Əqidə Məqalələr

SƏHİH ƏQİDƏ — Rububiyyət tövhidində səhih əqidə (1-ci dərs)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Rububiyyət tövhidində səhih əqidə

Sual 1.
Rububiyyət tövhidində əqidəmiz nədir?

Cavab:
Əhli sünnə vəl-camaat etiqad edir ki, Uca Allah yaratmağında, mülkündə və idarəçiliyində təkdir.

Sual 2.
Buna dəlil nədir?

Cavab:
Uca Allah buyurur: «Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.» (əl-Ə`raf 54)

Həmçinin uca Allah buyurur: «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.» (əş-Şüra 49)

Sual 3.
Müşriklər (Allaha şərik qoşanlar) rububiyyət tövhidində ixtilaf etmişdirlərmi?

Cavab:
Tövhidin bu qismində insanlardan heç kim – istər müsəlman olsun, istər kafir — (dehrilərdən, yəni ateistlərdən başqa –tərc.) ixtilaf etməmişdir.

Necə ki, Uca Allah kafirlər haqqında buyurmuşdur: «Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu (bunu) bilmir.» (Loğman 25)

Sual 4.
Əgər müşriklər rububiyyət tövhidinə iman etmişdirlərsə, bəs nə üçün Allahdan başqa özlərinə ilahlar götürürdülər?

Cavab:
Müşriklər etiqad edirdilər ki, onların ilahları Allah ilə onlar arasında vasitədir. Onları Allah yanında şəfaətçi götürürdülər. Necə ki, uca Allah buyurur: «Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.» (Zumər 3)

Həmçinin Uca Allah buyurur: «O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir.» (Sad 5)

Sual 5.
Əgər rububiyyət tövhidi insanların qəlbində öz yerini tapmışdırsa, bəs nə üçün Allah bunu öz kitabında vurğulamışdır?

Cavab:
Allah rububiyyət tövhidini isbat və təkid üçün qeyd etmiş və bunu ibadət tövhidinin vacibliyinə dəlil etmişdir. Deməli rububiyyət tövhidi Allahdan başqa heç bir şeyə ibadət etməməyi gərəkdirmişdir. Uca Allah buyurur: «Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allahdan) qorxasınız.» (əl-Bəqara 21)

Sual 6.
Rububiyyət tövhidində şirkin batil olmasının ağlı dəlili nədir?

Cavab:
Uca Allah bizə rububiyyət tövhidində şirkin batil olmasını xəbər vermişdir. Əgər belə olsaydı, o zaman göylər və yerlər fəsada uğrayardı.

Uca Allah buyurur: «Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əks təqdirdə hər ilah öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.» (Muminun 91)

Abdullah ibn Muhəmməd Səid Raslənin «SƏHİH ƏQİDƏ» kitabından

Müəllif: Abdullah ibn Muhəmməd Səid Raslən

Tərcümə etdi: Mənsur Cəlilov (Şeyx Raslənin tələbəsi)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment