Əxlaq Məqalələr

Səbr — zəfərin açarıdır

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:

Müasir dövrdə problemlər qaçınılmazdır. Hər bir insanın müxtəlif həcmli problemləri vardır. Bəziləri buna tab gətirə bilmir. Bəziləri isə Allahın müvəffəqiyyəti sayəsində sonuna qədər Allahın hökmünə səbr edib, dua edərək Allah Subhənəhu və Tə’ələyə şükr edirlər. Bu səbəbdən də, bu mövzuda xatırlamanın lazımlı olduğunu düşündük.

Ümumən bir əməli etməzdən əvvəl onun fəzilətlərini oxumaq insanda ona can atmaq duyğusunun güclənməsinə səbəb olan amillərdən biridir. Allah Subhənəhu və Tə’ələ buyurur: «…Həqiqətən Allah səbr edənlərlədir.» (əl-Bəqara 249) Bu ayə üzərində biraz dayanıb təəmmül etmək necə də gözəldir! Bir düşünün, məgər can atdığımız da elə bu deyilmi?! Şübhəsiz ki, əgər Allah səninlə olarsa, sənə heç kəs zərər verə bilməz. Lakin O səninlə olmasa, artıq o zaman sən həqiqi çətinliyə və zəlalətə uğrayacaqsan.

Həmçinin başqa ayədə: «Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir!» (əl-Bəqara 153)

Biz Quranın bir çox yerində Allahın bizə səbr etməyi əmr etdiyini görə bilərik. Bu ayələrə misal olaraq: «Ey iman gətirənlər! Səbr edin, dözümlü olun…» (Əli İmran 200)

Digər ayədə: «Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.» (Əli İmran 186)

Həmçinin: «Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə.» (Ğafir 55)

Əli ibn Əbi Talib (Allah ondan razı olsun) demişdi: «Səbr — büdrəməyən atdır.» 

Səbr — zəfərin açarıdır, necəki İbn Qayyim (Allah ona rəhmət etsin) buyurur: «Səbrin zəfərdəki yeri, başın bədəndəki yeri kimidir. Səbrlə zəfər doğma qardaşdırlar.»

İbn Qayyim (Allah ona rəhmət etsin) həmçinin, buyurur: «İnsanların ən fəzilətlisi və ən üstünü, həm ibadət və itaətin məşəqqətlərinə, həm də qadağalara səbr edənidir. Səbr ən üstün əxlaqlardan biridir.» (İbn Qayyim «Uddətus sabirin və zəxiratuş şəkirin» kitabı)

İnsanlardan «çətinliklərə səbr edirəm» deyən, lakin insanlara şikayətlənməklə bunun əksini edən nə çoxlarını görürük. Tabi`inlərdən birindən səbrin nə olduğu soruşulduqda o, belə buyurur: «Səbr — insanların səni müsibətə düçar olanlar arasında tanımalarıdır!» (İbn Qayyim «Uddətus sabirin və zəxiratuş şəkirin» kitabı)

Bir gün Fudeyl ibn İyadın (Allah ona rəhmət etsin) yanına bir nəfər gələrək ona öz problemlərindən şikayət edir. Fudeyl ibn İyad onu dinlədikdən sonra, belə deyir: «Sənə Rəhm edəndən, sənə rəhm etməyənəmi şikayət edirsən?!»

Çox təəssüf ki, bir çox hallarda biz də ilk öncə Allahdan başqasına üz tuturuq. Halbuki, «…Yardımçı olaraq Allah yetər!» (ən-Nisa 45)

Səbr etmək bizlərə çətin gəldikdə isə, daha böyük çətinliklərə səbr edənləri xatırlamaq və onların səbrlərindən ibrət götürmək lazımdır.

Xatırla! Yusufunu itirən Yaqubu! Xatırla! Xəstəliyə məruz qalan Əyyubu! Xatırla! Ən bariz nümunə olan Muhəmmədi (Allahın ona salavat və salamı olsun)! Bütün qəbiləsi ondan üz çevirdiyi bir vaxtda səbr etdi! Xatırla səhabələri! O səhabələri ki, İslam üçün başları dəmir daraqlarda sümüklərinə qədər darandı və başqa işgəncələrə məruz qaldılar!

Sonda isə öz nəfsimizə və oxuculara xitab edib deyirik: Heç bir zaman unutma ki, başımıza gələn hər bir şey bizlərə qarşı özümüzdən də Rəhmli olan Allahın istəyi ilə gəlir. Elə isə səbr et! Və Uca Allahın bu ayəsini unutma: «Səbr etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir…» (əl-Qasas 54)

Hazırladı: Səma Umm İshaq 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment