Məqalələr Müxtəlif

Şəriətin qadağalarında hikmət axtarmaq

Uca Allah istər Öz Kitabı Quranda, istərsə də Rəsuluna ﷺ vəhy etdiyi sünnədə bizə şəriəti tam və kamil şəkildə bəyan etmiş, eyni zamanda orada olan qadağaları da çatdırmışdır: {Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim} [Maidə: 3].
Bununla bərabər bəzi qadağalar vardır ki, onların qadağan olunmasının hikməti barəsində bəzi insanlar və hətta bəzi müsəlmanlar sual verərək haram buyrulan hansısa bir şeyin qadağan olunmasındakı hikməti axtarırlar.

İlk olaraq bilmək lazımdır ki, şəriətdə varid olan qadağaların heç də hamısının hikməti bəyan edilməmişdir. Məsələn, içki içməyin haramlığı istər Quranla, istərsə də hədislərlə sabit olmuşdur və Quranda, həmçinin hədislərdə içkinin qadağan olmasındakı hikmətin insanın ağlını başından alması, bütün şərlərə qapı açması ilə əlaqələndirilmişdir. Bu barədə uca Allah buyurur: ﴾Həqiqətən, şeytan şərab və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı anmaqdan və namazdan ayırmaq istər﴿ [Maidə: 91]. Bu da uca Allahın Rəhməti və Lütfündəndir ki, qadağaların bəzilərində olan hikməti ümmətə çatdırmışdır.

Lakin, donuz ətinin haram buyrulmasındakı hilmətin nədən ibarət olması barəsində isə bizə xəbər verilməmişdir. Uca Allah buyurur: ﴾O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir.﴿ [Nəhl: 115].

Bu da onu göstərir ki, şəriətdə heç də bütün qadağan olunan şeylərin mütləq şəkildə haramlığındakı hikmətin bəyan edilməsi mütləq deyildir. Bu məsələdə özünə «mən müsəlmanam» deyən bir kəsin üzərinə vacib olan «eşitdik və itaət etdik» deməsidir. Çünki, Allaha həqiqi təslimiyyət, İslamın həqiqi təhqiqi məhz budur. Uca Allah buyurur: ﴾Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələri oldu. Nicat tapanlar da məhz onlardır﴿ [Nur: 51].

İmam Tabəri  öz təfsirində ibn Bureydə əl-Əsləmidən rəvayət edir ki, içki haram buyrulmadan öncə üç-dörd səhabə bir məclisdə içki içirdilər, bu vaxt içkinin haram buyrulması barəsində səhabə onların yanına gələrək xəbər çatdırdı və bu ayəni oxudu: ﴾…Bunlara son qoyacaqsınızmı?﴿. Onlardan birinin əlində şərab qabı, digəri şərabı yarılamış, digərinin isə dodaqlarının arasında şərab vardı ki, bu xəbəri eşidən kimi ağzındakı şərabı yerə atdı, digərləri isə qabı ağızlarına aparmadan dərhal yerə boşaltdılar və dedilər: «Ey Rəbbimiz! Son qoyduq, ey Rəbbimiz! Son qoyduq».
Həmən səhabələr heç bir səbəb, nə üçün haram buyrulması barəsində heç bir kəlimə belə demədən dərhal əlindəki şərabı yerə qoyaraq Allaha tam şəkildə təslimiyyətlə boyun əymələrini ortaya qoydular.

Eyni zamanda bu tək olaraq haram buyrulan məsələlərə deyil, şəriətin bizə vacib etdiyi məsələlərə də aiddir ki, Allahın bizə hikməti bəyan olunmayan əmrlərində ilk öncə üzərimizə düşən və bizdən tələb olunan dərhal o əmrləri yerinə yetirmək, hikmət axtarmamaqdır və əsl olan da məhz budur.

Hazırladı: Nail Paşayev