Ramazan ayı

Ramazanı haqqı ilə dəyərləndir

Aləmlərin Rəbbi olan Allaha həmd və sənalar olsun. Peyğəmbəri Muhəmmədə, onun ailəsinə, əshabına və onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun.

Artıq mübarək ramazan ayının ilk günlərindəyik. Bu ayda Allah bizlərə oruc tutmağı əmr edib. Özünə müsəlman və iman əhli deyən hər bir kəs Allahın əmrinə icabət edib oruc tutmalıdır. Allah Subhənəhu və Təalə belə deyib:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə təqvalı olasınız.» [Bəqərə surəsi, ayə 183].

Deməli ramazan orucu bizlərə təqvalı olmağı öyrədir. Təqva da Allahın vacib etdiyi əməlləri yerinə yetirib, qadağan etdiklərindən çəkinməkdir. Ona görə də oruc tutmaq təkcə yeməyi, içməyi və şəhvəti tərk etmək deyil. Sənin əzaların da oruc tutmalıdır. Sənin gözün, qulağın, dilin də oruc tutmalıdır. Gözün orucu haram olana baxmaması, qulağın orucu haram olanı eşitməməsi, dilin orucu haram olanı danışmamasıdır. Əgər sənin orucun bu şəkildə olmazsa, o zaman bil ki, Allah sənin belə oruc tutmağını istəmir. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Kim yalan sözü, ona əməl etməyi və günah iş görməyi tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur.»¹

Həmçinin ramazan ayı təkcə oruc tutmaqdan ibarət deyil. Bu ayda Quran oxumaq da ən fəzilətli və gərəkli olan əməllərdən sayılır. Çünki Allah Təalə Quranı bu ayda nazil edib. Allah Subhənəhu va Təalə belə deyib:

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ

«İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir.» [Bəqərə surəsi, ayə 185].

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ

«Biz onu mübarək bir gecədə nazil etdik.» [Duxan surəsi, ayə 3].

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

«Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!» [Qədr surəsi, ayə 1].

Buna görə də hər bir müsəlman bu ayda Quranı ən azından bir dəfə də olsa xətm eləməlidir. Mənasını başa düşmək üçün də tərcümələrə müraciət etmək yaxşı olardı.

Həmçinin ramazan ayında müstəhəb və fəzilətli əməllərdən biri də təravih namazlarıdır. Bu namazın vaxtı işa namazından sübh namazına qədərdir. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Kim ramazan ayının gecələrini imanla və savabını Allahdan umaraq qiyamda, namaz qılmaqla keçirərsə, keçmiş günahları bağışlanar.»²

Yaxşı olar ki, bu namaz məscidlərdə camaatla qılınsın. Çünki bir kişinin məsciddə camaatla qıldığı namaz evində tək qıldığı namazdan daha çox savabdır.

Dəyərli müsəlman, Allah sənə bu ayda bağışlanma fürsəti verib. Bu fürsəti əldən vermə. Əgər bu ayda da təmizlənməsən, Allaha yaxınlaşmasan, Allahın sənə əmr etdiklərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməsən, özünü islah edib həqiqi möminlərdən olmayacaqsansa, bəs o zaman nə vaxt olacaqsan?! Məgər Allahın bağışlanan qullarından olmaq istəmirsən?

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Kim imanla və savabını Allahdan umaraq ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.»³

Məgər qiyamət günü cənnətin Rəyyan qapısından daxil olmaq istəmirsən? Bilirsənmi Rəyyan qapısı nədir? Bu qapıdan ancaq oruc tutanlar daxil olacaq.

Səhl ibn Sə’dən rəvayət olunan hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Cənnətdə bir qapı vardır, ona Rəyyan deyilir. Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqdır. Onlardan başqa heç kim bu qapıdan daxil olmayacaq. (O gün) «oruc tutanlar haradadır» — deyiləcək? (Oruc tutanlar) ayağa qalxacaqlar və onlardan başqa heç kəs o qapıdan daxil olmayacaq. Daxil olduqdan sonra qapı bağlanacaq və heç kəs (bu qapıdan) daxil ola bilməyəcək.»

Dəyərli müsəlman, özünü bu xeyirlərdən məhrum etmə. Bu ay xeyir və bərəkət ayıdır. Kim bu xeyirlərdən məhrum olarsa, artıq məhrum olmuş sayılar.

Allahdan istəyirəm ki, bizi bu ayda bağışlanan qullardan, bu ayı layiqincə keçirənlərdən və bu ayın xeyir və bərəkətinə nail olanlardan etsin.

و صلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه أجمعين.

 

Məqalənin müəllifi

Mədinə şəhəri Beynəlxalq İslam Universitetin  məzunu

Vüqar Qurbanov

_________

 

[1] Səhih əl-Buxari, 6057. Musnəd Əhməd, 9839.

[2] Səhih əl-Buxari, 37. Səhih Muslim, 759.

[3] Səhih əl-Buxari, 38. Səhih Muslim, 760.

[4] Səhih əl-Buxari, 1896. Səhih Muslim, 1152.