Məqalələr

Sədəqə verməyin ədəbləri

«Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.» (Hədid 18)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şübhəsiz ki, İslam dinində ən xeyirli əməllərdən biri də sədəqə vermək hesab olunur. İstər Uca Allah, istərsə də Onun Rəsulu (Allahın ona salavat və salamı olsun) dəfələrlə bu gözəl ibadət növünün fəzilətinə toxunmuş, möminləri bu savablı əmələ təşviq edilmişdir.

«Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.» (Hədid 18)

«Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.» (Bəqərə 261)

«Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab) yazılmamış olsun!» (Tövbə 121)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Hər kəs (qiyamət günü) insanlar üzərində məhkəmə bitənəcən öz sədəqəsinin kölgəsində olacaqdır.» (Hakim, İbn Hibbən)

Lakin müsəlman unutmamalıdır ki, ibadətin edilməsi, hələ onun Uca Allah tərəfindən qəbul edilməsi demək deyil. Əməlin Allah tərəfindən qəbul edilməsi üçün bir sıra şərt və ədəblərə riayət etmək labüddür.

1. İxlas

Xeyir əməllərdə sırf Allahın razılığını qazanmaq niyyəti ibadətin qəbul olunmasının başlıca şərtidir:
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Əməllər ancaq niyyətlərə görədir və hər bir kimsə üçün ancaq niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti Allah və Rəsulu üçündürsə, onun hicrəti Allah və Rəsulu üçündür. Hər kimin hicrəti əldə edəcəyi bir dünyalıq (mal-dövlət) və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə üçün hicrət etmiş isə elə onun üçündür!» (Buxari)

Zahirən sadə görünsə də, bu, əməl baxımından elə bir şərtdir ki, əgər onun içərisinə damla qədər də Allah razılığından başqa niyyət-riya, dünya mənfəəti və s. düşərsə, hətta dağlar qədər sədəqəni də məhv edər, Allah qatında heç bir dəyəri olmaz.
Elə isə nəfsimizi və möminləri qəlblərimizi araşdırmağa, niyyətləri düzəltməyə və Allahdan müvəffəqiyyət diləməyi nəsihət edirirk.Amin!

Məhz bu səbəbdən Uca Allah riya və göstərişdən xali olaraq yüksək məqama nail olanların halını vəsf edərək buyurur: «(və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! «» (İnsan 10)

2. Sədəqənin halal maldan olması

Haram olan (spirtli içki, donuz əti və s.) yaxud qadağan edilmiş əməl səbəbilə haramlaşmış şeydən (başqasına mənsub olan yaxud oğurluq mal və s.) sədəqə vermək batildir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Həqiqətən Allah Pak və Müqəddəsdir və pak olandan başqasını qəbul etmir. Və möminlərə də Öz rəsullarını çağırdığını buyurmuşdur. «Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!» (Bəqərə 172). Daha sonra isə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) davam edərək üzü toz-torpaqla örtülmüş, saçları dağınıq, uzun müddətdir səfərdə olan adamın «Ya Rəbb! Ya Rəbb!» deyə hayqırışlarının Allah tərəfindən qəbul edilməməsinin səbəbini açıqlayaraq demişdir: “Onun yediyi də, geydiyi də, istifadə etdiyi də qadağan olunan yolla olduğu üçün.”» (Muslim)

Hafiz İbn Rəcəb (Allah ona rəhmət etsin) hədisin şərhində haram olan şeylərin əməlin Allah qatında qəbul edilməsinin qaşısını aldığını bildirmişdir. («Cəmiul Ulumi vəl Hikəm» 187)

3. Müvvəffəq etməsi üçün Allahdan kömək diləmək. Bilmək gərəkdir ki, insanı xeyirə nail edən onun Rəbbidir

«Sənə gələn yaxşılıq Allahdandır…» (Nisə 79)

Rəbbini hər əməlində xatırlayan bəndəni Allah da tərk etməz, onu zəlalətə düşməkdən qoruyar, əməllərini asanlaşdırar və bərəkət verər. Xeyirə ancaq özünün sayəsində müvəffəq olduğunu düşünən kəsin canını isə təkəbür bürüyər və islaha yönəlməzsə, əvvəl-axır Fironun düşdüyü zəlalət yarğanına yuvarlanar. Bu səbəbdəndir ki, İbrahim və İsmayıl (hər ikisinə Allahın salamı olsun) Kəbə evini ucaltmaq kimi fəzilətli bir işdə belə Allahdan kömək və müvəffəqiyyət diləmiş, Allah da onları möminlərə nümunə olaraq, Öz Kitabında zikr etmişdir: «O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): “Ey Rəbbimiz! (bunu )bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!» (Bəqərə 127)

Eləcə də Süleyman (Allahın ona salamı olsun) yaxşı əməllərə müvəffəq olmaq üçün ALlaha belə dua etmişdir: «Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!» (Nəml 19)

4. Malın ən yaxşı hissəsindən sədəqə vermək

Sədəqənin insanın əlində olan ən yaxşı maldan verilməsi müstəhəb əməldir.
Bununla belə,sədəqəsinin həqiqətən Qiyamət Günü bir çəkisi olmasına ümid edən hər bir müsəlman bu məsələyə olduqca diqqətli yanaşmalı, etinasızlıq etməməlidir. Bəzən insanların xəsislik yaxud evindəki lazımsız artıq əşyalardan yaxa qurtarmaq üçün ianə toplayışlarında iştirakını və bununla da özünü sədəqə verənlərdən hesab etdiyini görmək mümkündür. Bu, niyyətdəki qüsurlardan xəbər verir. Qiyamət Günü hesabından üzüağ çıxmağa ümid edən kəsin özünü islah etməyə çalışması isə labüddür. Sədəqə verməyin həqiqi mahiyyətini dərk edən müsəlman məsələyə sadə məişət prizmasından yox, Axirət hesabı pəncərəsindən baxacaqdır. Bu səbəbdəndir ki, Uca Allah məsləyə Qurani Kərimdən dəfələrlə toxunmuşdur: «Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir.» (Bəqərə 267), «Onlar özlərinin sevdikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər.» (İnsan 8)

Lakin bu könüllü əməllərdən olduğundan, digərlərindən bu cür davranışı tələb etməsi düzgün deyil, sadəcə özünə şamil edə bilər.

5. Gizli sədəqə

İbrət üçün və d. əsaslı səbəblər istisna olmaqla, sədəqənin gizli verilməsi, riyanın, göstərişin, və d. günahların qarşısını almaq, habelə yoxsulların izzəti-nəfsinin yaralanmaması baxımından daha xeyirlidir. Ona görə də Allah və Rəsulu (Allahın ona salavat və salamı olsun) sədəqənin gizli verilməsinə səsləmişlər: «Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!» (Bəqərə 271)

Rəsulullah (Allahın ona salavat və salamı olsun): «Həqiqətən gizli sədəqə Allahın qəzəbini söndürür.» (Təbərani)

6. Sədəqə istəyənin halını araşdırmaq

Bu, bir neçə baxımdan vacib məslədir. Çox vaxt ehtiyacları bu yolla ödəmək daha asan başa gəldiyindən insanları digərlərindən yerli-yersiz nəsə istəməyə vərdiş edən görərsən. Sədəqə verən kəs ehtiyaclının halını araşdırmadan etdiyi yardımla, onu əziyyət çəkmədən insanlardan istəməklə dolanmağına vasitə olur. Bu isə onun xeyrinə yox, ziyanınadır. Belə ki, AbduLLah ibn Ömərdən (Allah ondan da, atasından da razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Bir kəs insanlardan o qədər istəyəcək ki, (nəticədə) Qiyamət Günü üzündə bircə parça da ət olmadan gələcək.» (Buxari)

Odur ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) yanına ehtiyaclarını ödəmək üçün gələn insanlara heç də həmişə istədiyini verməz, bəzən sədəqə ilə yardım edr, bəzənsə hallarına müvafiq tədbirlər görərdi. Belə ki, ənsarlardan biri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) biri (ehtiyacı üçün) onun yanına gəldikdə, ona sədəqə vermək əvəzinə evindəkində olan əşyalardan bir neçəsini satmağına kömək etmiş, əldə etdiyi gəlirin yarısına ailəsinə yemək almasını, qalan hissəsinə isə balta alaraq, odun yarıb satmağa təşviq etmişdir. (İmam Əhməd, Tirmizi)

Eləcə də ehtiyaclı insanların araşdırılması,iffətindən möhtac olduğunu deyə bilməyən kəslərin tanınması üçün də faydalıdır: «(Sədəqə)Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.» (Bəqərə 273)

Habelə günümüzdə fırıldaqçıların ianə toplayışı adı altında insanların ən qiymətli hisslərindən istifadə edərək mallarını mənimsəmələrinin qarşısını almaq üçün də sədəqə verməyə can atmazdan öncə bir qədər təmkinli olub ifrata varmadan məsələni hikmətli şəkildə araşdırmaq daha hikmətlidir.

7. Fəqiri və miskini alçaltmamaq

Müsəlman sədəqə verərkən qarşısındakı ehtiyaclı kəsin d qəlbini qırmamağa çalışmalıdır ki, əməli Allah qatında yüksək dəyərə malik olsun. Lakin bəzən birbaşa, bəzən də dolayı yolla bunun edildiyinin şahidi oluruq.

Yaxşılığın başa qaxılması, minnət edilməsi, eləcə də kasıb və miskinin ehtiyacı səbəbilə sözlərlə, davranışlarla alçaldılması həqiqi möminin xislətlərindən deyil, ola bilməz: «Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir. Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.» (Bəqərə 262-264)

Eləcə də Əbu Zər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: «Allah Qiyamət günü üç şəxsi danışdırmaz, onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı əzab var.» Rəsulullah (Allahın ona salavat və salamı olsun) bunu üç dəfə təkrar etdi. Əbu Zər dedi: “Onlar ziyana və uğursuzluğa uğradılar. Kimlərdir onlar, ya rəsulullah?” Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurdu: «Təkəbbürlüklə paltarını uzadanlar, minnət qoyanlar və malını yalandan and içərək satanlar.» (Muslim)

Dolayı yolla miskinin könlünü qırmaq isə adətən verilən ianənin keyfiyyəti və s. ilə bağlı məsələlərdə öz əksini tapır. Sədəqə edilən yemək, geyim və digər əşyaların təmizliyinə, səliqəsinə, sınıq və cırıq yerlərinin bərpa edilməsinə diqqət yetirmək istər Allah qatında sədəqənin dərəcəsini ucaldır, istərsə də kasıb müsəlmanın könlünün sınmasının qarşısını alır. Müsəlmanlar arasındakı məhz belə həssas münasibət həqiqi imanın nişanəsidir: «Həqiqətən, möminlər qardaşdırlar.» (əl-Hucurat 10)

Müsəlman unutmamalıdır ki, bir gün özü də kasıbçılıqla imtahan oluna və sədəqəyə ehtiyacı ola bilər. Ona görə də özünə rəva bilməyəcəyi davranışı müsəlman qardaş və bacılarına da göstərməkdən həzər etməlidir.

Eləcə də Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurur: «Özünə istəyini qardaşına da istəməyincə sizdən heç kəs həqiqi iman sahibi ola bilməz.» (Riyadus-Salihin)

Təsadüfi deyil ki, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) «Elə bir kimsə yoxdur ki, halal bir şeydən sədəqə vermiş olsun və Allah onu sağ əli ilə alıb qəbul etsin. Kim öz halal qazancından bir xurma dəyərində sədəqə verərsə, uca Allah bunu sağ əli ilə qəbul edib, sizin öz dayçanızı böyüdüb dağ boyda etdiyiniz kimi, O da həmin malı sədəqə sahibi üçün o qədər bərəkətləndirər. Heç şübhəsiz, Allah yalnız halalı qəbul edir.» (Buxari, Müslim, Tirmizi, Nəsai) sözlərini eşidən və düzgün fəhm edən səhabələrdən bəziləri pullarını gözəl qoxularla ətirləyib sonra sədəqə verərdilər ki, Öz Rəbblərinə əməllərini ən gözəl şəkildə təqdim etsinlər.

8. Allaha həmd səna etmək

Sədəqə vermək kimi gözəl, şərəfli əmələ nail etdiyi üçün daim Allaha şükr etmək, bu əməlin bərəkətini və davamiyyətinni və mükafatını artıracaqdır. Uca Allah buyurur: «Allah şükür edənləri mükafatlandırar.» (Əli-İmran 144)

«O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.”» (İbrahim 7)

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha