Məqalələr

Söyüş söymək və möminləri məsxərəyə qoymaq

Ramil Soltanov

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah buyurur: “Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Tövbə etməyənlər – məhz onlar zalımlardır”. (əl-Hucurat surəsi, 11)

Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür”. (Səhihu-l-Buxari 1/17, Səhihu-l-Muslim 10/464, Musnədu Əhməd 5/181)

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “İki nəfər söyüşərlərsə, (ilk olaraq söyülən kəs) həddi aşmadığı təqdirdə (hər iksinin) günahı başlayan kəsə yazılar”. (Sunənu Əbu Davud 4/274)

Hədisdən bu nəticə çıxır ki, iki nəfər biri-birini söyməyə başlayarlarsa ilk olaraq söyülən şəxs daha pis və onu söyəndən daha çox söymədiyi təqdirdə hər ikisinin söydüklərinin günahı ilk olaraq söyüşə başlayan kəsə yazılar. Hər ikisi həddi aşdıqda isə hərənin günahı özünə yazılar.

İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “İnsanların mübahisə etdikləri zaman adətləri üzrə dedikləri sözlərdən eşşək, keçi, it və s. kimi sözlər işlətməyin iki eybi vardır. Birincisi yalan, ikincisi isə əziyyət verməkdir”. (əl-Əzkər 1/86)

Nəinki insanı hətta heyvanı belə söymək qadağan edilmişdir. Zeyd ibn Xalid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Xoruzu söyməyin! Həqiqətən o, namaza çağırır”. (Sunənu Əbu Davud 4/327)

İnsanın söyüş söyməklə qazandığı böyük günahlardan biri də öz valideynlərini söyməsidir. Abdullah ibn Amr ibn As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir nəfərin öz valideynlərini söyməsi ən böyük günahlardandır. Səhabələr: “Kim öz valideynlərini söyər?”– deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: ”Bəli bir nəfər o birinin atasını söyür, o da qayıdıb həmin şəxsin atasını söyür, anasını söyür o da qayıdıb həmin şəxsin anasını söyür”. (Səhuhu-l-Buxari 7/69, Səhihu Muslim 1/92)

Adi insanları söymək haramdırsa, sağ ikən Cənnətlə müjdələnən, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) pis və yaxşı gündə dayaq olan, Allahın razı qaldığı şəxsləri söymək daha şiddətlidir. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Səhabələrimi söyməyin! Nəfsim əlində olana and olsun ki, sizlərdən biriniz Uhud dağı boyda qızılı Allah yolunda xərcləsə belə onların verdiyi bir ovuca, yaxud yarısına belə çata bilməz”. (Səhihu Muslim 4/1967)

İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “Bilin ki, səhabələri söymək haram olan ən böyük günahlardandır”. (Şərhu-Muslim 16/93)

Həmçinin ölmüş kimsəni söymək olmaz. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ölüləri söyməyin”. (Sunənu Tirmizi 4/353)

Müəllif: Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha