İbrət al Məqalələr

Səbirin sonu Cənnətdir…

Cənnət.. bu, o cənnətdir ki, ona yalnız bu dünyada Allaha itaət üzərində səbr edənlər, Allahın haramlarına qarşı səbr edənlər, Allahın qəza və qədərinə, başına gələn müsibətlərə səbr edənlər nail olar. Bu, o cənnətdir ki, hər bir mömin üçün bu dünyanı ona zindan edən cənnətdir. İnsan zindandan azadlığa çıxmağı arzuladığı kimi, mömin də dünya həyatından çıxıb tez bir zamanda cənnətə qovuşmasını böyük bir şövqlə arzulayar, onun üçün azuqə yığıb hazırlıq görər.
Necə ki, Yusuf peyğəmbər dünyadakı zindanı dünya şəhvətlərindən üstün tutmuş, bu şəhvətləri özü üçün ən böyük zindan həyatı hesab edərək belə demişdir: ﴾(Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha sevimlidir.﴿ [Yusuf: 33].

İslamın ilk vaxtlarında, Məkkə dönəmində müsəlmanlara, xüsusən də zəif müsəlmanlara edilən əzab-əziyyətlərə düçar olanlardan biri də Ammar ibn Yasir və onun ailəsi idi. Onlara qarşı bu şiddətin dözülməz dərəcədə artdığı bir vaxtda Allah Rəsulu ﷺ onlara təskinlik üçün bütün ümmətinə ibrət olacaq bu kəlimələri dedi: “Ey Yasirin ailəsi! Səbr edin! Həqiqətən sizin yeriniz cənnətdir”.
Bu sözlərdən sonra onlar təskinlik tapmış, qəlblərinə rahatlıq, sükunət daxil olmuş, qəlbləri cənnət sevgisi ilə dolub daşmış, sevincə qərq olmuşdur.

İllər sonra müsəlmanların mürtədlərə qarşı savaşdığı Yəməmə döyüşündə iştirak etmiş Ammar ibn Yasir Allahın elçisinin ﷺ ona dediyi bu sözləri unutmamışdır. Məhz həmən döyüşdə müsəlmanlardan bəzilərinin döyüş meydanından qaçdığını görən Ammar qayanın üzərinə qalxaraq belə səslənir: “Ey müsəlmanlar! Məgər cənnətdənmi üz çevirirsiniz?! Mən Ammar ibn Yasirəm, mənə tərəf gəlin!”
Cənnəti özü üçün ən ali hədəf seçən Ammar həmən döyüşdə şücaətlə döyüşür və hətta qulaqları kəsilir.

Allah Rəsulunun ﷺ Yasirin ailəsinə verdiyi təskinlik eyni zamanda bu gün bütün müsəlmanlara şamildir.
Elə isə ey Allahın mömin qulu! Cənnəti qazanmaq üçün səbr et! Çünki, həqiqətən cənnəti qazanmaq heç də asan deyildir, yalnız bu yolda səbr edən kimsələrdən başqa..

Hazırladı: Nail Paşayev.