Aktual

Şaban ayı

 

Şaban ayı müqəddəs Ramazan ayına bir növ hazırlıq ayıdır. Bu ayda xeyir əməllər etməyimiz bizi ondan sonrakı aya hazırlayır. Günah əməllərdən çəkinməyimiz isə təqvamızı artırır, beləcə Ramazan ayının ibadətləri bizə ağır gəlmir. Gecələri oyaq qalmaq, daha çox namaz qılmaq, hər gün uzun vaxt ərzində susuzluq və aclığa dözə bilmək, uzun namazlarda ayaq üstə durmaq və digər bu kimi əməlləri etmək əksinə zövq verir. Həmçinin Ramazn ayında daha çox Quran oxumaq üçün bu ayda Quranla olan münasibətimizi sıxlaşdırmalıyıq. Əgər Quran oxumağı bacarmırıqsa, lap elə bu gündən öyrənməyə başlayaq. Ramazan-Quran ayında əlimizə Quran alıb oxuya bilmək üçün.

Şaban ayında oruc əməlinin artırılması Ramazanda hər gün davamlı oruc tutmağın nəfsimizə çətin gəlməməsinə səbəbdir.  Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) yəqinliklə sabit olmuşdu ki, o Şaban ayının çox hissəsini orucla keçirərdi. Necəki Aişə anamız (Allah ondan razı olsun) buyurur: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Şaban ayının az bir hissəsi istisna olmaqla, hamısını oruc tutardı.”  Bununla yanaşı Aişə və Ummu Sələmədən (Allah hər ikisindən razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Şaban ayının hamısını orucla keçirərdi. Hətta Ramazanla birləşdirənə qədər. Bu ayda özümüzü sanki pak bir evə daxil olmaq üçün qapının astanasında dayanmış kimi hiss etməliyik. Qapı açılan kimi öz savablarımız, ibadətlərimiz, nəfsinə qalib gəlmiş təmiz ruhumuzla hamıdan öndə daxil ola bilək deyə. Yəni Ramazan ayına əməli, qəlbi , hazır halda daxil olaq deyə.

Əgər Şaban ayında əmllərimizi artırarıqsa buna davam edə bilmək, həmçinin növbəti Ramazana qədər də sabit qalmaq üçün Həvəsin olması lazımdır. Həvəs yalnız dünya ilə bağlı olan nəfsi istəklərə aid deyildir. Dünya işlərində öz bildiyin işin qulpundan yapışmaq, etdiyin işi sevmək, yorulmadan davamlı işləyib həvəsdən düşməmək mühüm olduğu kimi, Axirəti qazanmaq üçün edilən işlərdə də hökmən həvəs göstərmək lazımdır. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü hər bir işə həvəslə yanaşar və səhabələrini də belə tərbiyə edərdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara deyərdi: “Öhdəsindən gəldiyiniz əməllərlə özünüzü mükəlləf edin”. Buxari

Başqa hədisdə buyurur: ”Sənə fayda verən şeylərə həris ol, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, əgər belə-belə etsəydim… (belə olardı)! De ki: “Qadərullahi va mə şəə fəalə” (Bu, Allahın qədəridir. O nəyi istədi, onu da etdi. “Əgər” sözü Şeytan əməli üçün yol açır.” (Muslim)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  buyurur: “Qiyamət qopsa belə sizlərdən birinin əlində əkin varsa tam bitirməyi bacarırsa tam bitirib sonra dursun” , Əhməd.

Bütün peyğəmbərlərin həyatını oxuduqda onların öz vəzifələrində necə həvəsli olduqlarını görmək mümkündür. Necə ki, Musa (Allahın ona salamı olsun) 950 il Allah yoluna dəvət etdi. Gecə-gündüz, aşkarda və gizlidə Allahın yoluna dəvətdə qövmündən nankorluqlar gördü, iradəsi və əzmi bitmədi ki bitmədi.

Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun)  ən çox hədis rəvayət edən səhabəyə fikir verək. Əbu Hureyrəyə (Allah ondan razı olsun) həyatını, cavanlığını hədis öyrənməyə sərf etmişdir. O, (Allah ondan razı olsun) deyirdi: Siz deyirsiniz ki, Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) çoxlu hədislər danışır. Muhacir və ənsarlar heç bu qədər danışmır. Mənim mühacir və ənsar qardaşlarım bazarda dolanışıqları üçün məşğul idilər. Mən isə bir qarın yeməklə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həmişə yanında olurdum. Onlar unutduqda mən əzbərləyirdim. Qardaşlarım malları, ailələri ilə məşğul olurdular mən isə suffə əhlindən olan miskinlərdən idim. (Buxari, Muslim)

Alimlərdən olan İmam Tabari (Allah ona rəhmət etsin) 40 il hər gün 40 səhifə kitab yazardı. İmam İbn Aqil deyir: “Mən vaxtımdan bir anı belə boş keçirmirəm. Dilim ilə zikr etmədikdə, gözlərim ilə kitab oxumadığım vaxtlarda yəni istirahət etdiyim hallarda özlüyümdə elm barədə fikirləşirdim”. İbn Məsud (Allah ondan razı olsun) deyirdi: «Bilsəm ki, kimsə məndən çox İslam elmi, Quran barədə bilir,  onu tapmaq mümkündürsə gedib hökmən tapardım».  İman Buxari (Allah ona rəhmət etsin) gecə yatdıqda belə təxminən iyirmi dəfə yuxudan qalxar, lampanı yandırar ağlına gələn faydanı yazar sonra lampanı söndürüb  yatardı.  Alimlərdən olan Yəhyə ibn Mainin atası ona bir milyon dirhəm miras qoyur, o isə hamısını hədisləri yığmaq yolunda xərcləyir, hətta ayaqqabı almağa belə pulu qalmır.

Həsən ibn Əli (Allah ondan razı olsun) demişdir: “Kim ki səninlə Axirət üçün yarışarsa onunla yarış. Kim ki səninlə dünya işlərində yarışarsa onu tərk elə getsin”.

Peyğəmbər (Allahın ona salavat və salaımı olsun) demişdir: “Kimin ki, himməsi (hərisliyi) dünya olarsa Allah Təala onun kasıbçılığını iki gözünün arasında edər. Dünyadan da ona ancaq Allahın yazdığı qədər gələr. Kimin ki, niyyəti Axirət olarsa Allah Təala onun varlılığını qəlbində edər və dünya da ona ram olaraq gələr”. Tirmizi İbn Məca. Albani səhih.

Yəməmə döyüşü günü ənsarlardan olan Əbu Uqeyl (Allah ondan razı olsun) ilk yaralananlardan olur. Onu oxla çiynindən vururlar. Oxu çıxararaq vuruşmağa davam edir. Sonra onu arxaya aparırlar. Birinci müsəlmanlar məğlub olmağa başlayırlar. Bu zaman Maan ibn Adiy (Allah ondan razı olsun) “Allah üçün Allah üçün  ey ansarlar vuruşun!”deyə səslənir. Bu zaman Əbu Uqeyl (Allah ondan razı olsun) yerindən qalxıb ənsarların yanına getmək istəyir. İbn Ömər ona deyir: “Sən hara? Sən vuruşacaq halda deyilsən!”. Əbu Uqeyl (Allah ondan razı olsun): “Eşitmədinmi onlar məni adımla çağırırlar”, deyir. İbn Ömər : “Səni çağırmadılar ənsarları çağırdılar”, söylədikdə, Əbu Uqeyl (Allah ondan razı olsun) deyir: “Məndə ənsarlardanam. Sürünə -sürünə də olsa çağırışa cavab verəcəyəm”. İbn Ömər deyir : “Döyüş başladı. Səflər bir- birinə qarışdı. Əbu Uqeylə (Allah ondan razı olsun) baxdım. Yaralanan qolunu çiynindən kəsdilər. Və o yerə yıxıldı. Əbu Uqeyl (Allah ondan razı olsun) 14 yerindən ağır, ölümcül yaralandı. Allahın düşməni Museyləmə öldürüldü. Əbu Uqeylin (Allah ondan razı olsun) yanına gəldim, demək olar ki, həyatı bitmişdi. Dedim: “Ey Əbu Uqeyl(Allah ondan razı olsun)!”. Mənə səsi çıxmasa da dodağının hərəkəti ilə cavab verdi. Dedim: ”Səni müjdələyim? Allahın düşmənin məhv elədik!” Əbu Uqeyl (Allah ondan razı olsun) barmağını səmaya qaldıraraq Allaha həmd etdi və şəhid oldu. İbn Ömər (Allah ondan razı olsun) dedi: “Ömərə (Allah ondan razı olsun) gəlib xəbər verdiyimdə O “Allah Əbu Uqeylə (Allah ondan razı olsun)  rəhmət etsin. O qədər şəhid olmağı istəyirdi ki, axır ona nail oldu”söylədi.

Bizlərə nümunə olan səhabələr belə idilər. Bir şeyi istədikdə sonuna qədər həm dualarında, həm əməllərində buna nail olmağa çalışardılar. Gəlin bizlər həvəslə, hərisliklə Şaban ayını yaşayıb, tamamlayıb, Ramazan ayına daxil olmağa çalışaq.

Müəllif: FEQİHCOM heyəti