Məqalələr

Şəvval ayında oruc haqqında

Bu altı günlük orucu , Şəvval ayı ərzində tutmaq olar.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim Ramazanda oruc tutarsa, bundan sonra ona, Şəvvaldan altı günlük orucu əlavə edərsə, il boyu oruc tutmuş kimi sayılar». (Muslim 1164)

Bu altı gün ərzində oruc tutmaq sünnə sayılır və bir çox hədislərdə bu haqqda məlumat verilir. Ona  görə də, bunu sünnə hesab etməməyə heç bir kəsin haqqı yoxdur. Ola bilsin ki Şəvval ayında oruc tutmağa dair hədislər İmam Malikə (Allah ona rəhmət etsin) gəlib çatmadığından o, bunu sünnədən hesab etməmişdi. Bunun həqiqət olduğunu İmam Malikin (Allah ona rəhmət etsin)  bu sözlərindən də anlamaq mümkündür: «Mənə sələfin hər hansı birindən şəvval ayındakı oruca dair məlumat gəlib çatmayıb və alimlər bidət olmasından qorxaraq bu orucu bəyənməmişlər».  (əl-Muvəttə 228)

Həmçinin İmam Əbu Hənifə  (Allah ona rəhmət etsin) Şəvval ayında orucu məkruh hesab etmişdir. Hər hansı bir məsələyə dair məlumatın olmaması, həmin məsələnin mövcud olmaması demək deyildir.  Şəvval ayında altı gün ərzində oruc tutmağa dair mövcud olan hədislər səhih olduğu  üçün bir çox imamlar buna əsaslanaraq bu orucun sünnə olduğunu hesab etmişlər.

Necə ki Səubəndən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Allah yaxşı işlərin mükafatını on qat artırmışdır və bir aylıq oruc, on aya bərabərdir və Ramazandan sonra altı gün ərzində oruc tutmaq bir ilə bərabərdir.» (Əbu əş-Şeyx “əs –Səvəb”. Şeyx əl-Albani hədisi «Səhih» adlandırmışdır.) Ramazan ayının otuz günü üç yüz günə bərabərdir və şəvval ayından altı gün altmış günə bərabər sayılır və nəticədə üç yüz altmış gün alınır.

Bu böyük mükafatı əldə etmək üçün Şəvval ayında altı gün ərzində ard-arda oruc tutmaq vacib deyil. Çünki buna dair həç bir göstəriş yoxdur. Bu altı günlük orucu , Şəvval ayı ərzində tutmaq olar. Hansıkı bu haqda Şeyx Sıddıq Həsən Xan demişdir. (Bax. “ər-Raudatu-nnadiyyə” 1/555)

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir ki, Şəvval ayındakı altı günün mükafatını əldə etmək üçün, ilk öncə bütün Ramazan ayı boyunca oruc tutmaq lazımdır. Necəki Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim Ramazanda oruc tutarsa, bundan sonra ona, Şəvvaldan altı günlük orucu əlavə edərsə, il boyu oruc tutmuş kimi sayılar». (Muslim 1164) Beləki , Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Şəvval ayındakı orucun mükafatını, Ramazan ayı ilə bağlamışdır. Bu mükafatı əldə etmək istəyənsə, ilk öncə Ramazan orucunu yerinə yetirməlidir.

Tərcümə etdi: Umm Faruq

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha