bibi uşaqları da buna aiddir. Ehtiyat üçün ağlı kəsən naməhrəm oğlan uşaqlarının yanında hicab açılmasa daha yaxşıdır.

2. Andı pozmağın kəffarəsi
Sual: Tövbəni pozduqda 3 gün orucu istədiyim qədər ara verərək tuta bilərəm? Neçə gün oruc tutacağımın indi sayını dəqiq bilmirəm. Mən nə edim? Və yaxud təqribi bildiyimdən 2-3 gün çox oruc tutsam olar?

Cavab: Ümumiyyətlə tövbəni pozan adamın oruc tutmasına dəlil yoxdur. Əgər eyni bir iş üçün and içib sonra andı pozmusansa onda üç gün oruc tutub Allahdan bağışlanma diləyib bir daha həmin əmələ dönmə!

Allah Təalə buyurur: “Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində, ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.” (Əl-Maidə, 89)

And orucunu isə ara verərərək müxtəlif vaxtlarda tutmaq olar. Tövbəyə gəldikdə isə tövbəni pozan adam Allahdan bağışlanma diləyib bir daha tövbə etsin, etdiyi günaha dönməmək üçün ona aparan yollardan uzaq olsun və ölümü tez-tez xatırlasın. Xatırlasın ki, günah iş görən zaman ölüm onu yaxalasa onun halı necə olar?! Allah qorusun!

3. Naməhrəm kişi və qadının məsajlaşması
Sual: Bir oğlanla tanış olub, ona mesaj yazmaq günah deyil ki? Yəni fikirlər ciddidi. (Lalə)

Cavab: Müsəlman olan hər bir qadına naməhrəm kişi ilə və hər bir kişinin naməhrəm qadınla danışması haramdır. Xüsusən bu məsələ sevgi və ya evlənmə məsələlərinə aid olarsa. Lakin bu günkü günümüzdə başqa insanların vasitə ola biləcəyi halda iki nəfərin öz aralarında evlənmə məsələsini həll etməsi olmaz. Yaxın olan məhrəm kəslərin və ya qohumların vasitəsi ilə lazım olan məsələləri aydınlaşdırıb, işi həll etmək olar.

Mesaj, zəng, məktub, şəkil göndərmək Islam dinində olan evlənmə yolundan uzaqdır. Əgər məsələniz ciddidirsə oğlan gəlməlidir sizə, ananız və ya atanızın yanında oturub sizinlə söhbət etməlidir. Razılıq olarsa bundan sonra bir neçə dəfə belə görüşmək olar. Lakin bu görüşün xəlvətdə, gizlidə olması haramdır.

4. Övliyaları Allaha vasitə götürməyin hökmü
Sual: Ölmüş insanları, Allah dostlarını, Peyğəmbəri (ona Allahın salavatı ve salamı olsun) ALLAHA vasitə tutmaq olar? Xahiş edirəm ayə və hədis deyin. (Kənan)

Cavab: Xeyr olmaz. Şeyxülislam Ibn Teymiyyə (Allah ona rəhmət etsin) «əl-Qəvaid əl-cəlilə» əsərində yazır (səh,19-20); «Nə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), nə də ondan əvvəlki peyğəmbərlərdən biri insanlara mələklərə, peyğəmbərlərə və ya əməli-salehlərə öləndən sonra, nə də qeybə çəkiləndə dua etməyi, onlardan vasitəçilik diləməyi icazə verməmişlər. Heç kəs demir: «Ey Allahın mələkləri, mənim üçün Allah dərgahında vasitəçilik edin, Allaha bizim əvəzimizdən yalvarın ki, bizə zəfər qazandırsın, bizə ruzi versin, bizi doğru yola yönəltsin».

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (əz-Zumər, 3)

«Onların dua etdiklərinin özləri Allaha yaxınlıq istəyindədirlər. Onun mərhəmətini arzulayırlar, əzabından qorxurlar. Sənin Rəbbinin əzabından (onun bəndələri) çəkindirilmişdir» (əl-Isra, 57)

«Onlar (Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara heç bir ruzi verməyən və buna gücləri çatmayan bir şeyə ibadət edirlər. Allaha heç nəyi bənzətməyin. Bunu Allah bilir, sizsə bilmirsiniz» (ən-Nəhl, 74-75).

“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur, və mən ilk müsəlmanlardanam.” (əl–Ənam, 162,163)

5. Suda boğulanın şəhid olması barədə
Sual: Hədisdə gəlib ki, suda boğulan adam Cənnətə düşür, bu bütün suda boğulanlara aiddir? Mənim bir neçə tanışım suda boğulub, dinlə heç bir əlaqəsi olmayan adamlar idi. (Müslima)

Cavab: Bu suda İntihar etmək qəsdi ilə özünü batırandan başqa bütün suda batan müsəlmanlar Şəhiddir, lakin onlara sorğu sual olunacaq.
Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bir kişi yolla getdiyində tikanlı bir budaq gördü və onu yoldan qaldırdı. Allah Təalə ona buna görə təşəkkür etdi və onu bağışladı.» Sonra belə buyurdu: «Şəhidlər beşdir: «Taundan ölən, qarın xəstəliyindən ölən, suda boğulub ölən, dağıntı altında qalıb ölən, Allah yolunda vuruşaraq şəhid olan.» (Müslim/1914).

6. Arıqlamaq niyyəti ilə oruc tutmağın hökmü
Sual: Mən o niyyətlə oruc tuta bilərəm ki, həm savab, həm də arıqlamaq üçün? (Ramin)

Cavab: İbadətin qəbul olması üçün 2 şərt var.

1-ci Allah rizasına olmalıdır.

2-ci Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) yoluna uyğun olmalıdır. Allah Təalə buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin..” (əl-Həşr, 7) İbadətlər dünyəvi məsələlərdən ayrı olmalıdır. Arıqlamaq üçün oruc tutsanız onda heç bir savab əldə etməyəcəksiniz və bu da dində olan bir yenilikdir (bidətdir).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır.» (Buxari, Müslim) Siz orucu Allah xatirinə tutun və dua edin ki, Allah Təalə sizə arıqlamaqda yardım etsin.

7. Quran oxumaq barədə
Sual: InshaAllah Ramazanda Quranı xətm etmək istəyirəm, bunun üçün Quranı yalnız Ramazanda başlamalıyam, yoxsa indidən başlaya bilərəm? Yəni indidən başlayıb Ramazanda bitirsəm, bu Ramazanda xətm etmək sayılır?

Cavab: Ümumən Quranı daim oxumaq lazımdır. Lakin Ramazan ayında çox oxumaq yaxşıdır. İndi də oxu, ramazanda bitirsən yenidən başla.
İbn Abbas (Allah onların hər ikisindən razı olsun) belə rəvayət edir: “Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) xeyir işlərdə insanların ən comərd olanı idi. Ramazan ayında isə daha da comər olardı. Cəbrail (ona Allahın salamı olsun) Onunla (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) hər il Ramazan ayında qarşılaşardı. Bu Ramazan ayı bitənə kimi davam edərdi. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ona (ona Allahın salamı olsun) Quranı ərz edərdi (təkrarlardı). Cəbrail Onunla (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) qarşılaşıdqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) xeyir işlərdə ən sürətli küləkdən də comərd olardı.» (Müslim/2308).

8. Təharət
Sual: Məndə hərdən belə hisslər olurki, mən təharət alan kimi dərhal sonra dəstamaz alanda elə bil nəisə çıxır və hərdən namazdada belə hisslər olur. Belə halda neyniyim? Mən eşidmişəmki təharətdan sonra dərhal dəstamaz almaq lazım deyil, bir az gözləmək lazimdir, belə bir şey var sünnədə? Əbu Zubeyr

Cavab: Qardaş səndə bu şey vəsvəsədi, onu tərk et fikir vermə. Təharəti bitirdikdə yaxşı yuyun. Sonra nə olursa ona fikir
verma. Təharətdan sonra dərhal dəstamaz ala bilərsən. Sanin dediyin kimi sünnədə bela bir şey olduğunu bilmirəm.

9. Ov etməyin hökmü
Sual: Mənim çox düşündüyüm sual var, ov edib yemək halaldir? Bununla bağlı Qurandan dəlillər gətirin. Çünki mənim bu barədə anlayışım çox azdır və bu barədə mənim öz fikirlərim var ki, onları sizə açıqlamaq istəyirəm. Fikrim budur ki, o heyvanlar qibləsiz və Bismilləhsiz olur. Ona görə fikirlərim çox qarışıqdır. (İbrahim)

Cavab: Ov etmək, balıq tutmaq halaldir.
Allah təalə buyurur: «Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!» (əl-Maidə, 94)

«Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!» (əl-Maidə, 96)
və ov etdiyinda Allahın adını zikr edib atsan ovun halal olar.

Əbu Sələbə əl-Xuşanı (Allah ondan razı osun) belə rəvayət edir: «Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yanına gələrək belə dedim: «Ey Allahın elçisi biz kitab əhlindən olan bir qövmün torpaqlarında yaşayırıq. Onların qablarında yemək yeyəkmi? Bu torpaqlar ov üçündür. Mən ox və təlim edilmiş və ya edilməmiş itimlə ov edirəm. Bizə bunların hansının halal olduğu haqda xəbər ver!» O (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə buyurdu: «Sənin kitab əhi olan bir qövmün torpağında olduğunu dediyinə cavab budur ki, onların qablarından başqasını tapsanız onların qablarında yeməyin. Yox əgər tapmasanız onu yuyun sonra onda yeyin! Amma sənin ov torparlarında olduğunu dediyin sualına cavab budur ki, Oxunla vurduğuna Allahı adını zikr et sonra ye! Təlim keçmiş itinin tutduğunun üzərinə Allahın adını zikr et sonra ye. Təlim keçməmiş itinin tutduğa isə (Sağ) ikən yetişsən onu kəs sonra ye!» (Müslim / 1930).

10. Peyğəmbərin qəlbinin yuyulması barədə
Sual: Bu hadisənin səhih dəlili var? Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) uşaq olan zaman köksü açılıb və daxili üzvləri pak su ilə yuyulduqdan sonra yerinə qaytarılıb? (Kənan)

Cavab: İmam Müslim səhihinda İman kitabinda Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) İsraya qaldırılması adlı fəsildə 431 rəqəmli hədisdə Ənəs İbn Malikin bu hədisini rəvayət edir: Ənəs İbn Məlik (Allah ondan razı olsun ) belə rəvayət edir: «Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) uşaq ikən bir qrup oğlanla oynayarkan Cabrail (ona Allahın salamı olsun) onun yanına gəldi va onu yerə yıxaraq qəlbini çıxartdı va ondan bir qan parçası çıxartı və «Bu şeytanın səndə olan payıdır» dedi va onu qızıl bir tasın içərisində yudu, sonra onu birləşdirdi va yerinə qaytardı. Uşaqlar qaçaraq anasına «Muhammad öldü» deyə xəbər verdilər. Onun yanına galdiklərində rəngi dəyişmişdi.» Ənəs belə demişdir: Mən onun sinəsindaki tikiş izini görürdüm.»