Məqalələr

Səhabələr kimdir?

“Ağac altında beyət etmişlərdən heç kim Cəhənnəmə daxil olmayacaqdır”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslamın ilkin saflığında qorunaraq, günümüzədək gəlib çıxmasında ən böyük rolu oynayanlar heç şübhəsiz bu şanlı dinin ilk toxumlarının səpildiyi anlardan etibarən ona dəstək olan müsəlmanlardır. Onlar canları, qanları və malları ilə Muhəmməd Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) öhdəsinə düşən missiyanı ən kamil şəkildə yerinə yetirməsi üçün əllərindən gələni əsirgəməmişdilər.

Hər işində müdrik olan Uca Yaradan tərəfindən bu insanlar təsadüfi olaraq səhabə şanına layiq görülməmişdilər. İlahi vəhyin bilavasitə canlı şahidləri olan bu insanlar həqiqətən peyğəmbərlərdən sonra bəşəriyyətin ən xeyirlilərindən seçilmişdir. Ona görə də onların bu və ya digər dini məsələlərdə ədalətsizlik etməsinə etiqad etmək, adilliklərinə kölgə salmaq insanın Öz Rəbbini acizlikdə ittiham etmək cəhdindən başqa bir şey deyil ki, bundan Allaha sığınırıq.

Uca Allah buyurur: Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (Quran, Hicr, 9).

Eləcə də İmran ibn Huseyndən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allahın Elçisi (Allahın ona salavatı və salamı olsun) deyir: “İnsanlardan ən xeyirlisi mənim dövrümdə yaşayanlardır, sonra onların ardınca gələnlər, sonra isə onların ardınca gələnlərdir” Buxari, Müslim.

İmran (Allah ondan razı olsun) öz dövründə gələnlərdən sonra iki yaxud üç nəsili dediyini xatırlamıram.

Məhz bu səbəbdən Uca Allah səhabələrin xüsusiliyini vurğulayaraq, istənilən mənəvi meyarlara görə digər müsəlmanları ötüb keçdiklərini buyurur: Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur.” (Quran, Tövbə, 100).

Səhabələr həyatı boyunca ən az bir dəfə Allah Rəsulunu (Allahın ona salavatı və salamı olsun) görüb, İslamı qəbul etmiş və müsəlman olaraq dünyasını dəyişmiş qadın, kişi və uşaqlara deyilir.

Eləcə də Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: Ağac altında beyət etmişlərdən heç kim Cəhənnəmə daxil olmayacaqdır” Muslim.

Səhabələri dinin ilkin dövründə Məkkədə ikən iman edib müsəlman olan, sonra Peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) Mədinəyə hicrət edənlər – mühacirlər və Mədinədə evlərinin, var-dövlətlərinin, ailələrinin qapılarını onların üzlərinə səmimiyyətlə açan yardımçılar — ənsarlar olmaqla iki qismə bölürlər.

Uca Allah mühacirləri “doğru olanlar” adlandıraraq tərifləyir: (Qənimət həmçinin) yurdlarından qo­­vulmuş və malların­­dan məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.” (Quran, Həşr, 8).

Ənsarların isə dərəcəsinin yüksəkliyi Qurani-Kərimdə belə vurğulanır: “(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Quran, Həşr, 9).

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Ənsarlara sevgi imanın, onlara nifrət isə münafiqlərin sifətindəndir” Buxari.

Səhabələrin hamısı dərəcələrinə görə eyni deyillər. Allah yolunda göstərdikləri səylərinə görə onların da hər birinin öz dərəcəsi, öz üstünlüyü vardır. İlk beyət edənlər, Bədr, Uhud döyüşündə qəhrəmanlıq göstərənlər, şəhidlik mərtəbəsinə ucalanlar, hələ sağ ikən Cənnətlə müjdələnənlər səhabələr içərisində ən yüksək mərtəbələrə ucalanlardır. Ayədən də aydın olduğu kimi öz dərəcələrinə görə səhabələr bir-birindən fərqlənir: Sizlərdən (Məkkənin) fəthindən əvvəl xərcləyib döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən )sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.” (Quran, Hədid, 10).

Hər bir müsəlmana vacib olan isə özünün ən xeyirli qardaşları olan səhabələrin heç birinə qarşı nifrət bəsləməmək, əksinə onlara dərin ehtiramla yanaşmaqdır. Qurani Kərimdə buyurulur: “(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Quran, Həşr, 10).

Onlara qarşı nifrət, qəzəb, kin bəsləmək isə möminlərin sifətindən deyil. Belə ki: Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.” (Quran, Fəth, 29).

Eləcə də Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) səhabələri söyməyi qadağan edərək belə demişdir: “Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz” Buxari, Muslim.

Ona görə də müsəlman səhabələrə daim hörmət bəsləməli, həyatının bütün sahələrinə Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) Sünnəsinə bu gözəl insanların fəhmi ilə yanaşaraq, İslamı tətbiq etməyə çalışmalıdır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti