Məqalələr Müxtəlif

Ruzi

Ruzi xüsusunda insan iki haldan birində olur:

Bəzən Allah onu zəngin edir: ona çoxlu mal-dövlət, oğul-uşaq, həyat yoldaşı, qəsrlər, minik vasitələri, şan-şöhrət və zənginliyə aid olan başqa bu kimi nemətlər əta edir. İnsan özünü bu vəziyyətdə görüncə, – Allah qorusun – həddini aşır, təkəbbürlük göstərir və Allaha ibadət etməyi özünə ar bilir. Bu xüsusda uca Allah belə buyurur: “Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün Rəbbinədir!”(əl-Ələq, 6-8.) Yəni, nə qədər zəngin olursan ol və nə qədər yüksəlirsən yüksəl, sonda dönüşün Allahadır.
Yaxud əksinə: “hər şeyi unutduran kasıblıq.” Kasıblıq, əldəki malın az olmasıdır. Yəni, insanın əlində mal-dövlətin olmamasıdır. Kasıblıq, insanın bir çox işləri unutmasına səbəb olur. Çünki ruzi qazanmaqla məşğul olduğundan dolayı, özünə aid olan bir çox mühüm işləri görməyi unudur. Bu, müşahidə olunan bir şeydir. Odur ki, insan, bu iki hala düşməsindən qorxmalıdır: azğınlığa sürükləyən zənginlikdən və hər şeyi unutduran kasıblıqdan. Əgər Allah insana zənginlik bəxş etdiyi zaman o həddini aşmazsa və ya onu kasıb etdikdə xeyirli işləri unutmazsa, habelə, belə olduğu təqdirdə orta yol tutar, ibadətlərini doğru-düzgün yerinə yetirər və doğru yolda olarsa, əsl dünya xoşbəxtliyinə çatar. Dünya xoşbəxtliyi çoxlu mal-dövlətə sahib olmaq deyildir. Çünki belə olduğu halda insan yolunu aza bilər. Odur ki, uca Allahın bu ayəsi barəsində yaxşı-yaxşı düşünün: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (ən-Nəhl, 97.) Uca Allah bu ayədə demir ki, mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, bol-bol mal dövlət verəcək və onu bolluq içində yaşadacağıq. Əksinə, “ona gözəl həyat bəxş edəcəyik” buyurur. Yəni bu gözəl həyatı ona çox, yaxud da az mal-dövlət sayəsiyndə bəxş edəcəyik.

(Şeyx İbn Useymin, Ridadus salihin kitabının şərhi)