Aktual Müxtəlif Müxtəlif xütbələr Oruc Ramazan ayı

Ramazan gözləyənlərdənik, yoxsa???

Ramazan ayını qarşılamaq, onu yaşamaq baxımından insanları iki qismə ayırmaq olar.

Birinci qism o insanlardır ki, Ramazan ayının necə gəlib getdiyindən xəbərsiz olarlar və bu ayı da digər ayların sırasına salarlar. Bu o kəslərdir ki, Uca Allah onları Öz kitabında qəlbləri möhürlənmiş adlandırır:

“Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir…” (əl-Bəqərə,7)

Halbuki, il ərzində 12 aydan 11-ni Allahın verdiyi nemətlər sayəsində səhər axşam yeyən bu kəslər bir ay Allah üçün bu nemətləri tərk etməklə həm yedikləri nemətlərin şükrünü vermiş olarlar, həm də Allahdan mükafatlarını almış. Necə ki, Peyğəmbərimiz (Allahn ona salavat və salamı olsun) buyurub:

“Allah Təala deyib: “Adəm oğlunun bütün əməlləri onun özünədir, yalnız oruc Mənimdir, onun savabını Özüm verəcəyəm”.

İkinci qisim insanlar isə Ramazanı yaşamaq baxımından bu ayı səbirsizliklə gözləyən, günahlardan təmizlənmək üçün bu ayı bir fürsət hesab edən və bu fürsətdən bacardığı qədər yararlanmaq istəyənlərdir. O kəslər ki, bu ayda tutulan orucu islamın rukunlarından bilir, bunu özünə vacib edir, həmçinin nəinki fiziki istəklərinə qarşı, həmçinin mənəvi istəklərinə qarşı özlərini tərbiyələndirmək üçün bu ayı sanki bir səbəb hesab edirlər. Yəni bu ayı qarşılayan hər bir müsəlman istər — istəməz öncədən qəlbini, nəfsini tərbiyələnməyə hazırlayır. Bacardığı qədər günahlardan daha da uzaqlaşmağa, savablarını daha da artırmağa çalışırlar.

Ramazanın gəlişini dərk edib, onu başqa aylardan seçən insanları da bu ayı layiqli yaşamaq baxımından 3 qismə ayırmaq olar:

Birinci kəslər onlardır ki, bu ayda oruc tutmağın vacib olduğunu anlayıb oruc tutar, amma buna baxmayaraq onun bu ayı yaşaması digərlərindən yalnız ac qalmasına görə fərqlənər, yəni günahları tərk etməz və necə deyərlər özünü tərbiyələndirməyə cəhd belə etməz. Halbuki Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir:

“ Kim yalan danışmaqdan və ya yalan əməl etməkdən əl çəkməzsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur”. Buxari.

İkinci qism kəslər  isə Ramazan ayında oruc tutar, nəfsini hər an hesaba çəkməklə özünü düzəldər, hər bir əzasını günahlardan qoruyarlar. Çünki onlar həqiqətən də Allahın ayələri oxunduqda qəlbləri titrəyən və qoxuya düşən kəslərdir. Uca Allah buyurur:

“ Möminlər o kimsələrdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər”. (Ənfal,2)

Üçüncü qism kəslər isə Ramazan ayında oruc tutmaq və günahlardan çəkinməklə kifayətlənməyib xeyir işlərdə bir-birini ötməyə çalışanlardır. Bunlara ən bariz nümunə səhabələrin həyatından olan misallardır.

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) üzünü səhabələrə tutub soruşdu: «Hansı biriniz bu gün oruc tutub?» Əbu Bəkr (Allah ondan razı olsun): «Mən» – deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yenə soruşdu: «Hansı biriniz bu gün  cənazəni təqib edib?» Əbu Bəkr (Allah ondan razı olsun): «Mən» – deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yenə soruşdu: «Hansı biriniz bu gün kasıbı yedizdirib?» Əbu Bəkr (Allah ondan razı olsun): «Mən» – deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yenə soruşdu: «Hansı biriniz bu gün xəstəni ziyarət edib?» Əbu Bəkr (Allah ondan razı olsun): «Mən» – deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar».

 

Müəllif: FeqihCom