Firqələr

Sovet Azərbaycanında dinsizliyi necə yaydılar?

1920-ci ildə Azərbaycan ərazisi 70 minlik rus ordusu tərəfindən işğal edildi. Bəzi mənbələrdə həmin dövrdə müstəqil dövlət olan Azərbaycan Demokratik Respublikasının (ADR) 25 minlik ordusunun olduğu vurğulanır. Lakin, qüvvələrin qeyri-bərabərliyi ilə yanaşı düşmən, Azərbaycanın ordusunun əksər hissəsinin Qarabağ tərəfdə çıxarılmış erməni fitnəsi ilə məşğul etməyə nail olur və şimal sərhəddinə yaxın olan azsaylı Azərbaycan ordusunun müqavimətini iki saat ərzində qıra bilir. 1920-ci ilin 28 aprel tarixində şimal sərhədlərini yarıb keçən rus ordusu faktiki olaraq Azərbaycanı işğal edir. Bu işğal ateizmin communist növünü Azərbaycanda yaymaq üçün münbit şərait yaratdı.

Məlum olduğu kimi Azərbaycan xalqının inancı İslamın gəlişindən sonra İslam dini ilə bağlı olmuşdur. Xalqımızı İslam dinindən ayırmaq üçün sovet hökumətini çətin bir tapşırıq gözləyirdi.

Xalqın müqaviməti elə də asanlıqla kəsilmədi. 1920-ci ildə Zaqatalada, Gəncədə, Şəmkirdə, Qubada, Lənkəranda Sovet işğalına qarşı böyük üsyanlar olsa da bu üsyanlar amansızlıqla yatırıldı. 1930-cu ildə Şəki və Zaqatalada yenidən Sovet imperiyasına qarşı güclü üsyanlar olsa da bu üsyanlar da amansızlıqla yatırdıldı.

 

Əsas mövzu:

Bu kiçik girişdən sonra qeyd edim ki, bu dəfəki yazımızda yetmiş illik sovet hakimiyyəti dövründə ölkəmizdəki dini durumu bacardıqca müxtəsər və anlaşılan şəkildə vəsf etməyə çalışacağıq:

  • Təhsil ocaqlarında din qadağan olunur;

 Din əleyhinə verilən ilk qərar təbii ki, işğaldan iki həftə keçəndən sonra may ayının 15-də bütün məktəb və universitetlərdə dini təhsilin və dinə aid hər ayinin qadağan edilməsi barədə oldu.

  • Hicab və dini papaqlar qadağan olunur;

1929-cu ildə «hicab və dini papaqların qadağan olunması» Kommunist partiyasının qurultayında müzakirə olunur və Azərbaycan dilində təbliğat üçün vəsait hazırlanmasına başlanılır.

  • Allahsızlar ittifaqı qurulur;

1924-cü ildə Yaroslavskinin təklifi ilə Sovet hökumətində «Allahsızlar ittifaqı» yaradılması təklif olunur və elə həmin ildə ittifaq yaradılır. Azərbaycanda da həmin ildə Allahsızlar ittifaqının əsası qoyulur və iş planı yazılır. 1925-ci ildə isə ittifaq Azərbaycanda rəsmi fəaliyyətə başlayır, Bakıda və digər bölgələrdə ittifaqın şöbələri açılır. Beləcə, Azərbaycanda genişmiqyaslı ateizm təbliğatı mərkəzləşdirilmiş və sistemli şəkildə daha da qüvvətli təşkil olunur. Həmin ittifaq öz üzvlərinə «Allahsız biletləri» (kartoçki bezbojniki) paylayırdı. 1929-cu ildə Allahsızlar ittifaqının adı dəyişdirilərək «Mübariz Allahsızlar ittifaqı» adlanır. Lakin, artıq 1923-cü ildə «Maddiyyatçılar klubu» adlı ateizm təbliğatı məqsədilə elə Bakıda fəaliyyət göstərən bir mərkəz də var idi. Bəzi araşdırmaçılar bu klubun «Allahsızlar ittifaqı»nın bir şöbəsi olduğunu desələr də bu klubun həmin ittifaqla bir əlaqəsi yox idi. Həm də həmin klub nizamsız bir mərkəz idi. 1937-ci ildə isə «Mübariz Allahsızlar ittifaqı» faktiki olaraq öz fəaliyyətini itirmişdi. İkinci dünya müharibəsində dindarların da müharibəyə cəlb edilməsi ilə əlaqədar olaraq ittifaqın sezilən bir fəaliyyəti olmamışdır. Yalnız 1947-ci ildə (öz fəaliyyətini itirmiş) bu ittifaq ləğv olunur və onun fəaliyyətini» elmi ateizm» təbliğatı çərçivəsində davam etdirən yeni «bilik» cəmiyyəti yaradılır. Bu cəmiyyət ateizm kitablarını nəşr etmək, bu işə nəzarət, rayon və bölgələrdə ateizm mühazirələrinin təşkili, bu təbliğatın müxtəlif vasitə və üsullarla canlı tutulması işlərini görürdü.

  • Ateizm muzeyləri açılır:

1935-ci ildə Bakıda yerləşən elmlər akademiyasının tabeçiliyinə verilən «Din tarixi və ateizm» muzeyi açılır. Burada dinə qarşı təbliğat qurulur, din əleyhinə olan eksponatlar toplanır. Eksponatların sayı üç mindən çox idi. Artıq 1938-ci ildə bu muzeyin ziyarətçilərinin sayı otuz səkkiz min nəfərdən çox idi.

Gəncə şəhərində də belə böyük muzey açılması planlaşdırılmışdı.

Bakıda başqa bir muzey isə 1967-ci ildə açılır. Muzeyin adı «Ateizm tarixi muzeyi» idi. Buradakı eksponatların sayı isə dörd minə yaxın idi. 1990-cı ildə muzeyin adı dəyişdirilərək «Azərbaycan dövlət din tarixi muzeyi» adlanır.

Bu iki muzey həmin dövrdə məlum olan ən böyük ateizm muzeyləri olmuşdur.

Məktəb və universitetlərdə, rayon və kəndlərdə də ateizmi təbliğ edən kiçik muzey guşələri təşkil edilirdi.

  • Məscidlər ya dağıdılır, ya anbara və ya hökumət binalarına çevrilir;

Məscidlər bağlandı, ya anbara, ya da digər məqsədlərlə istifadə olunan hökumət binalarına çevrildi. Artıq demək olar ki, 1935-ci ildə bütün məscidlər bağlanır. İkinci dünya müharibəsindən bir az əvvəl bəzi azsaylı məscidlərin açılmasına icazə verilir, lakin, bu dini ayinlərin icrası üçün deyildi. Bu qərarın məqsədi sadəcə sovet hökumətini müharibədən əvvəl və ya müharibə vaxtı dəstəkləmək barədə din adamlarının yardımlaşması üçün söhbətlər etmələri, bunun üçün bir araya gəlmələri idi. Yalnız Sovet hökumətinin son onilliyində Azərbaycanın rayon və şəhərlərində 17 məscidin fəaliyyətinə müəyyən şərtlər daxilində icazə verilmişdi.

  • Elmi ateizmin hərtərəfli təbliğatına şərait yaradılır;

Azərbaycanda «elmi ateizmin» təbliğatı hələ 30-cu illərdən başlamışdı. Lakin, 50-ci illərdə bu barədə daha çox qurultaylar, mühazirə, tədbir və yığıncaqlar təşkil edildi, universitetlərdə, elm mərkəzlərində, kitabxana və klublarda və s. təbliğat gücləndirildi. 70 il ərzində ateizm təbliğatı üçün yüzlərlə kitab və broşurlar yazıldı. Məktəblərdə Darvin nəzəriyyəsinin tədrisi təşkil edildi. Tədris prosesinin materialist dünya görüşü əsasında təşkilinə xüsusi diqqət yetirildi.

  • Azərbaycan xalqının ziyalılarına divan tutulur;

Azərbaycanın ziyalılarına, fikir sahiblərinə, din xadimlərinə divan tutuldu. 40.000-dən artıq Azərbaycanın cəmiyyətə xüsusi təsiri olan vətəndaşı sovet hakimiyyətinin ilk illərində qətlə yetirildilər. Ziyalılar üçün sovet ideologiyası ilə və ya onun adi bir fikirləri ilə razılaşmamaları, bircə əmrə «yox» demələri bəs edirdi ki, onları ya öldürsünlər, ya da sürgünə göndərsinlər. 1920-ci ildən 1937-ci ilə kimi edilən repressiyalarda öldürülmüş və sürgün edilmiş minlərlə azərbaycanlının xəbərini isə yəqin ki, bilməyən yoxdur. Repressiya olunanların içində din xadimləri də az deyildilər.

  • Dinə qarşı mübarizənin mərhələləri;

Araşdırmaçılar bu mübarizəni bir-neçə mərhələyə bölürlər. Bəziləri ilk on illiyi, bəziləri isə ilk yeddi illiyi ən şiddətli mərhələ hesab etsələr də bu doğru deyil. Çünki, elə ilk beşillikdə sovet Azərbaycanına rəhbərlik etmiş Nəriman Nərimanovun (1920-1925) mövqeyi bu şiddəti azaldırdı. O, Mircəfər Bağovdan (1933-1953) fərqli olaraq dinə qarşı mübarizənin daha yumşaq təşkil edilməsini, dindarların dini heysiyyətinə toxunmadan bu işin görülməsini lazım bilirdi. Lenin də zahirdə onun bu fikrini dəstəkləmişdi. Lakin, daha doğru olanı 1925-ci ildən N. Nərimanovun müəmmalı vəfatı ilinə təsadüf edən «Azərbaycan Allahsızlar ittifaqı» nın fəaliyyətə başlaması ilə dinə qarşı mübarizə şiddətləndi. Bu şiddət ikinci dünya müharibəsinə kimi davam etdi. 1937-ci ilin repressiya illəri də bura daxil idi. İkinci dünya müharibəsindən sonra qətl, sürgün və həbslər azalsa da, bu hallar yenə mövcud idi, üstəlik də ateizmi təbliğ edən köhnə cəmiyyətin yenisi ilə əvəz edilməsi də bir qədər yumşalmaya səbəb olmuşdu.

Ona görə də araşdırmaçılar ikinci dünya müharibəsindən əvvəlki dönəmi dinə qarşı şiddətli mərhələ, müharibənin başlanması ərəfəsində — dindarlardan döyüşdə istifadə edilməsi amilinə görə — isə yeni «dinə qarşı yumşalma» mərhələsi olduğunu qeyd etmişlər. 1938-ci ildən etibarən müharibənin yaxınlaşması ərəfəsində «dindarlara seçkilərdə səsvermə hüququnun verilməsi» də dindarlarla hökumət arasında münasibətləri yumşaltmaq tədbirlərindən hesab olunurdu.

Sovet hakimiyyətinin son beş ilində isə dini vəziyyət daha da yaxşılaşmışdı. Son beş ildə M. S. Qorbaçovun (1985) sovet imperiyasında yaranmış, ictimai, iqtisadi və siyasi böhranı «həll etmək» cəhdləri zamanı artıq dünyadakı dəyişən vəziyyət sovet hökuməti daxilinə də təsirsiz ötüşməmişdi. Dini durum da buna daxil idi. Bu illərdə dini qurumların fəaliyyətində geniş canlanma yaranmışdı. Hətta, bu illərdə (1986) Ərəbistandan gələn məşhur sünni müsəlman səyyah, ədib Muhəmməd Nasir əl-Abudi öz nümayəndə heyəti ilə şeyxulislam Allahşükür Paşazadə ilə görüşmüş, onun şəxsi müşayiəti ilə Azərbaycanın müxtəlif bölgələrində məscidləri ziyarət etmiş, ziyalı, ağsaqqal din xadimləri ilə görüşmüş, hətta, Azərbaycan səfəri barədə «Sovet ittifaqındakı müsəlmanların ziyarəti — Azərbaycan cümhuriyyəti» adlı ərəbcə kitab da yazmışdı. Həmin kitabın iki nüsxəsi hal-hazırda Mədinə şəhərində yerləşən Peyğəmbər məscidinin «Peyğəmbər» kitabxanasında mövcuddur.

  • Dinə qarşı mübarizənin mahiyyəti nədən ibarət idi?

Qeyd olunduğu kimi dinə qarşı mübarizə Azərbaycanda İslam dininə qarşı yönəlmişdi. Əsas hədəf gənclər, məktəb və universitet tələbələri, ziyalılar və hökumət işçiləri idi. Dinə qarşı mübarizə: İslami bayramları geriçilik göstərmək, Qurban və Ramazan bayramının mahiyyətini dəyişmək, xurafatçı və mövhumatçı dindar təbəqələrin, İslam təlimindən uzaq düşmüş və dini pərdə altında öz şəxsi maraqlarını güdən din xadimlərini tez-tez gündəmə gətirmək, həqiqi İslamı onlara aid etmək, dindarları hakim siniflərə xidmət edən bir təbəqə kimi qiymətləndirmək, dinin boş və cəfəngiyyat olduğunu, insanların ixtirası olduğunu bildirmək, dinə qarşı fikirlərdə xüsusən də Karl Marksın, Fridrix Engelsin və Vladimir Leninin kommunist fikirlərini önə çəkməklə həyata keçirilirdi. Onlar iddia edirdilər ki, elm və texnika inkişaf etdikcə insanlar özləri dini tərk edəcəklər. Həqiqi nəticə isə bunun əksi olduğunu bizə göstərdi. Əksinə, elm və texnika inkişaf etdikcə insanların Allahın Qüdrətinə, Əzəmətinə inamları daha da artdı. Karl Marksın bir çox ictimai, siyasi və iqtisadi kahinlikləri və öncəgörmələrinin də yalan olduğu zaman keçdikcə daha aydın şəkildə ortaya çıxmış oldu.

Bütün tədbirlər isə «yeni sovet insanı modelini» yaratmaq qayəsinə xidmət edirdi ki, bu da dindən tam uzaq olan insanlardan ibarət olmalı idi. Bu «yeni insan modeli» həmin dövrdə inkişaf etmiş ölkələrin də qınağından yan keçməmişdi. Onlar insanları məcburi dinsiz etməyi insan hüquqlarının, vicdan azadlığının pozulması kimi qiymətləndirirdilər.

Dinə qarşı yumşalma dövründə isə kommunist kitablarında «dindarları təhqir etmək» qadağan olunur, təhqirsiz təbliğat aparmaq tövsiyə olunur, əvvəlki dövrdə Leninin və Engelsin bu barədə gizlədilən sözləri ictimaiyyətə çatdırılırdı. Onlar kitablarında yazmışdılar ki, dindarları təhqir etmək dinin qarşısını almır, əksinə, dini hisləri gücləndirir. «Marksın təliminə görə dini birdəfəlik qadağan etmək, təqib onu daha da gücləndirəcəkdi.» (bax: Məişət, ənənə və ateist tərbiyə, Maqsud Cəlilov, səh 5, Bakı, 1983)

Sovet hökumətinin rəsmi dəstəyi: Şəkk yoxdur ki, bu təbliğatın əsas dayağı Kommunist Sovet hökuməti idi. Ona görə də araşdırmaçılar qeyd edirlər ki, Lenin və dostları Karl Marksın yalanlarına inanmasaydılar, bu batil ideologiyanın böyük kütlələrə çatdırılması baş tutmayacaqdı. Lakin, elə kommunizmin əlverişsiz xəyallardan ibarət olmasını əlli-altmış il sonra anlayan qoca kommunistlər hər bir vəchlə hakimiyyətin qorunmasına və ömrünün uzadılmasına çalışırdılar. Çünki, yetmiş illik hakimiyyətin sonuna iyirmi il qalmış onlar bu sistemin çox tab gətirə bilməyəcəyini anlamışdılar. Hər sahədə böhranlar yaranmışdı, islahatların bir faydası olmurdu. Ateizm təbliğatı isə başqa tərəfdən əks təsir yaradır və dini hislərin güclənməsinə səbəb olurdu. Ateizmə rəsmi dəstəyi Lenin belə ifadə edirdi: «Bizim təbliğatımıza mütləq şəkildə ateizm təbliğatı da daxildir.» (Ateizm tərbiyəsinə kommunist partiyasının rəhbərliyi, Müstəcəb Muradov, səh 3, Bakı, 1985)

Kommunist partiyasının rəsmi dəstəyi «Allahsızlar ittifaqı»nın maliyyə məsələlərində də əsas yardımı təşkil edirdi.

Medianın səfərbər olunması: Həmin dövrdə «media ateizm təbliğatında əsas işi görürdü» desək yanılmarıq. Televiziya, radio, qəzet və jurnallar bütün qüvvəsi ilə kommunist əqidəni yayır, insanları ateist tərbiyəsində yetişdirmək üçün əllərindən gələni edirdilər.

Televiziya üçün 1924-cü ildə «Bayquş» filmi, 1925-ci ildə «Bismillah» filmi, 1931-ci ildə «Qurban bayramı» filmi, 1934-cü ildə «Adətlərin məhvi» filmi, başqa adıyla «İsmət» filmi, 1963-də «Axırıncı namaz» filmi, 1971-də «Imadəddin Nəsimi» filmləri çəkilir. 1979-cu ildə isə Sovet Azərbaycanında çəkilmiş ən bahalı film olan «Babək» filmi çəkilir. Həmin filmin çəkilməsinə 1.650.000 rubl vəsait ayrılmışdı. Bir çox filmlərdə də ateizm məqsədlərinə xidmət edən xüsusi fraqmentlər çəkilirdi.

Radio da gecə-gündüz kommunist təbliğat maşını olaraq öz fəaliyyətini davam etdirirdi.

Qəzet və jurnallardan isə «Molla Nəsrəddin» (1906-1931) jurnalı, bu jurnal sovet dövründə dinə qarşı mübarizə motivini dəyişmişdi. Sonradan adı dəyişdirilərək «Allahsız» (bezbojnik) jurnalına çevrilir (1931-1933). «Kommunist» qəzeti (1920-1991), «Kirpi jurnalı» (1952-1989) isə din əleyhinə karikaturalar çəkməklə məşğul idi.

Ziyalıların təsirindən istifadə: Azərbaycanın Sovet rejiminə baş əyməyən ziyalıları, şair və yazıçıları, alimləri və s. qətl və ya sürgünə düçar etdilər. Repressiya qurbanlarını bir çoxumuz yəqin ki, tanıyırıq.

Ziyalıların digər sağ qalanları isə ya ictimai fəaliyyətdən uzaqlaşdılar, ya da sovet kommunistlərinin şərtlərinə razılaşıb öz fəaliyyətlərinə davam etməyi seçdilər. Kommunistləri dəstəkləyən, bəzən isə ateizm təbliğatını birbaşa dəstəkləyən ziyalılar isə bunu ya qorxudan, ya da vəzifə hərisliyindən edirdilər.

Bu (Sovet dövründə dini durum) barədə xüsusi araşdırması olan AMEA-nın elmi işçisi Müstəqil Ağayev — özünün 20-ci əsrdə Azərbaycanda din problemi adlı kitabının 115-ci səhifəsində belə deyir:

«Sovet ideologiyası çərçivəsində işləməyə məhkum olmuş filosoflar, digər mütəfəkkirlər tədqiq etdikləri şəxsiyyətlərin yaradıcılığında İslam dini əleyhinə olan ən kiçik və ən zəif fikri belə üzə çıxarıb şişirdilmiş və qabarıq şəkildə verməklə bolşevizmə sədaqətli olduqlarını sübut etməyə çalışırdılar. Zamanın tələbi belə idi. Bundan qaçmaq mümkün deyildi. Yazılma tarixindən asılı olmayaraq, din əleyhinə olan hər hansı bir əsərin mövcud ideologiya üzərindən təhlili və tənqidi alimlərin, tədqiqatçıların qarşısına qoyulmuş vacib bir vəzifə idi. Bu vəzifənin icrasında kiçik bir səhvə yol verənlər cəzalandırılırdılar. Bəziləri qorxudan, bəziləri isə yarınmaq xatirinə öz fəaliyyətlərini bu istiqamətə yönəldirdilər. Ona görə də bu dövrdə din əleyhinə yazılmış əsərlər, məqalələr, məruzə və mühazirələr çoxluq təşkil edirdi».

Bundan əvvəl isə müəllif öz fikrini daha təkidlə ifadə edərək deyir ki: Həmin dövrdə hər bir vəchlə sovet hakimiyyətini müdafiə edən yazılar yazan filosofların səsini nədənsə eşitmirik! Artıq Azərbaycanın müstəqilliyindən o beş ildən çox vaxt keçsə də, nədənsə o cür yazılar daha yazılmır. — Bu da bir daha həmin yazıların dövrün tələbi olmasının əyani sübutudur.

Milli və dini kimliyə qarşı mübarizə:

 Sovet dövründə Azərbaycan əlifbası iki dəfə dəyişilmiş, üçüncü dəfə isə rus dili ön plana keçmişdi . 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına keçilir. 1938-ci ildə latın əlifbasından kiril əlifbasına keçilir.  1953-cü ildə isə rəsmi idarələrdə rus dilindən istifadə olunması qərarı verilir. Bütün bunlar hamısı ruslaşdırma siyasətinin tərkibi idi. Həm də bu gələcək nəsillərin tez-tez əlifba dəyişikliyi səbəbilə öz keçmiş tarixilə bağlarının qoparılması, keçmiş yazıların oxumasını çətinləşdirmək demək idi.

Ayrıca türkçülük ideyaları olan şəxslər, o cümlədən də sovet hakimiyyətindən əvvəlki müstəqil Azərbaycan hökumətinin nümayəndələrinə qarşı ən sərt tədbirlər görülmüş, onlar vətən xaini adlandırılmışdılar.

 Xalqın dini kimliyinə qarşı mübarizədə isə hətta dinlə əlaqəsi olan adətlər müəyyənləşdirilir və qadağan edilirdi. “Yeni adətlərin icad edilməsi” və bu yeni adətlərin köhnə adətləri aradan qaldırma vasitəsi etmək sovet rejiminin əsas siyasətlərindən biri idi. Bu siyasəti həyata keçirmək üçün də xüsusi kitablar yazılmışdı.

  • Sovet hökumətinin həqiqi siması:

 Qəddar sovet kommunist rejimi Azərbaycan xalqına qarşı genosid tətbiq etmişdir. İşğalın ilk illərində Azərbaycan xalqının 40.000-dən çox vətəndaşını, özü də düşünən beyinləri, ziyalıları, ağsaqqalları, savadlı insanları, bir sözlə xalqın qaymaqlarını qətl etdilər. Çünki, onlar yalnız  xalqın başbilənlərini məhv etdikdən sonra xalqın müqavimət ruhunu qırmış olacaqdılar.

Biz hələ ikinci dünya müharibəsində sovet ordusu tərəfindən nasistlərə qarşı vuruşaraq ölmüş 400.000 azərbaycanlı kişinin məhv olmasından danışmırıq. O kəslər ki, kommunist ideyaları uğrunda canlarından keçmişdilər. Onlar bilmirdilər ki, bu qaniçən rejim onların övladlarına qarşı təşəkkür etmək əvəzinə, onlara 20 yanvar faciəsilə cavab verəcəklər! Başqa ölkələrdən fərqli olaraq Azərbaycan nefti qədər heç bir ölkənin fayda vermədiyi, sovet hökumətinə sadiqlik göstərən bir ölkəni xaincəsinə vəfasızlıq edərək 1990-cı ilin 20 yanvar gecəsində yüzlərlə insanı qanına qəltan edən sovet ordusu Sovet hakimiyyətinin əsil simasını ortaya çıxarmış oldu. Bu hadisə Sovet imperiyasının son iyrənc nəriltisi idi. Ağıl sahibləri üçün isə parlaq şüarlarla saf insanları aldadan, Azərbaycanda minlərlə insanların qətli ilə başlayan hakimiyyətin yetmiş il sonra başqa bir qətliamı Bakının mərkəzində törətməsi sadəcə böyük bir ibarətdir. Yəni, yetmiş ilin əvvəli də, ortası da, axırı da qan, qətliam, qırğın oldu!

 Son olaraq; bu gün sosial şəbəkələrdə kommunistləri dəstəkləyən, xalqımıza bu qədər qan, zülm gətirmiş düşmənləri sevənlərə sadəcə tövsiyəmiz vicdanlı, ədalətli olmağa çağırmaq, qəflət yuxusundan ayılmaqdır. Düşmənlərinizi tanıyın, onları arzulamayın! Çünki, düşmən yalnız qan və fəlakət gətirir! Bu düşmən isə vətənimizi taladı, yaxşılığımıza vəfasızlıq, xainliklə cavab verdi, insanları isə Allahdan uzaq saldı!

 

 YAZDI: Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi: Sahib Əsədov. (2019/11/09).