Məqalələr

Səhih Sünnə Allahdan gələn vəhyin bir hissəsidir

“O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Öz dinini, əqidəsini öyrənməyən müsəlmanın ilk dövrlərdən ta günümüzədək şeytanın ordusunun ən asan ovlanan şikarı olduğu danılmazdır. Belə insanları Allahın adından söylənilən uydurma və şaiələrə adətən daha meylli görmək mümkündür.

Bu kimi hiylə və şübhələrdən biri də Peyğəmbərimizdən (Allahın ona salavatı və salamı olsun) varid edilmiş hədislərin, səhih Sünnənin əslində lüzumsuz, bir elə əhəmiyyətə malik olmayan söz yığını olmasına, İslamı dərk edib tətbiq etmək üçün təkcə Quranda buyurulanlara əməl etməyin bəs olmasına dairdir.

“İslamı öyrənmək üçün təkcə Qurani Kərim kifayətdir (?!)” fikri həqiqətən əsaslıdırmı?
Doğrudanmı səhih hədislərin heç bir əhəmiyyəti yoxdur?
Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) təmiz Sünnəsini tərk edərək, İslamı ilkin dolğunluğunda yaşamaq mümkündürmü?
Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) kəlamları, davranış və yaşayış tərzi İslamın tətbiqində heç bir qüvvəyə malik olmayan adi insan davranışlarıdırmı?

Bu kimi suallara cavab olaraq, böyük İslam alimlərindən İbn Batta (Allah ona rəhmət etsin) təkcə Quranda buyurulanları tam şəkildə yerinə yetirə bildiyini söyləyən kəsin yalan söylədiyini bildirərək belə demişdir: “Aqil və mömin olan kəslər İslam dinini yox etmək üçün təmiz Sünnədən (hədislərdən) başlayanları o dəqiqə tanıyırlar. Bu adamlar imanı və elmi zəif olan kəsləri bəzədilmiş kəlmələrlə aldadaraq, onları təkcə Qurani Kərimdə yazılanları tətbiq edə biləcəklərinə inandırmağa çalışırlar. Əsl həqiqətdə isə (belə etməklə) insanlar Allaha itaət yox, əksinə asi olurlar. Halbuki əgər müsəlman elə-belə yox, sözün həqiqi mənasına Allahın Kitabına iman gətirirsə, ondakı əmlərə tabe olub, qadağalardan çəkinməyə çalışırsa, onun Səhih Sünnəni qəbul etməsi labüdlüyünü özü də görəcəkdir. Çünki Uca Yaradan Qurani Kərimdə bir çox ibadət növlərinin yalnızca adını çəkmiş, mahiyyətini, necə yerinə yetirilməsini isə bildirməmişdir. Bütün bunların izahı üçün isə müsəlmanlara Peyğəmbəri (Allahın ona salavatı və salamı olsun) göndərmişdir.
Məsələn, Uca Allah buyurur: “Namaz qılın, zəkat verin” (Quran, Bəqərə, 43).
“Allah üçün həcc və ümrəni tam yerinə yetirin” (Quran, Bəqərə 196).
“Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Quran,Ali İmran 97). “Əl-İbanə, 1/43”.

Əbu Nədrə (Allah ona rəhmət etsin) rəvayət edir ki, bir dəfə Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) eşitdiyi hədisləri rəvayət edən İmran bin Huseynin (Allah ondan razı olsun) yanında idi. Bir nəfər İmrana (Allah ondan razı olsun) (hədis danışdığı üçün) etirazını bildirərək dedi: ”Yaxşı olardı ki, bunun əvəzinə Allahın Kitabından danışardın”. İmran bin Huseyn (Allah ondan razı olsun) bu sözlərə qəzəblənərək dedi: ”Həqiqətən sən ağılsızsan! Uca Allah Quranda zəkat verməyi buyurdu, amma 200 dirhəmdən ancaq 5-ni verməli olduğumuzu bildirmədi! Namazı əmr etdi, amma Zöhrün dörd rəkat olduğunu qeyd etmədi! Kəbə ətafında təvaf etməyi buyurdu, amma neçə dəfə bu ibadəti yerinə yetirməli olduğumuz bildirilmədi! Həqiqətən bütün bunların hamısını bizə Sünnə şərh edir” Əş-Şəriə”, 104.

Göründüyü kimi həqiqətən Allaha ibadət istəyində səmimi olan kəs elə Qurani Kərimi dərinliyi ilə araşdırıb tətbiq etməyə başladığı andan etibarən əmr və qadağaların real həyatda necə tətbiq etməyə dair bir nümunəyə ehtiyac duyacaqdır.

Məhz bu məqamda Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) hədisləri onun köməyinə çatacaqdır. Bu səbəbdən də Uca Allah Qurani Kərimdə Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) itaətin vacibliyini dəfələrlə vurğulamışdır:

“Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.“ (Quran, Nəhl, 44).

“De: ‘Mən yal-nız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram“ (Quran, Əraf, 203).

“O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.” (Quran, Nəcm, 3-4).

Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin“ (Quran, Həşr, 7).

Müqəddəs kitabları heç bir vasitə olmadan nazil etməyə qadir olan Rəbbimizin onları peyğəmbərlər vasitəsilə göndərməyində düşünən aqil kəslər üçün böyük hikmətlər mövcuddur. Bütün bunlar göstərir ki, Sünnə də vəhyin bir hissəsidir, Peyğəmbərimizin (Allahın ona salavatı və salami olsun)

“Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. “ (Quran, Əzhab, 34).

Qatadə ayəni şərh edərək belə demişdir: ”Burda Allahın ayələri dedikdə qəsd olunan Quran, hikmət isə Sünnədir” (İbn Kəsir təfsiri).

İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: ”Peyğəmbərə (Allahın ona salavatı və salami olsun) iki növ vəhy nazil edilmişdir. Onlardan birisi Quran, digəri isə Sünnədir. Allah Rəsulu (Allahın ona salavatı və salami olsun) demişdir:”Mənə Kitab və ona bənzər nazil edilmişdir”. Həsən bin Atıyə demişdir:”Cəbrayıl mələk (Allahın ona salami olsun) Peyğəmbərə (Allahın ona salavatı və salami olsun) Sünnəni də Quranı öyrətdiyi kimi öyrədərdi”“. “Məcmu əl-Fətəva”, 7/40.

Bütün bunlardan aydın olur ki,  bir-birindən ayrılmaz, labüd olan iki dayaq üzərində qurulmuş kəlimeyi-şəhadət kimi səhih Sünnə də vəhyin ayrılmaz tərkib hissəsidir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti