Uşaqlar üçün

Şəriətlə bəyənilməyən adlar və gözəl adlar

Uşaqlarınıza gözəl adlar qoyun!

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər bir müsəlman valideynin öz övladı qarşısında borclarından biri də ona gözəl ad verməsidir. Belə ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

«Uşaqlarınıza gözəl adlar qoyun!» Əbu Davud, İmam Əhməd.

Dünyaya gələn körpəyə qoyulan adın mahiyyəti istər valideynin dininə bağlılığının göstəricisi kimi, istərsə də uşağın gələcək həyatına təsir baxımından vacib mövzulardan biridir. Belə ki, müsəlmanın ad seçərkən hansı kriteriyalar əsasında hərəkət etməyi onun qəlbindəki imanın zahiri təzahürüdür: qəlb nə qədər Uca Allahın zikri ilə məşğul olarsa, seçilən adda da Rəbbinin razılığını qazanmaq üçün səy görünəcəkdir. Allahdan qeyri kəs yaxud nəsnələr üçün döyünən qəlb isə daha çox zahiri gözəl səslənişə, dəbə, utanca, hətta küfrə, asiliyə çağıran adlara meyl göstərəcəkdir. Bu baxımdan sələflər arasında məşhur kəlamlardan biri — «mənə adını söylə, atanın necə müsəlman olduğunu deyim» olduqca maraqlıdır.

 Eləcə də İbn əl-Müseyyib (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) onun atasından adını soruşduğunu rəvayət edir. «Adım Hazndır (Kobud, çətin xarakterli)» cavabını verdikdə isə «Sən Səhlsən (Asan olan)» dedi. Əl-Müseyyib (Allah ondan razı olsun) atasının belə cavab verdiyini deyir: «Mən atamın verdiyi adı dəyişməyəcəm» və əlavə olaraq, bildirir: O vaxtdan bəri bizim hamımızın xasiyyətindən kobudluq görünür» Buxari

İbn Qeyyim (Allah ona rəhmət etsin) buyurmuşdur: «Adların sahiblərinə, sahiblərinin də adlara təsiri vardır». Zad əl-Məad, 2/336

 Həqiqətən də inkişafının müəyyən mərhələsində — adətən bu, şəxsi «mən»inin axtarışına çıxan 7-14 yaş dövründə özünü kəskin göstərir — hər bir uşaq adının qoyulma səbəbi, mənasi ilə maraqlanmağa başlayır. Nəticədə isə əldə etdiyi informasiya onun təhtəlşüurunda bu və ya digər formada toplanaraq, fərdi şəkildə həyatının axışına qismən yaxud bütövlüklə təsir edir.

Bəs İslam nöqteyi nəzərindən uşağa ad qoyarkən,  hansı qaydalara riayət etmək gərəkdir?

Şəriətlə qadağan olan və bəyənilməyən adlar

1. Peyğəmbərlər və mələklər də daxil olmaqla Allahdan qeyri istənilən kəs yaxud nəsnəyə itaətkarlıq ifadə edən adlar qadağandır. Belə adlardan Abdur-Rəsul (Peyğəmbərin qulu), Abdul-Əmir (hökmdarın qulu), Əliqulu, Həsənqulu və s. göstərmək olar ki, bu da Allahdan qeyrisinə ibadəti yaxud itaəti tərənnüm edir.

Bu tip adları dəyişdirmək lazımdır. Belə ki, böyük səhabələrdən olan Abdur-Rəhman ibn Auf (Allah ondan razı olsun) rəvayət edir: «Mənim adım Abd-Amru (digər rəvayətə görə Abdul-Kəəbə) idi. İslama gəldikdən sonra Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) məni Abdur-Rəhman adlandırdı» Hakim. İmam Zəhəbi (Allah ona rəhmət etsin) hədisi təsdiqləmişdir.

2. Yalnız Allaha məxsus olan ad və sifətlərlə uşağı adlandırmaq qadağandır. Məsələn, Əl-Xaliq (Yaradan), Ər-Raziq (ruzi verən), Ər-Rəbb, Ər-Rəhman, Əl-Qahir (tabe edən) və d. Ona görə də əgər insanın adı bu kateqoriyaya daxildirsə, mütləq dəyişdirilməlidir.

«O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbrli ol! Heç (Allahdan başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi?» (Quran, Məryəm, 65)

3.Sırf kafirlərə məxsus olan adlar qadağandır. Məsələn, Pyotr, Corc (Georgiy) və s. kimi küfr əhlinə mənsubiyyəti ifadə edən adlar bu təsnifata daxildir.

4.Allahdan qeyri ibadət olunan büt yaxud yaxud yalançı ilahların (məsələn, şeytan və s.) adları ilə adlandırmaq haramdır və mütləq dəyişdirilməlidir.

5. Uşağa ikrah oyadan və pis məna verən adlar qoymağın hökmü məkruhdur (bəyənilmir), çünki həyatının sonrakı dövrlərində bu ad başqalarının ona istehza etməsinə sövq edə bilər. Bu tip adlara misal  olaraq, Hərb (müharibə), Rəşaaş (su sıçrantısı), Atəş və s. kimi adları göstərmək olar.

6. Fitnə xarakterli və provokativ adlar bəyənilmir. Adətən qız uşaqlarına qoyulan və seksual xarakter daşıyan adlar bu kateqoriyaya daxildir.

7. Əxlaqi cəhətdən naqis olan və ədəbsizl işlərə sövq edən kəslərin (məsələn, müğənni, aktyor və aktrisalar) adları ilə körpələri onlara oxşamaq niyyəti ilə adlandırmaq bəyənilmir.

8. Günah bir iş mənasına gələn sözlərlə, habelə günahkarların adı ilə uşaqları adlandırmaq bəyənilmir.

 Məsələn, Sariq (oğru), Zalim (zülm edən), Asiyə (asi olan qadın). Yaxud Qarun, Firon və s.

9. Pis məna ilə asossasiya olunan heyvan adlarını uşaqlara qoymaq bəyənilmir.

Məsələn, Ximar (uzunqulaq), Kəlb (it) və s.

10. «Din» yaxud «İslam» sözlərinin əlavə olunması ilə alınan adlar bəyənilmir.

Buna misal olaraq, Nurəddin (dinin nuru), Şəmsəddin (dinin günəşi), Nurul-İslam (İslamın nuru) və s. göstərmək olar.

Saleh İslam alimlərindən İmam ən-Nəvəvi (Allah ona rəhmət etsin) öz ləqəbi olan Muhiəddin (dini dirildən) adını, şeyxül-İslamm İbn Teymiyyə (Allah ona rəhmət etsin) valideynləri tərəfinən ona verilmiş və insanlar arasında geniş yayılmış Təkiəddin (dinin dindarı) künyəsini (ləqəbini) sevməzdi.

11. Uşağa mələk adları vermək bəyənilmir.

Məsələn, Mikayıl, İsrafil, Cəbrayıl və s.

12. Quran surələri ilə adlandırmaq bəyənilmir.

Məsələn , Taha, Yasin və d.  Bunlar «əl-Huruf əl-Muqətaa», yəni surənin başında gələn və mənası yalnız Allaha məlum olan hərflər kateqoriyasına daxildir.

İbn Qeyyim, Tuhfət əl-Məvdud, səh.109

Gözəl adlar

Fəzilət sırasına görə tərtib etdikdə, gözəl adları beş sinfə bölmək mümkündür:

1. Birinci (ən yaxşı) sinif — AbduLLah və Abdur-Rəhman adlarıdır.

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Allahın ən sevdiyi adlar AbduLLah və Abdur-Rəhmandır» Müslim

2. İkinci sinifə tək Allaha ibadət və itaəti, Tövhidi tərənnüm edən, uca Allahın ad və sifətlərinə «abd» şəkilçisi artırmaqla alınan adlar daxildir.

Məsələn, Abdur-Rəhim, Abdul-Aziz, Abdul-Malik və d.

3. Peyğəmbər və nəbilərin adları.

Şübhəsiz ki, bunların içərisində ən gözəli Peyğəmbərimiz Muhəmmədin (Allahın ona salavat və salamı olsun)  adları, daha sonra isə ayədə deyilən «əzm sahibi» (Quran, Əhqaf, 35) olan peyğəmbərlərin (İbrahim, Musa, İsa, Nuh (Onların hamısına Allahın salamı olsun)) adları müvafiq ardıcıllıqla gəlir.

4. Saleh müsəlmanların (səhabələr, tabiinlər, alimlər, mücahidlər və d.) adları.

5. Gözəl mənaya malik olan adlar.

 

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha