Müxtəlif

Səcdə — Səni Rəbbinə yaxınlaşdıran məqam

Aləmlərin Rəbbi Allaha həmd-səna olsun. Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun), onun ailəsinə və cəmi əshabələrinə Allahın salavatı və salamı olsun.

Səcdə etmək gündəlik namazların əsas əməllərindən biridir. Səcdə insanı Allaha daha çox yaxınlaşdıran əməl olduğu üçün namazda daha çox təkrar olunan əməldir. İki rükətli namazda dörd dəfə, dörd rükətli namazda isə səkkiz dəfə səcdə edirik. Bu ona görədir ki, səcdə bizi Allaha daha çox yaxınlaşdırır. Ona görə də insan Rəbbinə nə qədər çox səcdə edərsə, bir o qədər də Allah qatında ucalmış olar.
Səhih hədisdə deyilir ki, Peyğəmbərə xidmət edən Rabiə bin Kəəb əl-Əsləmi (Allah ondan razı olsun) Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) deyir: “Ey Allahın elçisi, mən səninlə cənnətdə də yoldaş olmaq istəyirəm!” Yəni, bunun üçün mən nə etməliyəm ki, səninlə cənnətdə yoldaş olum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona dedi: “Mənimlə yoldaş olmaq üçün, çoxlu səcdə et.” Çoxlu səcdə etmək, yəni çox namaz qılmaq mənasındadır.

  • İnsan çox namaz qıldıqca, daha çox səcdə etmiş olur.
  • Səcdə, insanı xüşuya və Allaha müti olmağa aparan amildir;
  • Səcdə, insanın dərəcəsinin yüksəlməsi üçün səbəbdir;
  • Səcdə, insanın günahlarının bağışlanması üçün əsasdır;
  • Səcdə, cənnətə daxil olmaq üçün burhandır;
  • Səcdə, cəhənnəmdən qorunmaq üçün sipərdir;
  • Səcdə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) şəfaətinə nail olmaq üçün səbəbdir.

Əgər müsəlman tövhid əhlindən olarsa, səcdə haqqında deyilən məziyyətlərə nail olacaqdır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Rükuda Rəbbinizi təzim edin, səcdədə isə çox dua edin. Bu, duanızın qəbul olması üçün əlverişli məqamdır.” (Muslim əs-Səhih əsərində rəvayət etmişdir).
Başqa hədisdə isə belə demişdir: “Bəndənin Rəbbinə ən yaxın olduğu məqam, səcdədir. Bu məqamda çoxlu dua edin!”
Bu rəvayətlər səcdənin nə qədər əhəmiyyətli bir əməl olduğunu bizə göstərir. Bəndə səcədədə olarkən Rəbbinə çox yaxın olur. Çünki səcdə, Allah qarşısında təvazökarlıq, sadəlik, möhtaclıq ifadə edən məqamdır. İnsan ən dəyərli əzası olan üzünü Rəbbinin qarşısında təvazökarlıq göstərərək yerə qoyur, bu halından məmnunluq hissi keçirir, Rəbbinin savabını umur, əzabından qorxursa, demək ki, bəndə mütiliyin ən ali məqamındadır. Bu məqam isə bəndəni Allaha yaxın edən məqamdır.
Elə buna görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Bəndənin Rəbbinə ən yaxın olduğu məqam, səcdədir. Bu məqamda çoxlu dua edin!”
Sovban adlı səhabə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Bəndə Allaha bir səcdə edərsə, Allah onunla onun dərəcəsini yüksəldər, bir xətasını bağışlayar.”

Dəyərli qardaş və bacım!
Bax buna görə biz həm gündüz, həm də gecə çox namaz qılmalıyıq. Duha, zöhr, məğrib və işa namazları arası, işadan sonra, gecənin bir anında, gecənin sonunda və s. bu kimi vaxtlarda namaz qılmaq olduqca savablı, dəyərlidir.
Ələlxüsus gecə hamı yatarkən qılınan namaz çox savablıdır. Uca Allah buyurur: “Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq daha əlverişli və söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!” (əl-Muzzəmmil: 6).
Gecə namazı olduqca əhəmiyyətlidir. Gecə namazını 2+2 olmaqla səkkiz rükət qıl, sonda isə üç rükət vitr namazı ilə 11 rükət qıl. Bu ən kamil şəkildə qılınan gecə namazıdır. Bu sayda qılmaq imkanın yoxdursa 2+3, 2+2+3 kimi qıla bilərsən. Gecə namazı üçün məhdud say yoxdur. 2+2+2…………………………… sonda +3 qılmaqla nə qədər sayda istəsən qıla bilərsən.

Dəyərli oxucu, uca Rəbbimizdən diləyimiz budur ki, bizi Ona çoxlu səcdə edən qullardan etsin və bu işdə bizə müvəffəqiyyət versin…Amin.

Hörmətlə, Feqih.com heyəti