Məqalələr Ramazan ayı

Ramazandan sonra…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şəkk yoxdur ki, Ramazanı oruc tutub, bu ayın gecələrini qiyamda keçirən hər bir müsəlman ümid edir ki, orucu və qiyamı düzgün və məqbul olsun, göstərdiyi səy mükafatlandırılsın. Allaha da dua edib yalvarır ki, bu istəkləri onun üçün həyata keçsin, tamamlansın. Buna da işarə edən əlamətlər, dəlillər var ki, bunlardan da:

insanın nəfsinin əvvəlki halı ilə müqayisədə Ramazandan sonra xeyirdə, düz yolda, itaətdə daha da yaxşı olması,

insanın nəfsinin rəğbətlə ibadətlərə yönəlməsi,

fərzlərə və vacibatlara fikir verməsi, fərz namazlarını camaatla məscidlərdə əda etməsi,

yaxşı işləri sevib, ona əməl edib, ona əmr etməsi,

münkər əməllərə nifrət edib, ondan çəkinməsi və çəkindirməsi.

Amma kimin ki, halı əvvəlki kimi və ya daha pis olarsa, azğınlıq və zəlalət içində olarsa, vacibatlara qarşı tənbəl olub onları zay edərsə, haramlar içinə qərq olarsa, demək ki, bu zərərin və ziyana uğramasının əlamətləridir. Çünki o, itaət mövsümündə boş vaxtlarından istifadə etmədi, bəxşişlər mövsümündə hədiyyələrə tərəf yönəlmədi, Allahdan məğfirət diləmədi, məğfirət və razılıq ayında bağışlanması üçün səbəblərdən istifadə etmədi. Xəsarəti müsibəti necə də böyükdür! Aqibəti və cəzası necədə qorxuludur!

Həqiqətən mübarək Ramazan ayı itaətə öyrəşmək, ibadətləri artırmaq və xeyirli əməllər də yarışmaq baxımından əzəmətli bir mövsümündür. Buna görə də bu mübarək ay çıxdıqdan sonra ibadətdən geri qalmaq bir müsəlman üçün çox pis qəbahətdir. Bunun misalı Allahı və ona ibadəti ancaq Ramazanda tanıyan bəzi insanların halı kimidir. Belələrinə də belə deyirlər: Ey Ramazanda Rəbbini tanıyıb ona ibadət edən, ona itaət edən, ondan qorxub ona ümid edən kimsə, necə Ramazandan sonra Rəbbini unuda bildin! Ey Ramazanda Rəbbinin sənə beş namazı məscidlərdə qılmağı vacib etdiyini bilən kimsə, Ramazandan sonra necə onu məscidlərdə əda etməkdən cahil oldun, və ya qafil oldun! Ey Ramazanda Rəbbinin sənə asilikləri haram etdiyini bilən kimsə, Ramazandan sonra necə oldu ki, bunu unuda bildin! Ey Ramazanda önündə cənnətin və cəhənnəmin, savabın və cəzanın olduğunu bilən kimsə, necə Ramazandan sonra bundan qafil oldun! Ey Ramazanda məscidləri dolduranlar, Quran oxuyanlar necə oldu ki, Ramazandan sonra məscidləri boş qoydunuz, Quranı da tərk etdiniz! Ona görə də bəzi sələflər belələrinin halı haqqında soruşulduqda belə deyərdilər: «Rəbbini ancaq Ramazanda tanıyanlar necə də pis bir qövmdür!»

Şübhəsiz ki, ayların Rəbbi birdir. Ramazanın Rəbbi Şəvvalın, Şabanın və digər ayların da Rəbbidir. Ona görə də müsəlmana vacibdir ki, hər bir vaxtda və anda Allaha ibadət edib, asilikdən uzaq dursun. Necə ki, Allah Təalə buyurur: «Sənə ölüm gələnədək Rəbbinə ibadət et.» (əl-Hicr 99) Yəni, sənə ölüm gələnə qədər və ömrün bu həyatda bitənə qədər Allaha ibadətdə və Ona tövbə etməkdə davamiyyətli ol. Çünki insan həyatı Allahın mülküdür. Allah da istəyir ki, qulu başqa şeylə deyil, Ona itaət və ibadət etməklə ömür sürsün. Allah Təalə buyurur: «De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!». (əl-Ən`əm 162)

Kim ki, vaxtını, gününü, cavanlığını, ağlını, fikrini, qəlbini, dilini və başqa əzalarını Allahın ona əmr etmədiyi və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ona buyurmadığı vacib və müstəhəb əməllərlə, mübahı niyyət edib Allaha yaxınlaşmaqla və başqa şeylərlə məşğul edərsə, öz nəfsinə pislik etmiş, böyük zülm etmiş olur.

Səhlənkarlığı və bunları zay etdiyi miqdarında Qiyamət günü onun üçün peşmançılıq və həsrət vardır. Kim bir şeyi qoruyarsa, ona davamiyyətli olarsa, onun üzərinə ölər, onun üzərinə dirilər. Bu da Allahın məxluqatı üzərindəki sünnətidir. Buna görə də Allah Təalə öz qullarından və övliyalarından ölənə qədər islam üzərində olmağı, islam əhkamları və şüarları üzərində davamiyyətli olmağı tələb etmişdir. Allah Təalə buyurur: «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq müsəlman olduğunuz halda ölün!» (Əli İmran,102). İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində buyurur: «Yəni sağlam və salamat olduğunuz halda islamı qoruyun ki, onun üzərinə öləsiz. Kərim olan Allah adəti üzrə kim necə yaşayıbsa, Öz kərimliyi ilə o cür ölməyi ona nəsib edər. Kim ki, nəyin üzərinə ölərsə, o cür də dirilər. Bunun əksindən Allaha sığınırıq.»

İmam Əhməd, Tirmizi, ibn Macə və başqaları Mücahiddən (Allah ona rəhmət eləsin) rəvayət edirlər ki, insanlar Kəbəni təvaf etdikləri zaman ibn Abbas da əsası yanında oturmuşdu və belə buyurdu: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq müsəlman olduğunuz halda ölün!» ayəsini oxuduqdan sonra belə buyurdu: «Əgər Zəqqumdan (Cəhənnəmdə ağacdı) bir damla yerə düşsəydi, yer əhlinin yaşayışını korlayardı. Görün Zəqqumdan başqa yeyəcəkləri olmayanların halı necədir?!» (İmam Əhməd «Musnəd (2735), Sünən ət-Tirmizi (2585), Sunən ibn Macə (4325). Ləfz İmam Əhmədin “Musnəd”indəndir)

Buna görə də bu dünyada salamatçılıq və xoşbəxtlik, əmin və amanlıq ancaq bu dindən bərk yapışmaqla, bu dinin bütün təlimlərinə, şəri əhkamlarına əməl etməklə olur. Əksinə insanın dünyasının islahı dininin islahına bağlıdır. Buna görə də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə dua edərdi: «Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et! Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et.» (Səhih Muslim 6903)

Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hilalı gördüyü zaman əmin amanlıq, iman, salamatlıq və islam arasındakı əlaqə və bağlılığa diqqət olunsun deyə yeni ayını bu dua ilə açardı: «Allahım! Təzə ayı bizim üçün xoşbəxtlik, iman, salamatlıq və islam üzərinə çıxart. Mənim də sənin də Rəbbin Allahdır.» (Sunən ət-Tirmizi 3451). Sanki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bunu demək istəyir ki, əgər insan yeni girdiyi ayında və qalan həyatında əmin və sağlam yaşamaq istəyirsə, dinindən bərk yapışsın və iman üzərində yaşasın. Şübhəsiz ki, kim Allaha iman gətirərsə, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil olan şəriətə tabe olarsa, bunları şirk, küfr, bidət və asiliklərlə bulaşdırmazsa, Allah ona bu dünyada və qiyamət günü əmin amanlıq, salamatlıq və hidayəti üçün zamin durar. Allah Təalə buyurur: «İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.» (əl-Ən`əm 82). Həmçinin Allah Təalə buyurur: «Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”. İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?» (Fussılət, 30-33) Yenə Allah Təalə buyurur: «Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.» (əl-Əhqaf 13-14)

Muslim Abdullah ibn Amrdan (Allah hər ikisindən razı olsun) belə rəvayət edir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Kim oddan uzaqlaşdırılmağını və cənnətə girməyini istəyirsə, qoy Allaha və axirət gününə iman gətirdiyi halda əcəl onu yaxalasın və özü ilə necə rəftar olunmasını istəyirsə, insanlarla da o cür rəftar etsin.» (Səhih Muslum 4776).

Allahdan istəyirəm ki, bizi islam üzərinə yaşatsın, iman üzərində öldürsün, Ona qovuşana qədər hidayət və haqq üzərində sabit etsin! Amin!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Vüqar Qurbanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

 

Leave a Comment