Məqalələr Müxtəlif

Sələfin mənhəcinə ittiba etmənin vacib olduğuna dair bəzi dəlillər

Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Şübhəsiz ki, sələfin mənhəci, əqidə və əməl baxımından islamın haqq mənhəcidir.
Sələfi saleh elmdə və əməldə hər kəsi ötüb keçən və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əli ilə ilk hidayət olan və onun (sallallahu aleyhi və səlləm) sünnəsini mühafizə (qoruyan) edən toplumdur. Uca Allah onları Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) əshab olaraq seçmiş və onları bu din üçün fədakarlıq edərək malları və canları ilə cihad edərək İslamı yaymaq üçün seçmişdir. Bəli, məhz onlar Allah yolunda cihadın haqqını verərək cihad etmişlər, həyatlarını Allahın razılığı üçün fəda etmişlər və ümmətə böyük faydalar vermişlər. Elə bir fayda ki, hər bir müsəlman günümüzə qədər onlardan faydalanır və faydalanacaqdır inşəAllah.
Uca Allah onları kitabında belə səna (övmüşdür) etmişdir:
Uca Allah buyurur: “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir”. {əl-Fəth surəsi, 29}.
Yenə Uca Allah başqa bir ayədə buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ¬ları hazırlamışdır. Bu, böyük uğurdur”. {ət-Tovbə surəsi, 100}.
Bu ayədə gördüyünüz kimi Rəbbimiz mühacir və ənsarları zikr etmiş və onlara tabe olanları mədh etmiş və onlardan sonra onların izi ilə gələnlərdən də razı olmuşdur.
Uca Allah sələfə müxalif olanları və onların yolundan başqa bir yola ittiba edənləri əzaba düçar olacağını bildirmiş və belə buyurmuşdur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir”. {ən-Nisa surəsi, 115}.
Bunun üçün bilməliyik ki, nicat (qurtuluş) sələfə tabe olmaqdadır, onların yolu ilə getməli və Rəbbimizdən onlar üçün bağışlanma diləməliyik.
Uca Allah belə buyurur: “(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”. {əl-Həşr surəsi, 10}.

Uca Allah buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur”. {ət-Tovbə surəsi, 100}.
Bu ayənin təfsirində alləmə Əş-Şövkəni (Allah ona rəhmət etsin) demişdir: {yaxşı işlər görməkdə onların ardınca gedənlər} sözünün mənası mühacir və ənsarın ən öndə gedənlərinə tabe olanlar, onlar mühacir və ənsardan sonra gələn səhabələr ilə onlardan sonra qiyamətə qədər gələcək olanlardır.
Həmçinin Şeyx Abdur-Rahmən ibn Nasir Əs-Səədi (Allah ona Rəhmət etsin) demişdir: {yaxşı işlər görməkdə onların ardınca gedənlər} yəni onlara etiqatda,söz və feelərdə (əməllərdə) tabe olanlar deməkdir.

Uca Allah belə buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir”. {ən-Nisa surəsi, 115}.
İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa”, yəni kim özünə haqq açıq-aydın bəlli olduqdan sonra bilərəkdən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyi şəriət yolundan başqasına uyarsa, belə ki, o bir tərəfdə, şəriət isə başqa bir tərəfdə olar.
Həmçinin sünnədən buna dəlil olaraq bu hədisi qeyd edə bilərik Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “…Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun. Həqiqətən də hər bir bidət zəlalətdir”. (İbn Macə, 42. əl-Albani səhih olduğunu bildirmişdir).
Həmçinin Ənəs ibn Məlikdən (Allah ondan razı olsun ) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:
“Bənu israil yetmiş bir firqəyə bölündülər. Ümmətim isə, yetmiş iki firqəyə bölünəcək. Hamısı cəhənnəmə düşəcək, birindən başqa. O da, camaatdır.” Sunən İbn Məcə, 3993.
Başqa bir rəvayətdə isə, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşurlar ki, o firqə hansıdır? Deyir: «Mənim və səhabələrimin getdiyi yol üzərində olanlar.” Sünən ət-Tirmizi, 2641.
Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə rəvayət etmişdir:
“Ümmətimdən elə bir tayfa olacaq ki, onlara yardım olunacaq və qiyamətə qədər heç kəs onları köməksiz qoya bilməyəcək.” Sunən Ət-Tirmizi, 2192.
“İmam Əhməd qiyamətə qədər köməksiz qalmayan bu tayfa haqqında gələn bu xəbəri onların hədis əhli olduğunu təfsir etməklə yaxşı iş etmişdir. Salehlərin yolunu gedən, keçmiş sələfin əsərlərinə tabe olan, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsi ilə bidət əhlini dəf edənlərdən bu təfsirə daha çox kim haqlı ola bilər?!” Mərifə ulum əl-hədis, səh.30.
Yuxarıda qeyd etdiyim hədislər sələfin yolunun haqq olduğunu və Peyğəmbərimizində (sallallahu aleyhi və səlləm) özündən sonra onun və əshabının yolunu getməyi bizlərə tövsiyyə edir çünki onlar, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yoldaşları və onun yolunu ən gözəl şəkildə izləyənlərdir.Əziz oxuyucu bil ki sözlərin ən doğrusu Allahın kəlamı yolların ən gözəli isə Peyğəmbərimizin və onun əshabının yoludur.

Sonda Allahdan istəyirəm ki bizləri Onun və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və saleh sələflərin yolunda sabit qalmağı müvəffəq etsin.
Haqqa müvafiq oldumsa Rəbbimizdən, xəta isə nəfsimdən və şeytandandır.

Hazırladı: Sənan İsbəndiyarov (Ebu Haris).