Mömin nə qədər nə qədər çox hidayət, elm üzərində olsa belə heç zaman bir an olsa belə şirkə düşməkdən arxayın olmamalıdır. Çünki, insan bilməlidir ki, onun tövhid üzərində olub, şirkdən uzaq olması yalnız uca Allahdandır və beləcə daima Allahdan tövhid üzərində sabitçilik istəməli və şirkə düşməkdən Allaha sığınmalıdır.
Hətta Allahın Rəsulu və Xəlili olan, Muhəmməd peyğəmbərdən ﷺ sonra ən əfzəl peyğəmbər olan İbrahim peyğəmbər özü və övladlarının şirkdən uzaq olması üçün Allaha dua edərək belə deyir: ﴾Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!﴿
Bu ayə onu dəlalət edir ki, Allah Özünə ən yaxın dost seçdiyi şəxsə belə şirkdən arxayın olmamasını öyrədərək, ona bu cür dua etməsini vəhy etmişdir.
Allah Rəsulu Muhəmməd ﷺ də daima Allahdan dini üzərində sabit qalmağı və qəlbinin Allaha itaətə yönəltməsini istəyərdi.
Həmçinin, şirkdən uzaq olmaq üçün sünnədə varid olan dualardan biri belədir¹:
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا لاَ أَعْلَمُ
(Allahummə inni əuzu bikə ən uşrikə bikə və ənə ə’ləmu, və əstəğfirukə limə lə ə’ləmu)
Allahım! Bilə-bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm!
——————
¹ Sahihul-Cəmi: 3/233
Hazırladı: Nail Paşayev