Aktual Əxlaq Müxtəlif Zəkat

Sədəqə yox edər!

Sədəqə xətaları yox edər! Sədəqə bəlanın qarşısını alar! Sədəqə ömrü uzadar!

Yalnız bu ayəni xatırlamaq kifayətdir ki, insan davamlı yaxşılıqlar etməyə niyyətli olsun və bacardıqca etsin!

“Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır!”. əz-Zilzələ surəsi, 7

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki,  Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Həqiqətən sədəqə insanı Allahın qəzəbindən və pis ölümdən qoruyur”. Tirmizi 664

Sədəqə verə bilmək və ya verə bilməmək nəfs işidir. Tamahkarlıqla comərdlik bir yerdə mümkün deyildir.

Uca Allah buyurur: ”Nəfsi­nin tama­hın­dan qo­runan kimsələr nicat tapan­lardır”. əl-Həşr surəsi, 9

Başqa bir ayədə buyurur: “Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mi­zə çıxarasan”. ət-Tövbə surəsi, 103

Sədəqə- sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan on verilən nemətlərə görə Yaradana  olan sədaqətini sədəqə ilə göstərir, və bunun qarşılığını alacağına inanır. Uca Allah buyurur:

“Əgər Allaha gözəl bir borc ver­səniz (malınızı Onun yolunda xərclə­sə­niz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzi­ni verəndir, Həlimdir”.  ət-Tağabun surəsi, 17

“Budur, siz Allah yolunda malı­nız­dan xərcləməyə dəvət edilirsiniz. Ara­nızda isə simic­lik edənlər tapılır. Kim si­miclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsə­niz, yerinizə sizin ta­yı­nız ol­mayan başqa insanlar gə­tirər”. Muhəmməd surəsi, 38

Varlı kəs nə qədər yardım etsə də “Mən çox yardım edirəm”, deyib xeyir işlərdən uzaq durmamalı, kasıb kəs “Biz varlı deyilik”, deyərək xeyirxahlıqdan geri qalmamalıdır. Yardımlaşma sadəcə mal ilə deyildir. Bir çox yardımlaşma növləri vardır.  Malı olan malından, elmi olan elmindən, gücü olan gücündən sədəqə verə bilər.

Odur ki, heç kim “Mən yaxşlıq etmək istəyirəm, amma imkanım yoxdur. Bilmirəm nə edim?”, deyə bəhanə gətirə bilməz.

Elm öyrənmək və öyrətmək sədəqə sayıla bilər.  Ən üstün, ən fəzilətli sədəqə müsəlman bir adamın elm öyrənməsi sonra da o elmi bir müsəlman qardaşına öyrətməsidir.

Şəxsin özü üçün xərclədikləri sədəqə sayıla bilər. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun):  “Nəfsinə yedirdiyin şey sənin üçün sədəqədir”, deyə buyurmuşdur.

Günah və pis əməllərdən uzaq durmaq sədəqə sayıla bilər. Bir müsəlmanın günah və pis əməllərdən uzaq durması ona sədəqə savabı qazandırar.

Ailə üçün xərcləmək  sədəqə sayıla bilər.  Öz ailəsi üçün xərclədiyi hər şey insana sədəqə savabı qazandırır.

Xəstə ziyarəti etmək sədəqə sayıla bilər.  Bir müsəlman xəstə ziyarəti edərsə sədəqə savabı qazanar.

Yol göstərmək sədəqə sayıla bilər. Yolunu itirən yolçuya yol göstərmək sənin üçün sədəqədir.

Borcluya möhlət vermək sədəqə sayıla bilər. Kim borcunu qaytara bilməyənə möhlət verərsə, sədəqə savabı qazanar. Kim borc vaxtı çatsa da, onu almağı təxirə salarsa, hər gün bir sədəqə savabı qazanar.

Ağac əkmək  sədəqə sayıla bilər. Bir müsəlman meyvəsindən və kölgəsindən və ya özündən faydalanacaq ağac və ya bir bitki əkərsə bu onun üçün sədəqə yerinə keçər.

Yoldakı maneələri qaldırmaq sədəqə sayıla bilər.  Yolda insanların gediş-gəlişinə mane olan şeylərin qaldırılması insana sədəqə savabı qazandırır.

Salama cavab vermək  sədəqə sayıla bilər.  Salama salamla cavab vermək sədəqə savabı qazandırır.

Xeyriyyə müəssisələri tikdirmək sədəqə sayıla bilər. İnsanların istifadəsinə verilən və xeyirli işlərdə istifadə edilmək üçün inşa edilən bütün müəssisələr və vəqflər sahiblərinə qiyamətə qədər sədəqə savabı qazandıran şeylərdir.

Küsülüləri barışdırmaq sədəqə sayıla bilər. Küsülülərin arasını düzəldib onları barışdırmaq, onlar arasında ədalətli qərar vermək sədəqədir”.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər səhər insan­lar yuxudan oyandıqda, yer üzünə iki mələk enir. Onlardan biri: “Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini ver!”– deyir. Digəri isə: “Allahım, xəsislik edən hər kəsi tələf et!”– deyir”. Buxari 1442

Bəzən insan sədəqə vermək niyyətində olur, amma nəfsinin artıq çoxdan vaz keçdiyi malını (geyim və.s ) sədəqə verməyə yalnız razı olur. Halbuki insan ən sevdiyi dünya malından keçməyə razı olduqda dünyda heç bir şeyi itirmək ona çətin gəlmir. Beləcə ruhu daha çox təmizlənir, dünyadan asılı olmur, beləcə onu heç bir şey qorxutmur. Yalnız Allahı narazı salan işlər etməkdən başqa bir qorxusu qalmır. Uca Allah buyurur:

“Sevdiyiniz şeylər­dən Allah yo­lunda xərcləməyin­cə xeyrə nail olmaya­caqsınız. Siz nə xərc­lədiyinizi, şübhəsiz ki, Allah bilir”.  Ali İmran surəsi, 92

Əgər sədəqə verərkən başqa insanların da savab işə cəlb edlməsini istəyirsinizsə sədəqə barəsində kiməsə bildirməkdə bir qəbahət yoxdur. Lakin mümkün qədər gizlətmək daha yaxşı olardı. Necə ki, Uca Allah buyurur:

“Sədəqələri aşkarda ve­rir­­sinizsə, bu çox gözəl. Əgər onu yoxsullara giz­lində versə­niz, bu sizin üçün daha yax­şı olar. Allah sizin bəzi günahla­rınızdan keçər. Allah nə etdik­lərinizdən xəbər­dardır”. əl-Bəqərə surəsi, 271

Sədəqəni gizlində edib, niyyətini yalnız Allah üçün edən kəs, bir müddət sonra yaxşılıq etdiyi kəsdən düzgün təşəkkür görmədikdə etdiyi yaxşılığı ona xatıladar, minnət qoyar. Sədəqə verən kəs yaxşı olar ki etdiyi yaxşılığı unutmağa çalışsın. Necə ki insan günah etdikdə onun günah olduğunu dərk etdikdən sonra unutmağa çalışardı.

Uca Allah buyurur: “Mallarını Allah yolunda xərclə­yənlərin və xərclədiklə­ri­nin ardından minnət qoyma­yan və əziyyət vermə­yən­lərin, Rəbbi ya­nında mükafatları var­dır. On­lara heç bir qorxu yox­dur və onlar kədərlənməyə­cəklər. Xoş söz demək və xəta­ları bağış­lamaq, minnətlə veri­lən sədə­qədən da­ha yaxşıdır. Allah Zən­gindir, Həlimdir. Ey iman gətirənlər! Sə­də­qələ­ri­nizi, özünü camaata göstər­mək məqsə­dilə xərcləyən, Allaha və Axirət gününə inan­mayan şəxs kimi minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Bu­nun mə­səli üzə­rində torpaq olan ha­mar qaya­nın məsəlinə bənzəyir ki, şid­dətli yağış yağıb onu çılpaq hala sal­mışdır. Onlar qazan­dıq­larından heç bir şeyə nail ol­mazlar. Allah kafir xalqı doğru yola yönəltməz”. əl-Bəqərə surəsi, 262-264

Sədəqə bəlanın qarşısını alar, xətaları yox edər, ömrü uzadar. Yaxşılıq və xoşbəxtliyə çatmağın yolu sədəqədən keçir.

Səhabələr bir xurma belə sədəqə verməyə çəkinməzdilər. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir qadın öz iki qızı ilə birlikdə yanıma gəlib (yeməyə bir şey) istədi. Məndə bircə dənə xurma var idi. Mən xurmanı ona verdim, o da onu iki yerə bölüb qızların hər birinə bir yarısını verdi, özü isə on­dan yemədi. Buxari, 1418

Müəllif: Feqihcom heyəti